Yoxsulluğun aradan qaldırılmasının alternativ yolları

Azərbaycanda yoxsulluğun aradan qaldırılması məqsədilə özünüməşğulluq layihələrinin icrzsı tətbiq edilir. Uzun müddətdən bəri tətbiq edilən ünvanlı sosial yardım iahiyəsinə artıq yeni proqram da əlavə olunmaqdadır.

Aztəminatlı ailələrə daha geniş imkanlar yaradılır

Azərbaycanda yoxsulluğun aradan qaldırılması məqsədilə özünüməşğulluq layihələrinin icrzsı tətbiq edilir. Uzun müddətdən bəri tətbiq edilən ünvanlı sosial yardım iahiyəsinə artıq yeni proqram da əlavə olunmaqdadır. Yeni mexanizm ünvanlı yardım alan aztəminatlı ailələrin potensial imkanlara malik olan hissəsinin şəxsi təsərrüfatlarını yaradaraq inkişaf etdirmələri və gəlirlərini artırmalarına, beləliklə, dövlətin sosial yardımından asılılığının aradan qaldırılmasına şərait yaradılması üçün birdəfəlik ünvanlı sosial yardım - "Özünədəstək" proqramından ibarətdir. Sözügedən proqramın icra vəziyyətinə aydınlıq gətirən əmə və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, hazırda qarşıda duran əsas vəzifələrdən biri Azərbaycan Prezidenti İlham Əliyevin "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" 7 aprel 2016-cı il tarixli Sərəncamının icrasını, aztəminatlı ailələrin əmək qabiliyyətli üzvlərinin aktiv əmək bazarı tədbirlərinə cəlb olunmasını, onların özünüməşğulluğunu yüksək səviyyədə təşkil etməkdir: "Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının qeyd etdiyi kimi, insanlara daha çox imkanlar yaradılmalıdır ki, onlar özləri öz məşğulluğunu təmin etsinlər". Nazir diqqətə çatdırıb ki, Sərəncamın icrası ilə əlaqədar elə ilk vaxtlardan məqsədyönlü işlər aparılıb, müvafiq normativ-hüquqi aktların layihəsinin hazırlanması və digər zəruri tədbirlərin həyata keçirilməsi üçün İşçi qrup yaradılıb, özünüməşğulluq layihələrinin həyata keçirilməsinə dair Konsepsiya hazırlanıb. Həmçinin "İşaxtaran vətəndaşların özünüməşğulluq fəaliyyətinin təşkili Qaydaları"nın layihəsi hazırlanaraq nazirliyin Kollegiyasının müvafiq qərarı ilə təsdiq edilib. Həmin Qaydalar proqrama cəlb olunacaq ailələrin seçilməsi, onların öz təsərüfatlarını qurmalarının təşkili, bu sahədə onların maddi dəstəklə yanaşı, təsərrüfatçılıqla bağlı müəyyən bilik və bacarıqlara yiyələnmələrinin təmini və s. üçün bütün prosedurları dolğun şəkildə əhatə edir və tənzimləyir. Qeyd edək ki, özünüməşğulluq layihələrinə cəlb olunacaq vətəndaşlara biznesin təşkili ilə bağlı təlimlərin keçirilməsi və onlara biznes fəaliyyətinin inkişaf etdirilməsi ilə bağlı məsləhətlərin verilməsi üçün hər bir rayon və şəhər üzrə təlimçilər hazırlanıb. Nazir əlavə edib ki, artıq yaxın vaxtlarda bu istiqamətdə praktik işlərə başlanacaq. Proqram çərçivəsində aztəminatlı ailələrdən olan 1400 ailənin kiçik ailə təsərrüfatları yaradılacaq: "Əsas vəzifə proqrama cəlb olunacaq ailələrin bu proqramda iştirak etmək üçün potensiallarının düzgün qiymətləndirilməsi, yaradılacaq ailə təsərrüfatlarının inkişafına nail olunmasıdır. Çünki məqsəd təkcə o ailələrin yoxsulluq vəziyyətindən çıxarılması deyil, onların gələcəkdə biznes fəaliyyətlərini getdikcə genişləndirmələridir".

"Özünədəstək" proqramının mahiyyəti

Məlumat üçün qeyd edək ki, ölkədə "Özünədəstək" proqramının icrasına 2011-ci ildən start verilib. Sınaq işləri çərçivəsində ilkin olaraq 13 rayon üzrə 271 ailənin cəlb olunduğu bu proqramın qanunvericilikdə təsbit olunması üçün nazirlik tərəfindən hazırlanan "Ünvanlı dövlət sosial yardımı haqqında" qanunda dəyişikliklər edilməsi barədə" qanun layihəsinə müvafiq maddə əlavə olunub. Sənəddə aztəminatlı ailələrin potensial imkanları müqabilində şəxsi təsərrüfatlarını yaradaraq inkişaf etdirməsi və gəlirlərini artırması, dövlətin sosial yardımından asılılığının aradan qaldırılmasına şərait yaradılması üçün onlara aktiv formada dəstək verilməsi məqsədilə birdəfəlik ünvanlı sosial yardım -"Özünədəstək" proqramının icrası nəzərdə tutulur. Bununla bağlı layihə sənədində birdəfəlik ünvanlı sosial yardım almaq hüququna malik ailələrin sayı, həmin yardımın təyin olunması və verilməsinin hüquqi əsasları müəyyən edilib. Qanun layihəsində ailə tərkibi və əmlak vəziyyətində ünvanlı yardım almaq hüququna təsir edəcək dəyişikliklər gözlənilməyən ailələrə bu yardımların təyinat müddətinin iki, yaxud daha uzun müddətə uzadılması əksini tapıb. Bu dəyişiklik həmin vətəndaşların təkrarən ünvanlı yardım üçün hər il yenidən sənədlər toplamadan uzunmüddətli yardımla təmin edilmələrinə, eyni zamanda məmur-vətəndaş münasibətlərinin daha da azalmasına, şəffaflığın artırılmasına şərait yaradılması məqsədinə xidmət edir. Qeyd edək ki, "Özünədəstək" proqramı kənd yerlərində maldarlıq və əkinçilik, şəhər və qəsəbələrdə isə əmtəə və xidmətlər istehsalı sahəsində aztəminatlı ailələrin səmərəli məşğulluğuna aktiv formada dəstək verilməsi məqsədilə ünvanlı yardım almaq hüququna malik ailələrə həmin yardımın orta aylıq məbləğinin 12 misli məbləğində birdəfəlik pul yardımı ödənilməsini nəzərdə tutur. Daha dəqiq, ünvanlı yardım alan ailənin əmək qabiliyyətli üzvünün, o cümlədən, mal-qara saxlamaq üçün tövləsinin, yaxud əkib-becərmək üçün torpaq sahəsinin, qəsəbə və şəhər yerlərində kiçik əmtəə və xidmətlər istehsalı üçün müəyyən potensialının, həmçinin seçilmiş fəaliyyət növündə səriştəsinin olması və s. onun qeyd olunan proqramına cəlb edilməsi üçün potensiala malik olması hesab olunur. Aparılan araşdırmalar nəticəsində hazırda ünvanlı yardım alan ailələrin belə potensiala malik xeyli sayda ailənin "Özünədəstək" proqramına cəlb edilməsi gözlənilir. Bu yeni aktiv dəstək mexanizmi ünvanlı yardım proqramı ilə paralel fəaliyyət göstərəcək. Lakin hər ailə onlardan yalnız birindən yararlana bilər. Başqa sözlə, proqrama cəlb edilmə, yaxud ünvanlı yardımı almaqda davam etmək ailənin öz seçimindən asılıdır. Onu da qeyd edək ki, aztəminatlı vətəndaşlar tərəfindən maraqla qarşılanan "Özünədəstək" proqramı mütərəqqi dünya təcrübəsi əsasında hazırlanıb və hazırda bir sıra ölkələrdə (Braziliya, Meksika, Rusiya, ABŞ və s.) də bu proqram tətbiq olunur.

Sosial müdafiə tədbiri tədqir edilir

Nazirlikdə hesab olunur ki, ölkəmizdə yoxsulluğun tam aradan qaldırılmasının prezident İlham Əliyevin uğurlu siyasətinin əsas hədəflərindən biridir. Həyata keçirilən mühüm dövlət proqramlarının müsbət nəticəsi kimi ölkədə yoxsulluq səviyyəsi son on ildə kəskin şəkildə azalıb. İcra olunan sosial reabilitasiya proqramları da nəticə etibarilə yoxsulluğun aradan qaldırılmasına xidmət edən bir tədbirdir. Ona görə də özlərindən asılı olmayaraq yoxsulluq şəraitində yaşayan, lakin sosial reabilitasiya olunmaq üçün müvafiq potensialı olan hər bir ailənin "Özünədəstək" proqramına cəlb olunması nəzərdə tutulur. Aztəminatlı ailələri təmsil edən şəxslər də bu kimi aktiv sosial müdafiə tədbirlərinin işə salınmasını möhtərəm ölkə rəhbərinin aztəminatlı ailələrə diqqət və qayğısının daha bir real nümunəsi kimi dəyərləndirib. Onlar bu proqramın səmərəli və məqsədyönlü olduğuna əmin olduqlarını bildirirlər.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00