Pirə inamımın itməyi və qayıtmağı... Elçin Hüseynbəyli yazır...
18 Mart 2016 11:29 SosialBelə-belə işlər
Elçin Hüseynbəyli
Pirə inamımın itməyi və qayıtmağı...
("Novruz" qeydləri)
Bəri başdan hamınızın Novruz bayramını təbrik edir, xoş istirahət arzulayır və bu yazımı da bir bayram sovqatı kimi qəbul etməyinizi rica eidrəm.
Deməli, dostlar, Novruz bayramında (bəzən də ilin axır çərşənbəsində) sinif uşaqları kiminsə evində yığışar və çillə keçirərdi. Ötən əsrin 70-ci illərində məktəbdə oxuyanlar bunu yaxşı xatırlayarlar. Onun ayrıca bir ləzzəti var. Ondan qabaq qapı-qapı düşüb, ya qodu göstərər, ya da məzəli oyunları çıxarıb ev sahibindən fındıqdan-qozdan alardıq. Ən çox bizi tanıyan qohum-əqrəbanın qapısını döyərdik. Üz-üzdən utanar. Onlar da qoz-fındıqdan əlavə, almadan, heyvadan, boyanmış yumurtadan, şəhərdən gətirilmiş konfetdən-şokoladdan ciblərimizə tökərdilər. Bəzi uşaqların torbası da olardı. Amma mən heç zaman torba götürmədim: birincisi, bunu evdə qadağan eləmişdilər; ikincisi, mən torba götürənləri, qapı-qapı düşüb adamlardan puldan, qənddən qopardan yalançı seyidlərə, yaxud da torbası əlində ilan axtaran sofulara bənzədirdim. Tonqal qalayıb, lopa atandan sonra, gecədən keçmiş seçdiyimiz evə yığışar və səhərə kimi qorxula nağıllardan danışıb, bir-birimizi feyziyyab edərdik. Babam, dədəm haqqında, onların ovçuluq və atıcılıq məharətləri barədə mənim goplarım isə misilsiz idi.
Söhbətimin canı bunda deyil. Ondadır ki, bax həmin çillə gecəsi niyyət elədik ki, səhər açılan kimi istəyimizi evimizin yanından axan Araza, ya da Şam bulağına dedikdən sonra Pirə gedək.
Dedik də, getdik də. Cibimizdə bayram sovqatı kənddən xeyli aralı, boz təpələrin arxasında gizlənən Pirə gəldik. Pir deyilən ocaq qurumuş ağacdan ibarət idi və vağanımış düzənliyin ortasında bitmişdi. Nurani kişilrə oxşayan, pərbudaq tut ağacının budaqlarına alabəzək parçalar
asılmışdı və bizdən başqa orda bir kimsə yoxuydu. O zaman nə niyyət elədiyimi bilmirəm. Bircə o yadımda qalıb ki, (özü də əbədilik) boz yallardan aşıb kəndimizə qayıdarkən çoban itləri üstümüzə düşdü, biz də dızırıqquluya dən verib kəndə tərəf götürüldük və üzü enişə necə qaçırdıqsa, eni 7-8 metr olan (bəlkə də artıq) "Temir Quliyev" arxının üstündən necə tullandığımızı özümüz də bilmədik. Əgər o zaman indiki kimi mobil telefonlar olsaydı, yəqin kimsə şəklimizi çəkib yutuba yerləşdirərdi və biz bir neçə dəqiqənin içində məşhur olardıq. Köpəyoğlunun qorxusu necə şeyimişsə, bizi o yekəlikdə kanalın üstündən tullanmağa vadar elədi. Ondan sonra mən pirin məziyyətləri barədə xeyli fikirləşdim və belə qərara gəldim ki, Pir bizi qorumaq istəsəydi, çoban itlərini üstümüzə düşməyə qoymazdı.
Həmin hadisənin üstündən təxminən qırx il keçəndən sonra İç Anadolunu səyahətə çıxdım və Qırşəhər yolunun üstündəki Hacı Bektaşın məqbərəsinə gəldik. Burda adam əlindən tərpənmək olmurdu. Hərə bir niyyətlə gəlmişdi. Mən də niyyət daşına öz istəklərimi dedim, həmin istəyim yerinə yetdi və müqəddəs yerlərin gücünə, kəramətinə olan şübhələrim yoxa çıxdı, əvəzinə qəlbim böyük bir inamla doldu.
Hə, dostlar, bu əziz bayram günlərində sizin də niyyətlərinizin çin olmağını arzu edirəm.
Uca Tanrı bütün istək və niyyətlərinizi yerinə yetirsin!
14-17 mart 2016