İlham Əliyevin bu addımı dostluq və qardaşlıq nümunəsi kimi dəyərləndirilir

"Həm Azərbaycan, həm də Türkiyə ictimaiyyəti Prezident İlham Əliyevin bu addımını, həqiqətən də tarixi əhəmiyyətli dostluq və qardaşlıq nümunəsi kimi dəyərləndirir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Milli Məclis sədrinin müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova yap.org.az saytına müsahibəsində səsləndirib. Bildirib ki, hər birimizə qürur və məmnunluq hissləri yaşadan bu jest təkcə bu iki dövlət və xalq arasındakı münasibətləri səciyyələndirmir, həm də siyasi baxımdan regionda baş verən hadisələrin gedişinə təsir göstərə biləcək amildir: "Azərbaycan və Türkiyənin siyasi, iqtisadi, hərbi və digər sahələrdə strateji müttəfiqliyi Ümummilli lider Heydər Əliyevin səsləndirdiyi "bir millət, iki dövlət" şüarı altında yanaşı duran bu ölkələrin paralel olaraq gücünü və nüfuzunu əhəmiyyətli dərəcədə artırır və beynəlxalq miqyasda bu müttəfiqliyə yeni keyfiyyətdə yanaşmanı ortaya qoyur. Bununla da Azərbaycana münasibətdə Türkiyə, Türkiyəyə münasibətdə isə Azərbaycan faktoru daha vacib şərt kimi qəbul olunur. Bundan dolayı yaranan yeni geosiyasi vəziyyət, təbii ki, bir tərəfdən Bakı - Ankara münasibətlərinin daha yüksək səviyyəyə qalxması, digər tərəfdən isə bütövlükdə regionda sülhün, əmin-amanlığın təmin olunması, o cümlədən Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində birgə səmərəli fəaliyyət üçün münbit siyasi şəraitin formalaşmasını şərtləndirir. Beləliklə də, cənab İlham Əliyevin praqmatik siyasi təfəkküründən doğan və Azərbaycan - Türkiyə münasibətlərində yeni eranın başlanğıcı kimi qiymətləndirilən müdrik təşəbbüsü çağdaş tariximizin ən yaddaqalan məqamlarından olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00