Erməni diaspora qurumlarının ölkəmizə qarşı kampaniyalarının qarşısını almaq üçün...
Rəşad Quliyev: “Vahid güc mərkəzinə çevrilməsinə ehtiyac var”
18 Mart 2016 16:48 SosialAzərbaycan diasporunun təşkilatlanması, haqq səsimizin dünyaya daha sıx şəkildə çatdırılması məqsədilə yeni bir qurum yaradılıb. Dünya Azərbaycanlıları Assambleyası (DAA) adlı qurum dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları və həmin ölkələrin cəmiyyətlərində xüsusi fəallığı ilə seçilən soydaşlarımızla məsləhətləşmələr əsasında reallaşıb. DAA-nən üzvü, qurumun mətbuat xidmətinin rəhbəri Rəşad Quliyevlə söhbətimizdə assambleyanın yaranma zərurəti, qarşısına qoyduğu məqsədlər barədə söhbətləşdik. Bildirib ki, indiki vaxtda belə bir assambleyanın yaradılması vacib olduğu üçün bu istiqamətdə addım atılıb: " Müstəqil Azərbaycanımız istiqlaliyyətini əldə etdikdən sonra ölkəmiz işğala məruz qaldı. Ermənistan Respublikasının işğal faktını və müstəqil Azərbaycanımızı təbliğ etmək məqsədi ilə dünyanın müxtəlif ölkələrinə səpələnmiş azsaylı soydaşlarımız müxtəlif adlar altında təşkilatlar yaradaraq diaspora fəaliyyətinə doğru ilk addımlarını atdılar. 2001 -ci ildə mərhum dövlət başçısı Heydər Əliyevin imzaladığı sərəncamla Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Komitənin yaradılması əlbəttə ki, bu prosesə öz tövhəsini verdi. Bundan ruhlanan xaricdə yaşayan toplumumuz daha da fəallaşdı. Xaricdə onlarla hətta yüzlərlə yerli təşkilatlar yaradıldı. Artıq diaspora hərəkatı yeni mərhələyə qədəm qoymuşdu. Avropa Azərbaycanlıları, Rusiya Azərbaycanlıları , Ukrayna Azərbaycanlıları Konqreslərinin, Amerika Azərbaycanlıları Şəbəkəsininin yaradılması, müxtəlif qurumların öz qitəsində, yaxud yerli ölkələrindəki yaradılışı və fəaliyyəti müsbət addım kimi qiymətləndirilə bilər. Bundan başqa Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə həyata keçirdiyi kampaniya, tədbir, konfrans və Azərbaycanı tanıtım gecələri, Avropa Azərbaycan Cəmiyyətinin, Azərbaycan Amerika Alyansının ölkəmizin milli maraqlarının müdafiəsi istiqamətində atdığı addımları yüksək qiymətləndiririk". Rəşad Quliyev deyib ki, artıq dünyada proseslər fərqli istiqamətdə cərayan edir və diasporamız yeni tarixə qədəm qoyub: "Bizlər, məhz dünyanın reallıqlarını, diasporamızın bugünkü durumunu nəzərə alaraq yeni bir təşəbbüslə çıxış etməyə qərar verdik. Bu təşəbbüsün nə qədər ciddi , məsuliyyətli və ağır olduğunu fərqindəyik. Buna görə də təşəbbüsümüzü elan edib sizlərə bildirmək qərarına gəldik. Beləliklə dünyanın müxtəlif qitə, materik və ölkələrində məşkunlaşan soydaşlarımızla, bir müddətdir ki, apardığımız müzakirələr və danışıqlardan sonra Dünya Azərbaycanlıları Assambleyasını (DAA) təsis etməyə qərar verdik. Çox şadıq ki, təşəbbüsümüzə bir çox ölkələrdən və təşkilatlardan dəstəklər gəldi". Rəşad Quliyev Assambleyanın məqsədi və yaranmasına zərurətindən də danışıb. Bildirib ki, məqsəd dünya çapında müstəqil Azərbaycanımızı təbliğ etmək, azərbaycançılıq ideologiyasına xidmət etməklə məskunlaşdığı ölkələrdə fəal olan insanlarımızı təşkilatlandırmaq, müxtəlif ölkələrdə yaradılmış təşkilatlarımızın fəaliyyətinə , ölkəmizin müxtəlif ölkələrlə qarşılıqlı əlaqələrinə dəstək vermək, milli məsələlərimizi beynəlxalq aləmin gündəminə gətirmək, ölkəmizdə mövcud olan hər cür milli , dini, mədəni tolerantlığı, multukulturalist mühiti təbliğ etməkdir: "Bir sözlə ölkəmizin müsbət imicini formalaşdırmaqla yanaşı müxtəlif xalqlarla inam və etibarlı mühit çərçivəsində qarşılıqlı əməkdaşlıq edərək bəşəri dəyərləri müdafiə etməkdir. Əsrlərdir dünyanın bir çox ölkələrində məskunlaşmış işğalçı erməni diasporasının diqqəti işğal faktından yayındırmaq üçün ölkəmizə qarşı saxta təbliğatına "DUR" deməkdir. Assambleya ölkəmiz daxilində yaxud dünyanın heç bir ölkəsində siyasi proseslərə qarışmayacağını bəyan edir. Təşkilat beynəlxalq hüququn imkanları çərçivəsində fəaliyyətini təşkil edəcək. Bir az öncə qeyd etdiyim kimi, daha qədim tarixə malik və daha aktiv erməni diaspora qurumlarının ölkəmizə qarşı kampaniyalarının qarşısını almaq üçün vahid güc mərkəzinə çevrilməsinə ehtiyac var idi. Dünya səviyyəsində ölkəmizi təmsil edəcək təşkilatın yaradılmasına zərurət çoxdan yaranmışdı. Əsas hədəfi eynilik təşkil edən Dünya Azərbaycanlıları Konqresi illərdir ad uğrunda mübarizədə fəaliyyətsiz durumdadır. Təəssüf ki, DAK adına iddia edən hər iki tərəfin fəaliyyətini özfəaliyyət və qurultaydan qurultaya adlar uğrunda məntiqsiz mübarəzə təşkil edir. Buna görə Avropa, Amerika, Kanada, Avstraliya , Rusiya, Türkiyə və s. coğrafi məkanlarda yaşayan həmvətənlilərimizlə uzun sürən müzakirədən sonra bu təşkilatı təsis etmək qərarına gəldik. Bundan əlavə digər zərurət lobbiçilik və siyasi diaspora sahələrində fəaliyyətlərin daha effektiv olması üçün yeni yanaşmaların tətbiqinə ehtiyac var. Xarici ölkələrdə yaşayan azərbaycanlıların problem və qayğılarını, onların birliyi və təşkilatlanması sahəsindəki mövcud vəziyyəti təhlil etdikdə görünən odurki ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, xüsusilə diaspor quruculuğu işinin təkmilləşdirilməsi sahəsində qarşıda hələ görülməsi vacib olan cox məsələlər var". Təşkilat üzvü deyib ki, yeni yaradılacaq assambleya mövcud və perspektivdə olacaq problemlərin həllində yeni yanaşma tərzini ortaya qoyacaq : "Birincisi, assambleya problemlərə məhz institusional yanaşma tərzi tətbiq edəcək, yəni müxtəlif ölkələrdə, beləliklə beynəlxalq səviyyələrdə Azərbaycanın dövlət və qeyri dövlət sektoru ilə xarici dövlətlərin eyni adlı qurumları arasında əməkdaşlığına töhvə verərək beynəlxalq aktor kimi bu prosesin iştirakçısı rolunu oynayacaq. Bundan başqa movcud diaspora təşkilatları ilə davamlı əməkdaşlıq edərək fəaliyyətlər qarşılıqlı koordinasiya ediləcək. Yəni diaspora fəaliyyəti , lobbiçilik dar çərçivədə sadəcə xaricdə yaşayan həmvətənlərə yönəlik fəaliyyətlərdə anlaşılmamalı, bu iş daha geniş miqyasda və xüsusi ilə regional, transmilli və beynəlxalq arenalarda instisional fəaliyyətlərdə daha açıq şəkildə, regional inteqrasiya proseslərində aktiv rol oynanılmasına ehtiyac duyulur. Beləliklə, Asiya, Amerika və Avropa qitələrini əhatə edən 30 yaxın ölkələrdə bir sıra lobbi və diaspora sahələrində fəaliyyətdə olan təşkilatlarla uzun müzakirələrdən sonra Dünya Azərbaycanlıları Assambleyası təsis olunması üçün DAA-nın təşkilat komitəsinin yaradılmasına qərar verilib. Dünya Azərbaycanlıları Assambleyası qurulma ərəfəsindədir. Buna görə hər kəsin təklif və tövsiyyələrinə
açıq olduğumuzu bəyan edirik. Assambleyanın güclü fəaliyyət göstərməsi hər birimizdən asılıdır".
Füzuli