Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Novruz bayramı münasibəti ilə tədbir keçirilib
18 Mart 2016 17:04 SosialAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Novruz bayramı münasibəti ilə tədbir keçirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tarixin qədim çağlarından xalqımızın həyatında mühüm yer tutan Novruz bayramının təbiətə bağlılığı, gələcəyə inamı, birlik və mehribanlığı, milli ruhu və ümumbəşəri dəyərləri təcəssüm etdirən gözəl bir bayram olduğunu vurğulayıb.
Nazir bildirib ki, Novruzun milli özünüdərkin inkişafında və cəmiyyətdə sağlam mənəvi mühitin formalaşmasında rolunu yüksək dəyərləndirən Ümummilli liderimiz Heydər Əliyev həmişə bu əziz bayramın ölkəmizdə layiqli səviyyədə keçirilməsinə xüsusi diqqət və qayğı göstərib: "Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, Novruzun rəsmi bayram statusu alması və ölkəmizdə ümumxalq bayramı səviyyəsində geniş qeyd olunması müstəqilliyimizin nailiyyətlərindəndir. Möhtərəm dövlət başçımızın və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNECKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın apardığı məqsədyönlü işlər nəticəsində milli-mənəvi dəyərlərimizin qorunması, inkişafı və dünyada geniş təbliği yönündə mühüm addımlar atılır. Novruz bayramı artıq YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. BMT tərəfindən isə mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan olunub".
S.Müslümov nazirliyin bütün kollektivini Novruz bayramı münasibətilə təbrik edərək, onlara xoş arzularını ifadə edib.