Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi dünya su sənayesinin ən önəmli layihələrindən biri seçilib
26 Aprel 2016 13:37 SosialCeyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi dünyada ilin 4 böyük və önəmli su layihəsindən biri seçilib. "Azərsu" ASC-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabi şəhərində keçirilmiş Qlobal Su Sammitində Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi dünya su sənayesinə verilən dəyərli töhfə kimi qiymətləndirilib.
Qeyd edək ki, Abu Dabi şəhərində təşkil olunmuş sammitə dünyanın müxtəlif ölkələrindən dövlət və özəl qurumlarının rəsmiləri ilə yanaşı, Su Təsərrüfatı Liderləri Qrupunun üzvü qismində Azərbaycan da dəvət alıb. Beynəlxalq tədbirdə ölkəmizi "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin rəsmilərindən ibarət nümayəndə heyəti təmsil edib. Budəfəki sammitin əsas özəlliyi dünyada ilin ən önəmli 4 iri su layihəsinin müəyyənləşdirilməsi olmuşdur. Qlobal Su Təsərrüfatı Liderləri qrupunun 2500 üzvünün iştirakı ilə keçirilən səsvermədə ABŞ, İordaniya və Konqoda tətbiq olunan yeni sutəmizləmə üsulları ilə yanaşı, Azərbaycana məxsus Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi 2016-cı ildə dünya su sənayesinin ən önəmli layihələri seçilib. Azərbaycan nümayəndə heyətinin rəhbəri, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini Teyyub Cabbarov Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksinin fəaliyyəti və layihə ilə bağlı görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.