Nazir yarmarkalardakı qiymətlərlə maraqlandı
18 Mart 2016 14:36 SosialKənd təsərrüfatı naziri Heydər Əsədov Novruz bayramı münasibətilə Sumqayıt şəhərində təşkil olunmuş kənd təsərrüfatı məhsullarının satış-yarmarkasında olub. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, yarmarka ilə tanışlıq zamanı kənd təsərrüfatı naziri Heydər Əsədov qiymətlərlə maraqlanıb, istehsalçı və istehlakçılarla söhbət edib, prezident İlham Əliyevin fermer və sahibkarlara göstərdiyi diqqət və qayğıdan söhbət açıb, onları Novruz bayramı münasibəti ilə təbrik edib. Bildirib ki, yarmarkanın keçirilməsində əsas məqsəd fermerlərin məhsullarını bazara çıxarmasına kömək etmək, əhalinin kənd təsərrüfatı və ərzaq məhsullarına olan təlabatını ödəmək, bazarlarda süni qiymət artımının qarşısını almaqdır. Yarmarkada bitki və heyvan mənşəli məhsulların keyfiyyətinə nəzarət gücləndirilmiş, bu məqsədlə səyyar laboratoriyalar cəlb olunub. Satışa çıxarılan məhsulların bazar qiymətindən aşağı olması alıcıların da ürəyincə olub. Satıcılar və alıcılar satış-yarmarkasının yüksək səviyyədə təşkilinə görə razılıqlarını bildiriblər və yaradılan şəraitə görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər.