Bəzək əşyaları təhlükə mənbəyi rolunda

Ucuz bijuteriyaların tərkibində zərərli maddələr ola bilər

Bijuteriya qiymətli olmayan materiallardan hazırlanmış bəzək əşyası olub xanımlarımızın gündəlik həyatının ayrılmaz tərkib hissəsidir. Onun istehsalında ən müxtəlif metallardan, nazik və rəngli şüşələrdən, o qədər də baha olmayan daşlardan, plastmas, keramika və s. istifadə edilir. Xarici görünüşcə bijuteriya məhsulları qiymətli zinət əşyalarına bənzəsə də əslində material, qiymət və digər əlamətlərinə görə onlardan xeyli dərəcədə fərqlənir. Müasir bijuteriyaların hazırlanmasında daha geniş çeşid materiallardan istifadə edilir. Belə ki, yüksək keyfiyyətli kristal və fianitlərdən, bəzi orta qiymətli daşlardan istifadə edilməklə bu məhsulların cəzbediciliyi artırılır. Bəzi hallarda hazırlanan bijuteriyanın qiymətli metallara oxşadılması üçün materialın üzərinə qızıl və ya gümüş suyu çəkilir. Ucuz bəzəkləri isə puter, nikel və qurğuşun təşkil edə bilər. Bijuteriyalar plastik, dəri və ya ağacdan olan detalları da əhatə edə bilər. Bundan əlavə onun tərkibində müxtəlif diyircək və muncuqlardan da istifadə oluna bilər.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən verilən məlumata görə, hazırda istehlak bazarında ən müxtəlif çeşidli bijuteriyaların satılması faktdır. Ona görə də lazım olan, keyfiyyətli və təhlükəsiz bijuteriya seçmək çox çətindir. Müvafiq dövlət orqanları tərəfindən onların keyfiyyət və təhlükəsizliyinə nəzarət olunmasına baxmayaraq bir qisminin mövcud tələblərə cavab verməməsi və təhlükə mənbəyi olması istisna olunmur. Bu səbəbdən bijuteriya alarkən xüsusilə diqqətli olmaq vacibdir. Bir çox istehlakçılar bijuteriya alarkən onun daha ucuz olmasına, cəlbediciliyinə, parıltılı olmasına üstünlük verirlər. Lakin bijuteriya alarkən onun qeyd olunan əlamətlərindən daha çox keyfiyyəti və sağlamlığınıza təsirini düşünmək lazımdır. Nəzərə almaq lazımdır ki, əsasən ucuz bijuteriya istehsalında istifadə edilən xammalın tərkibində qeyd olunan zərərli maddələr ola bilər və bu sağlamlığınız üçün təhlükəlidir. Belə bijuteriyalarda normadan çox fenol, toksit və radioaktiv maddələrin olması sağlamlığınıza ciddi zərbə vura bilər. Ona görə də bu məhsulları seçərkən ilk növbədə onun sanitar-gigiyenik xüsusiyyətlərinə diqqət etmək lazımdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, bijuteriya fiziki baxımdan da sağlam olmalıdır. Ucu iti formalı, çatlamış, qırılmış bijuteriyaların alınması məsləhət deyil. Xüsusilə bijuteriya alarkən onların materialına fikir verin. Ticarət şəbəkəsindən bu malları əldə edərkən mütləq diqqətlə nəzərdən keçirilməli, üzərində heç bir qüsur, qopuq, cızıq olmamalıdır.

Bu növ mallara zəmanət verilmir

Bijuteriya zəmanət müddətilə satılan mallar siyahısına daxil deyil. Bu səbəbdən istehlakçılar bu məhsulları alarkən düqqətli olmalıdır.Ticarət şəbəkəsində bijuteriya məhsulları adətən müxtəlif formalı şüşə stellajların altında saxlanılmalı və istehlakçıların seçim etməsi üçün zəruri şərait yaradılmalıdır. Bijuteriya alınan zaman kiçik qutu və yaxud şəffaf bağlamaya qablaşdırılmalıdır. Bu məhsulları alarkən onların komplekt olmasına üstünlük verilməlidir. Bijuteriya komplektini alarkən onların müxtəlif ölçülü olanı seçilməlidir. Onlardan içərisində birinin böyük, digərlərinin isə kiçik olması ideal variant hesab olunur. Onları bir-birindən və qiymətli daş-qaşlardan aralı saxlanılmalıdır. Bijuteriyanın, qiymətli zinət əşyaları ilə bir vaxtda istifadəsi görünüş baxımdan yolverilməzdir. İstehlakçılar bilməlidir ki, çox ucuz bijuteriyaların alınması məsləhət deyil. Belələri adətən aşağı keyfiyyətli materiallardan hazırlandığından kənardan çox primitiv təsir bağışlaya, xarici görünüşünüzə xələl gətirə və ən əsası insanda allergiyaya səbəb ola bilər. Ona görə də bu əşyaları alarkən onların sağlamlığınız üçün təhlükəsiz olmasına diqqən edilməlidir. Belə ki, bir sıra bu tip əşyaların tərkibi, aşağı keyfiyyəti, insan orqanizminə mənfi təsir göstərmək gücündədir.
Bijuteriya qiymətli zinyət əşyaları ilə müqayisədə kövrək xassəyə malik olduğundan onlar bir-birindən ayrı saxlanmalıdır. Bijuteriya saç üçün boya və parfümeriya məhsullarından mühafizə olunmalıdır. Belə ki, onların tərkibində olan kimyəvi elementlər bu məhsulu korlaya bilər. İdmanla məşğul olarkən və ya yatarkən bijuteriyalar çıxarılmalıdır. Məhsulun parıltılı qalması üçün yüngül sabunla yumaq və ehmalca silmək olar. Ümumiyyətlə hər bir istehlakçı bu məhsulları alarkən qeyd olunanları nəzərə almalı və hüquqlarının müdafiəsində aktiv olmalıdır.


Nurlan
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00