Vətəndaş cəmiyyətləri gənclərin döyüş ruhunu artırır
Bu gün qloballaşan dünyada hər bir ölkənin milli-mənəvi dəyərlərinin qorunaraq gələcək nəsillərə çatdırılması, nəticə etibarilə gənclərin vətənpərvərlik hissinin artırılması olduqca əhəmiyyət kəsb edir. Bu baxımdan gənclər arasında vətənpərvərliyin təbliği zərurəti yaranır ki, burada Qeyri-Hökumət Təşkilatlarının üzərinə böyük məsuliyyət düşür. Sirr deyil ki, ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının böyük əksəriyyəti gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində məqsədyönlü işlər görürlər.
11 Avqust 2016 13:21 SosialHəyata keçirilən təbliğat işləri öz bəhrəsini verir
Bu gün qloballaşan dünyada hər bir ölkənin milli-mənəvi dəyərlərinin qorunaraq gələcək nəsillərə çatdırılması, nəticə etibarilə gənclərin vətənpərvərlik hissinin artırılması olduqca əhəmiyyət kəsb edir. Bu baxımdan gənclər arasında vətənpərvərliyin təbliği zərurəti yaranır ki, burada Qeyri-Hökumət Təşkilatlarının üzərinə böyük məsuliyyət düşür. Sirr deyil ki, ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının böyük əksəriyyəti gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində məqsədyönlü işlər görürlər. Gənclər və qeyri-hökumət təşkilatlatının həyata keçirdiyi layihələrin mütləq əksəriyəti məhz gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə yönəlir. Onu da qeyd etmək yerinə düşər ki, gənclər təşkilatlarının və QHT-lərin bu istiqamətdə səmərəli fəaliyyət göstərməsi üçün onlara stimul da verilir. Həm Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Gənclər və İdman Nazirliyi, həm də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu müntəzəm olaraq gənclər təşkilatlarının bu tipli layihələrini maliyyələşdirir, onlara qeyd edilən istiqamətlərdə tədbirlər həyata keçirmək üçün müəyyən miqdarda maliyə vəsaiti ayırır. Gənclər təşkilatları və QHT-lərin də keçirdiyi tədbirlər, reallaşdırdığı layihələr öz növbəsində gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına öz müsbət təsirini göstərir. Artıq birmənalı şəkildə qeyd etmək olar ki,Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının əksəriyyəti gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına xüsusi önəm verir. Ayrı-ayrı təşkilatların bu istiqamətdə həyata keçirdiyi layihələr, tədbirlər isə gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında müsbət təsir göstərir. Faktdır ki, gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvərlik hisslərinin artırılması məqsədilə ölkədə məqsədyönlü tədbirlər görülür, müəyyən addımlar atılır. Təbii ki, bu kimi müsbət hallar gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasına öz təsirini göstərir. Ayri-ayrı vətəndaş cəmiyyətləri tərəfindən belə tədbirlər mütəmadi olaraq təşkil edilir. Belə ki, "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Vətənpərvərlik duyğuları və milli ruhun gücləndirilməsinə dəstək" layihəsi çərçivəsində Qəbələ rayonunun Nic qəsəbəsindəki 2 nömrəli orta məktəbdə udin gənclərlə "Azərbaycanın müdafiəsinə hazırıq!" mövzuda maarifləndirici mühazirə təşkil edib. Birliyin sədri, yazıçı-publisist Hacı Nərimanoğlu tədbiri giriş nitqi ilə açaraq deyib ki, Azərbaycanda milli, etnik azlıqların ölkəmizin bərabərhüquqlu vətəndaşları olduğunu, dini etiqad azadlığının qorunub saxlandığını konkret faktlarla diqqətə çatdırıb. Bunu ən bariz nümunəsinin ən qədim dövrlərdən başlayaraq ölkəmizdə yaşamış xristian udinlərin timsalında aydın göründüyünü deyib. Mühazirəçi Nic qəsəbəsinin, buradakı Alban kilsəsinin və udi xalqının tarixi ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, Qəbələ-Oğuz avtomobil yolunun kənarında Alazan-Həftəran vadisində ən iri yaşayış məskəni olan Nic ərazisinə görə Qəbələdə birincidir. Altı mindən çox əhalisi olan qəsəbədə 4 min nəfərə yaxın udin yaşayır. Dünyada yaşayan udilərin sayı isə 10 minə yaxındır. Qəsəbədə udinlər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar. Dünyanın etnik xəritəsində udi adlı etnos bu gün yalnız Azərbaycan ərazisində mövcuddur. Alban-udin kilsəsi Qafqaz Albaniyasında xristianlığın ilk təbliğatçılarından (I-II əsrlər) olub. Kilsə İsa peyğəmbərin həvarilərindən (apostol) olmuş müqəddəs Yeliseyin şərəfinə tikilib. Qəsəbədə daha iki qədim Alban kilsəsi var.2005-ci ildən Nic kəndinə şəhər tipli qəsəbə statusu verilib. Nicdə ilk udin məktəbi 1854-cü ildə açılıb, müəllimlər içərisində yerli sakinlərdən -udinlər də var idi. İndi Nic qəsəbəsindəki "Cotari" Alban kilsəsində dini icma, Udin Mədəniyyət mərkəzi fəaliyyət göstərir. H. Nərimanoğlu udinlərə dini ayinlərin icrası üçün yaradılan şəraitdən, dövlətin diqqət və qayğısından danışıb. Heydər Əliyev Fondunun layihəsi əsasında müasir tələblərə cavab verən məktəb tikilib, dövlət başçımızın iştirakı ilə açılışı olub. İbtidai sinif şagirdləri üçün udin dili də tədris olunur. Qəsəbədə çox sayda qədim tarixi abidələr qorunub saxlanır. Mühazirəçi 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edildiyini söyləyib, qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət-din münasibətləri demokratik prinsiplərə və beynəlxalq hüquq normalarına uyğun tənzimlənir, hər kəsin dini etiqad azadlığını təmin olunur. Udinlər ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda digər vətəndaşlarımızla çiyin-çiyinə vuruşublar, elmin, istehsalatın müxtəlif sahələrində vicdanla çalışırlar. Aprel döyüşlərinin xalqımızın mənəvi ruhunu yüksəltdiyini deyən mühazirəçi udin gənclərin də Milli Ordu sıralarında xidmət edirlər.Tədbirdə çıxış edən Nic qəsəbə 2 nömrəli orta məktəbin direktoru Asya Qukasova, Qəbələ Rayon İcra Hakimiyyətinin Nic qəsəbəsi üzrə nümayəndəsi İbrahim Məmmədov, Azərbaycan dili və ədəbiyyatı müəllimi Şahid İslamov çıxış edərək deyiblər ki, udilərözlərini ölkəmizin tam hüquqlu sakinləri sayırlar, dövlətimizin milli, dini-tolerantlıq, multikultural sahədə siyasətini ürəkdən bəyənirlər. Həmçinin "Regional Gender Mərkəzi" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Təmas xəttinə yaxın ərazilərdə əhaliyə maddi və mənəvi yardımların göstərilməsi" adlı layihənin icrasına uğurla davam etdirir. Layihə çərçivəsində İctimai Birliyin Ağdam ofisində görüş keçirilib. Tədbirdə Birliyin sədri Şərqiyyə Dadaşova təşkilatın fəaliyyəti və bəhsigedən layihə haqqında ətraflı məlumat verib: "Birliyimizin icra etdiyi "Təmas xəttinə yaxın ərazilərdə əhaliyə maddi və mənəvi yardımların göstərilməsi" adlı layihə son zamanlar atəşkəsin ermənilər tərəfindən pozulduğu yerlərdə əhaliyə maddi, mənəvi, psixoloji və digər bu kimi yardımların göstərilməsindən bəhs edir. Bu ərazilərdə yaşayan əhaliyə yardımların göstərilməsi ən vacib məsələlərdən biridir. Ümidvarıq ki, dövlətin və vətəndaş cəmiyyətinin dəstəyi təmas xəttində yaşayan əhalinin böyük qələbəyə inamını artıracaq, insanlarda vətəpərvərlik ruhunu daha da yüksəldəcək". Tədbirdə müzakirələr keçirilib, mövzu ətrafında tövsiyələr verilib. Daha sonra iştirakçıların fikir və təklifləri dinlənilib, sualları cavablandırılıb. Sözügedən layihə 4 ay müddətində Ağdam və Tərtər rayonlarında həyata keçiriləcək. Bundan başqa, "Məşəl" Əlil və Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Qarabağ müharibəsi veteranlarına sosial yardımların göstərilməsi" layihəsini icra edir. Layihə çərçivəsində Xocavənd rayonunda Qarabağ müharibəsi iştirakçılarına ilkin veteran statusunun alınmasında, sənədlərin hazırlanmasında aidiyyatı orqanlara müraciətlərin olunması istiqamətində sosial xidmətlərin göstərilməsi həyata keçiriləcək. Bu layihənin həyata keçirilməsində əsas məqsəd Qarabağ müharibəsi iştirakçılarına sosial xidmət və veteran statusunun alınmasında ilkin sənədləşdirilmələrdə yardımların göstərilməsidir.
Məhz vətəndaş cəmiyyətlərinin gənclər arasında apardığı bu kimi təbliğat işlərinin nəticəsidir ki, Azərbaycan əsgəri aprel döyüşlərində öz sözünü dedi. Aprel döyüşləri bir daha göstərdi ki, əsgər və zabitlərimiz arasında döyüş ruhu yüksək səviyyədədir, ümumilikdə silahlı qüvvələrimizin hərbi-psixoloji durumu normal vəziyyətdədir. Əsgər və zabitlərimizin göstərdikləri qəhrəmanlıq nümunələri bir daha təsdiqlədi ki, Azərbaycan gənci sinəsini Vətən üçün sipər edib. Düşmənə sarsıdıcı zərbə endirən Azərbaycan əsgəri dünyaya bəyan etdi ki, Vətən etibarlı əllərdədir, gənclərimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmağa hər an hazırdır. Fəxr ediləsi bir məqamdır ki, gənc Azərbaycan əsgəri torpaqlarımızı, vətəndaşlarımızı qorumağa qadirdir.
Alim
Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ABUC-un həyata keçirdiyi "Vətənpərvərlik hissinin yüksəldilməsində QHT-lərin rolunun artırılması" layihəsi çərçivəsində çap olunur