İcbari tibbi sığortanın tətbiqi ilə bağlı görüləcək işlər çoxdur
Rəşad Mahmudov: “İşçi qrupunun yaradılmasına ehtiyac var”
17 Mart 2016 15:42 SosialUzun illərdən bəri Azərbaycanda icbari tibbi sığortanın təbiqi ilə bağlı fikirlər səsləndirilsə də hələlik onun reallaşdırılması mümkün olmayıb. Baxmayaraq ki, bu məqsədlə xeyli işlər görülüb, nədənsə onun tətbiqində yubanma müşahidə olunmaqdadır. Nədir, ölkədə icbari tibbi sığortanın tətbiqinə mane olan amillər, ümumiyyətlə belə bir praktikanın Azərbaycanda tətbiqi dövlətə və vətəndaşlara nə verəcək? Millət vəkili, Ürək-damar cərrahı, Tibb üzrə Elmlər Doktoru, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə heyətinin sədri Rəşad Mahmudov deyir ki, əhalinin sağlamlığının qorunması və səhiyyə sisteminin inkişafında vacib məsələlərdən biri olan icbari tibbi sığortanın tətbiqi həmişə dövlətin və prezidentin diqqət mərkəzindədir. Hazırda respublikamızda icbari tibbi sığortanın tətbiqi üçün qanunvericilik bazası, o cümlədən müasir standartlara uyğun tikilmiş, son elmi naliyyətləri özündə birləşdirən tibbi avadanlıqlarla təmin edilmiş tibb mərkəzləri və səhiyyə ocaqları icbari tibbi sığortanın tətbiqinə böyük kömək olacaq. Bütün bu görülən mühüm işlər respublikamızda artıq icbari tibbi sığortanın tətbiqinə lazım olan zəmini və münbit şəraiti yaratmışdır. Qeyd etmək lazımdır ki, qəbul edilmiş dərin məzmunlu qanunvericilik bazasının olması və səhiyyədə həyata keçirilən islahatlarla yanaşı, icbari tibbi sığortanın tətbiqi istiqamətinə hələ görüləcək vacib işlər çoxdur: "Sadalanan məsələləri nəzərə alsaq, respublikamızda icbari tibbi sığortanın tətbiqi və inkişafında tək Səhiyyə Nazirliyi və ya İcbari Tibbi Sığorta Agentliyi deyil, bütün aidiyyati dövlət və ictimai qurumların da iştirak etməsi vacibdir. İcbari tibbi sığortanın tətbiqinin sürətləndirilməsi və təşkilinin effektiv həyata keçirilməsi üçün aidiyyati qurumların nümayəndələrinin təmsil olunduğu işçi qrupunun yaradılması məqsədəuyğun olardı. Yaradılması təklif olunan işçi qrupunun əsas vəzifəsi icbari tibbi sığorta fəaliyyətinin təşkili və tətbiqində Agentlik ilə digər maraqlı tərəflərin qarşılıqlı əməkdaşlığınin qurulmasını həyata keçirmək, hər bir vətəndaş və tərəfdaşın bu prosesdə aktiv iştirakını təmin etməkdir". O diqqətə çatdırıb ki, Dünya Səhiyyə Təşkilatının tibb xidmətinin göstərilməsi üzrə praktikasında 3 əsas səviyyə qeyd olunub. Bunlar ilkin poliklinika mərhələsində göstərilən xidmətlər, tibb mütəxəssiləri tərəfindən əhaliyə göstərilən ixtisalaşmış tibbi yardım və əhaliyə göstərilən yüksək texnologiyalı tibb xidmətlərdir. Hansı ki, yüksək maliyyə xərci tələb edən üçüncü səviyyə hər bir vətəndaş və tibb işçisi üçün problem olaraq qarşımızda durur. Birinci və ikinci səviyyələr isə Səhiyyə Nazirliyi tərəfindən ölkəmizin hər bir nöqtəsində göstərilən poliklinika xidmətləri, təcili tibbi yardım, mama-ginekologiya, stasionar və cərrahiyə xidmətləri təşkil olunub və gündən günə də inkişaf etməkdədir. Məlumdur ki, hazırda təklif olunan ilkin pilot layihədə icbari tibbi sığortanın müəyyən ərazidə tətbiqi nəzərdə tutulur. Təhlillərin nəticəsindən asılı olaraq respublikanın digər bölgələrində tətbiq edilməsi üzərində işlər gedir: "Birmənalı olaraq bir ixtisasçı kmi pilot layihənun bu cür başlanğıcının bizə vaxt itkisi və bir çox problemlər yaradacağı düşüncəsindəyəm. Ərazi üzrə başlanılması planlaşdırılan, hər bir səviyyəni əhatə edən pilot layihənin tətbiqi ərafında istəmədən Səhiyyə Nazirliyi tərəfindən tətbiq olunan iki mərhələ üzrə zərər verə bilərik. Bütün bu məsələlər nəzərə alındıqla bir neçə sual ortalığa çıxır. İlk olaraq icbari tibbi sığortanın həyata keçirilməsində haradan başlamaq lazımdır ki, var olan səhiyyə sisteminn işinə xələl gətirmədən tətbiq oluna bilinsin və eləcə də bu pilot layihə əhalinin ən çox əziyyət çəkdiyi problemi həll etməklə bərabər həm də mövcud səhiyyənin xidmət səviyyəsinin daha da artmasına şərait yaratsın? Digər bir sual isə ondan ibarətdir ki, bu pilot layihənin hansi tibbi xidmət səviyyəsindən başlayaq ki, ən optimal maliyyə vəsaiti ilə ən maksimal nəticə əldə edə bilək. Məhz bütün bunları nəzərə alaraq ilkin pilot layihənin yüksək texnologiyalı tibbi xidmətlə başlanılması daha məqsədəuyğun olardı". Mütəxəssis hesab edir ki, yüksək texnologiyalı tibbi xidmət səviyyəsi üzrə icbari sığortanın tətbiqi bizə bir sıra müsbət nəticələr gətirə bilər. Bunlar ilkin olaraq ölkəmizdə yüksək texnologiyalı tibbi xidmətə ehtiyacı olan bütün vətəndaşları əhatə edə bilər, paytaxt və regionları əhatə etməklə sadəcə 8, 10 yüksək texnologiyaların tətbiq olunduğu dövlət və tibb müəssisələri həyata keçirə bilər ki, bu da aidiyyati qurumların nəzarət və monitorinqini asanlaşdıracaq. Yüksək texnologiyalı tibbi xidmətin tətbiq edildiyi icbari sığorta səhiyyənin digar sahələri üçün lokomativ rolu oynaya biləcək. Bu da kadr potensialının inkişafına və bu günə qədər dövlət tərəfindən yüksək texnologiyalara qoyulan vəsaitin dirçəlməsinə səbəb olacaq. Digər müsbət tərəfi, son 20 il ərzində keçmiş Sovet məkanında 15 respublika içərisində xarixdə tibbi təhsil almaq üçün ən çox vəsait sərf edən dövlətimizin planlı kadr siyasətinin nəticəsi olaraq ölkəmizdə və xarici ölkələrdə fəaliyyət göstərən yüzlərlə yüksək ixtisaslı kadrların Azərbaycanda həvəslə çalışmasına zəmin yaradacaq. Bu layihə həm də icbari tibbi sığorta gözləyən tibb müəssisələrin özlərinin idarəetmə sisteminin təkmilləşməsinə, dövlətdən gələn maliyyə dəstəyinin sıfırlanmasına, eləcə də gələcəkdə ölkəmizin digər səhiyyə ocaqları üçün tibb personalından əlavə olaraq xəstəxana idarəetmə personalının hazırlanmasına kömək edəcək: "Ümid edirəm ki, yalnız qarşılıqlı əməkdaşlıq sayəsində sığorta fəaliyyətinin təşkili və tətbiqi ilə bağlı bütün problemlər öz həllinin tapa bilər. Tibbi sığorta üzrə vacib məsələlər müzakirə olunmaqla və tərəflərin maraqları, öhdəlikləri və vəzifələri nəzərə alınmaqla effektiv strateji planlar hazırlana bilər. Hər bir işin doğru başlanğıcı, müvəffəqiyyətli davamı inkişafın əsas şərtidir. Ona görə də səhiyyənin və tibbi sığorta işinin mövcud potensialını nəzərə alaraq optimal başlanğıc missiyasının seçilməsi çox vacibdir".
Alim