Kompüterin hansı fəsadları var?

Ondan həddən artıq istifadə insan orqanizmində bir çox xəstəliklərə səbəb olur

Günümüzdə informasiya kommunikasiya texnologiyalarının sürətli inkişafı cəmiyyətin əksər üzvlərini bu və ya digər dərəcədə qeyd edilən sahəyə bağlayıb, onun bilavasitə istifadəçisinə çevirib. İKT-nin ayrılmaz bir hissəsi olan kompüterlər də hazırda həyatımızın ayrılmaz dostu yerini alıb. Bu gün bir çox sahələrdə kompüterlərdən istifadə olunur. Hətta bir çox peşələri kompütersiz təsvir etmək mümkün deyil.

Etiraf etmək lazımdır ki, kompüter işimizi, həyatımızı xeyli asanlaşdırıb. Lakin unutmaq lazım deyil ki, kompüterin insana xeyirdən çox zərərləri də var və bu bizim sağlamlığımızın hesabına baş verir. Bəs görəsən kompüterdən uzun müddət ərzində istifadə insan orqanizmi üçün hansı fəsadlara yol açır? Bu fəsadları önləmək üçün hansı tədbirlərin görülməsi zəruridir?

Araşdırmalardan məlum olur ki, kompüterdə uzun müddət ərzində işləyən insanların bir çox orqan və sistemlərinə bu cihaz ciddi ziyan vurur. Belə ki, kompüterdə işləyən insan uzun müddət ərzində hərəkətsiz oturmağa məcbur olur. Bu isə onurğa sütununda müxtəlif ağır və geriyədönməz dəyişikliklərə səbəb olur. Osteoxondroz (xüsusilə boyun osteoxondrozu), onurğa sütunu yırtıqları kompüterdə işləyən insanlarda tez-tez rast gəlinən fəsadlardandır. Bundan əlavə uzun müddət ərzində kompüter arxasında oturan insanda bədənin aşağı hissəsində qan durğunluğu yaranır. Nəticə etibarilə toxumaların qidalanmasında pozulmalara səbəb olur, damarların divarlarını zədələyir. Bu da həmin qrup insanlarda cinsi pozqunluqlara yol açır.

Kompüterin insan bədənində ən ciddi ziyan vurduğu orqan gözdür. Kompüterdə uzun müddət ərzində işləyən insanların gözləri daim gərginliyə məruz qalır. Bütün dünya oftalmoloqları etiraf edir ki, uzun müddət ərzində kompüterdə işləyən insanlarda müxtəlif görmə pozulmaları yaranır. Xüsusilə bu görmə problemləri olan insanlar üçün çox təhlükəlidir. Belə ki, miopiyadan (yaxınıgörmə) əziyyət çəkən insan uzun müddət ərzində kömpüterdə işləyərsə, onun görməsi daha da zəifləyəcək. Həmçinin korluqla nəticələnə bilən xəstəliyin inkişafı riski kompüterdə uzun müddət ərzində işləyən insanlarda xeyli yüksəkdir. Araşdırmalar əsasında müəyyən edilib ki, oftalmologiyada hətta bir neçə yeni termin əmələ gəlib. Məsələn, "monitor xəstəliyi". "Monitor xəstəliyi" zamanı gözün müxtəlif məsafələrdə olan şeyləri aydın görməyə uyğunlaşması pozulur. Müxtəlif məsafələrə yaxın və ya uzağa baxdıqda, göz bülluru öz əyriliyini dəyişir. Bu normal fizioloji prosesdir və bu prosesə xüsusi kiçik əzələlər cavabdehdir. Lakin əgər insan uzun müddət ərzində eyni yerə (monitora) baxırsa, bu əzələlərin fəaliyyətində pozulmalar yaranır. Məhz bu səbəbdən kompüterdə bir neçə saat işlədikdən sonra insan hiss edir ki, uzağa baxdıqda çox dumanlı və pis görür. Belə hal daim təkrarlandıqda görmə zəifləyə bilər.

Daha bir yeni termin "quru göz sindromu"dur. Normada insan 1 dəqiqə ərzində təxminən 20 dəfə göz qırpır. Bu zaman gözün buynuzlu qişası göz yaşı mayesi ilə

daim nəmlənir və təmizlənir. Kompüterdə işləyən insan isə 3 dəfə az göz qırpır, nəticədə buynuzlu qişa quruyur və bu müxtəlif pozulmalara səbəb olur. Gözlər yanmağa başlayır, qaşınır, qızarır, qözlərin kənarlarında olan damar toru daha aydın görünməyə başlayır. Vaxt keçdikcə bu simptomlar hətta kompüterdə işləmədikdə də yox olmur və daha gözəçarpan olur. Məlumat üçün qeyd edək ki, göz yaşı antiseptik xüsusiyyətlərinə malikdir və gözə havadan və s. düşən müxtəlif infeksiyaları və mikrobları zərərsizləşdirir. İnsan daha gec-gec göz qırpdıqda, bu, gözdə infeksiya riskini artırır.

Uzun müddət ərzində kompüterdə işləyən insanın barmaqlar və əllərinin oynaqları, əzələləri və bazu önü əzələləri daim güclü gərginliklərə məruz qalır ki, bunun nəticəsində bu hissələrdə tez-tez təkrarlanan ağrılar, qıcolmalar olur. Belə ağrılar hətta insanı yuxuda narahat edir, oyanmağa vadar edir.

Kompüterdən istifadə insanın sinir sisteminə də öz mənfi təsirini göstərir. Belə ki, kompüterdə işləyən insanların əksəriyyəti gün ərzində çoxlu müxtəlif məlumatlarla işləyir, bu məlumatları analiz edir, müxtəlif məsələləri həll edirlər. Bütün bunlar isə insanın sinir sistemini daim gərgin vəziyyətdə saxlayır. Nəticə etibarilə xroniki streslərə, xroniki yorgunluq sindromuna səbəb olur. Uzun müddət ərzində kompüterdə işləyən insanlarda güclü və tez-tez təkrarlanan baş ağrıları, qulaqlarda küy, başgicəllənməsi, ürəkbulanması kimi simptomlar da meydana çıxır.

Kompüterdə uzun müddət işləyən insanlarda spesifik psixiki pozulma olan "kompüter asılılığı" yarana bilər. Həmçinin uzun müddət ərzində kompüterdə işləyən insanlarda azhərəkətlilik və xroniki streslər ürək-damar sistemi pozulmaların, şəkərli diabetin riskini artırır.Həzm sistemində də müəyyən pozulmalar yaranır - qəbizlik meydana gəlir.

Bütün bunları sadalamaqla bərabər onu da etiraf etmək lazımdır ki, kompüterlərdən tam imtina etmək də mümkün deyil. Lakin onun orqanizmimizə olan mənfi təsirini bir qədər minimuma endirmək mümkündür. Bunun üçün kompüterdə işləyən hər bir şəxs 30 dəqiqədən sonra bir neçə dəqiqəlik fasilə etməli, ayağa qalxıb gəzişməlidir. Eyni zamanda hər 20-30 dəqiqədən bir monitordan uzaqlara, mümkün qədər pəncərədən çölə baxılmalıdır. Xüsusilə, kompüterin monitorunun göz səviyyəsindən bir qədər aşağıda yerləşdirilməsinə diqqət edilməlidir. Kompüterdə işləyən insanlar tez-tez açıq havada olmalı, sağlam qidalanmalı, idmanla məşğul olmalı, kifayət qədər yatıb dincəlməlidir.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00