Dini radikalizm təhlükəsi
Azərbaycanda dini radikalizmin məvcud olması ətrafında müxtəlif müzakirələr aparılır. Məsələ orasındadır ki, radikal dini qruplar gəncləri qeyri-ənənvi dini cərəyanlara sürükləyərək ölkədə qarşıdurma yaratmağa cəhd göstərirlər. Vəziyyət o həddə çatıb ki, dini radikalizm təmsilçiləri gənc oğlan və qızlarımızı Suriyaya aparmağa müvəffəq olublar. Hazırda xeyli sayda gəncimiz İŞİD-ə qoşularaq “cihad” edirlər. Bəs belə halların qarşısını necə almaq olar?
28 İyul 2016 16:26 SosialBu, Azərbaycanın dünyəvi dövlət modelinə ciddi təhlükə yarada bilər
Azərbaycanda dini radikalizmin məvcud olması ətrafında müxtəlif müzakirələr aparılır. Məsələ orasındadır ki, radikal dini qruplar gəncləri qeyri-ənənvi dini cərəyanlara sürükləyərək ölkədə qarşıdurma yaratmağa cəhd göstərirlər. Vəziyyət o həddə çatıb ki, dini radikalizm təmsilçiləri gənc oğlan və qızlarımızı Suriyaya aparmağa müvəffəq olublar. Hazırda xeyli sayda gəncimiz İŞİD-ə qoşularaq "cihad" edirlər. Bəs belə halların qarşısını necə almaq olar?
Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev deyir ki, Azərbaycanda dini radikalizmin olmadığını deyənlər səhv edirlər: "Bizdə "Ceyşullah", "Meşə qardaşları", İranın, Səudiyyənin təsirindəki qruplar olub. Ölkədə dini radikalizm deyilən şey var. Hökumət ağıllı addım ataraq Heydər məscidində qayda qoydu ki, bayram namazını bütün dinlərin nümayəndələri biryerdə qılsın. Amma müxtəlif təriqətləri təmsil edənlər digər təriqətlərdən olanlarla eyni yerdə namaz qılmağa tərəddüd edirlər. Azərbaycanın yerləşdiyi region belədir ki, biz nə qədər istəməsək də, dini radikalizm olacaq." Gənc Demokratlar İnstitutunun direktoru Yeganə Hacıyeva qeyd edib ki, Azərbaycan hökuməti islam fundamentalizminin cəmiyyətə sirayət etməsi mərhələsində gecikib: "20 il əvvəl xaricdən çox sayda missioner qruplar ölkəyə gəldi. Onlar humanitar missiya ilə gəldiklərini elan etsələr də, əslində qaçqın və məcburi köçkünlərin ağır psixoloji və sosial durumundan istifadə edərək öz ideyalarını yaymağa başladılar. Nəyə görə Azərbaycanda dindən danışılanda söhbət həmişə gəlib qadınların başörtüsünə çıxır?!" Y.Hacıyeva Suriyada vuruşanlar arasında 300-dən çox 18 yaşdan 35 yaşa qədər azərbaycanlı gəncin olduğunu xatırladıb: "Bu hələ bəlli olan rəqəmdir. Bəs bəlli olmayan rəqəm nə qədərdir, onların simpatizanları nə qədərdir? Onları ciddiyə almaq lazımdır". BDU-nun tələbəsi Leyla Sərxan başını dinin atributu olduğuna görə deyil, məktəbin təzyiqlərinə adekvat reaksiya olaraq örtdüyünü vurğulayıb: "Mənim anam başıörtülüdür. Mən onu görüb həvəsə gəlib başımı örtmüşəm. Məktəbə belə gedəndə hamı mənə Marsdan gəlmiş adam kimi baxırdı və mən bu baxışlardan narahat olurdum. Sonra isə mən acığa, inadına başımı örtdüm ki, onlardan fərqlənmək istəyirəm. Əlaçı olmuşam, onlardan daha çox müvəffəqiyyət qazanmışam, hüquqlarımı yaxşı bilirəm. 7-ci sinifdə məni baş örtüyü ilə məktəbə buraxmadılar. Prinsipə atamla getdim məktəbə. Dedim ki, mən nəyə görə öz əqidəmdən dönməliyəm, yaxud da kiminsə qadağasına görə öz təhsilimdən qalmalıyam?!" "Status" Sosial Araşdırmalar Mərkəzinin sədri Nail Cəlil deyib ki, hər şeyin ifrat həddə olması pisdir və bu dinə də aiddir. "Biz dini düşüncə ilə dini davranışı qarışdırmamalıyıq. Din dünyəviliyə qarşı deyil, dünyəvilik də dinə qarşı deyil. Eyni zamanda dini elmə qarşı qoymaq da dini təhrif etməkdir. Dini davranış bütün dövrlərdə ictimai davranışla üst-üstə düşüb. Bunları bir-birindən ayırmaq mümkün deyil. Dini ehkam prinsipləri müzakirə oluna bilməz. Kamil insan dində də, ictimai münasibətlərdə də kamillik nümayiş etdirəcək. Kamil olmayan insanlarsa dindar, yaxud dindən kənar olub-olmamasına baxmayaraq, neqativ meyllər nümayiş etdirəcək". Pedaqoq Xəyalə Məmmədova deyib ki, Azərbaycan dini radikalizmdən sığortalanmayıb: "Fanatiklər yeniyetmə və gəncləri müxtəlif üsullarla ələ alır, öz təsiri altında saxlayırlar. Onlar pulu olmayana pul, işi olmayana iş təklif edirlər, insanların sosial və mənəvi ehtiyaclarından sui-istifadə edərək onları öz təriqətlərinin təsiri altına salırlar. Bu, yaxın gələcəkdə Azərbaycanda böyük fəsadlar törədə bilər". Sonda qeyd edək ki, Azərbaycanda sekulyar dövlətçiliyə təhlükə böyük olmasa da, dini radikalizm təhlükəsi var. Dövlət nəzarəti kifayət etmədiyindən, maarifləndirmə işləri savadlı bir şəkildə aparılmadığından, xaricdən idxal olunmuş radikal dini cərəyanlara qoşulan insanların sayı getdikcə artır. Bu isə yaxın gələcəkdə Azərbaycanda dünyəvi dövlət modelinə ciddi təhlükə yarada bilər.
Alim