Azərbaycan-Gürcüstanın İşçi Qrupunun ilk iclası keçirilib

Mədəniyyət və Turizm Nazirliyi ilə Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi arasında işçi qrupun görüşü keçirilib. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, iclasa Azərbaycan tərəfindən həmsədr mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Gürcüstan tərəfindən həmsədr mədəniyyət və abidələrin mühafizəsi nazirinin müavini Levan Xaratişvili rəhbərlik edib. Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin mövcud vəziyyəti, həmçinin kinematoqrafiya, muzey, incəsənət, təhsil və mədəni irsin mühafizəsi sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib. Mədəniyyət sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində İşçi Qrup çərçivəsində müvafiq işlərin görülməsinin faydalı olacağı qeyd olunub. Daha sonra tərəflər arasında ikitərəfli əlaqələrin genişləndirilməsi və prioritet hesab olunan məsələlərə dair fikir mübadiləsi aparılıb. Bununla yanaşı, Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş çərçivəsində Mədəniyyət sahəsində əməkdaşlığa dair Proqramın imzalanması məsələsi müzakirə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00