Nazir müavini Ukrayna nümayəndə heyəti ilə görüşüb

Martın 17-də kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Ukraynanın Aqrar Siyasət və Ərzaq Nazirliyinin Avropaya inteqrasiya məsələləri üzrə nazir müavini Vladislava Rutiçkayanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirlikdən verilən məlumata görə, görüşün məqsədi iki ölkə arasında aqrar sahədə əməkdaşlıq əlaqələrinin intensivləşdirilməsi məqsədilə kənd təsərrüfatı sahəsində logistik bazanın yaradılması, süd məhsullarının istehsalı və emalı, kənd təsərrüfatı torpaqlarının meliorasiyası və irriqasiyası, kənd təsərrüfatı bitkilərinin toxumları və aqrar elm sahələrində əməkdaşlıq istiqamətlərinin müzakirəsi olmuşdur. Nazir müavini İlham Quliyev son dövrlərdə ölkəmizdə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar, ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, aqrar sahənin inkişafı ilə bağlı qəbul olunmuş qərar və sərəncamlar, həmçinin hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar, elektron kənd təsərrüfatı sisteminin tətbiq olunması istiqamətində görülən işlər barədə geniş məlumat verdi və Azərbaycanda aqrar sahədə əlverişli investisiya mühitinin olduğunu nəzərə çatdırıb. Nazir müavini Azərbaycan Respublikası ilə Ukrayna Respublikası arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün iki ölkə arasında kənd təsərrüfatı sahəsində hüquq-müqavilə bazasının genişləndirilməsi məqsədilə "Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş" layihəsinin imzalanmasının sürətləndirilməsinin vacibliyini bildirmiş, həmçinin ölkəmizin kənd təsərrüfatı məhsullarının Ukraynaya ixracı imkanlarının araşdırılmasını məqsədəuyğun hesab edib. Görüşdə kənd təsərrüfatının müxtəlif sahələri- taxılçılıq, toxumçuluq və heyvandarlıq sahəsində əməkdaşlığın perspektiv imkanları müzakirə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00