Bu il meyvə qıtlığı gözlənilir - SƏBƏB

Son günlər ölkə ərazisində mart ayı üçün xarakterik olmayan qarlı hava şəraiti müşahidə edilir. Yazın gəlişinə az qalmış hava şəraitindəki kəskin dəyişiklik ən çox kənd təsərrüfat sahiblərini narahat edir.

Bəs hava şəraitindəki bu kəskin dəyişikliyin səbəbi nədir və kənd təsərrüfatına necə zərər vura bilər?

Coğrafiya İnstitutunun İqlim şöbəsinin baş elmi işçisi Məhərrəm Həsənov Publika.az-a açıqlamasında bildirib ki, bu cür hava şəraiti 8-10 ildə bir dəfə təkrarlanır. Bəzi illər olub ki, martın 20-də Bakıya qar yağıb. "Azərbaycan ərazisinə Atlantik okenanı üzərində formalaşan mülayim dəniz hava kütləsi gəlib. Bu hava kütləsi temperaturu aşağı salır, güclü şimal və şimal-qərb küləyi əsir, buludluq artır, yağış və qar yağır. Bu cür hava kütlələri adətən ölkəmizə dekabrdan fevral ayına qədər gəlir. Hazırda ölkəmizdə müşahidə olunan hava da məhz bu səbəbdən Atlantik okeanın şimal hissəsində, Azur adalarında formalaşan kütlədir. Həmin hava kütləsi mart ayına xarakterik olmayan yağıntılara səbəb olub. Bu cür havanın ölkə ərazisində müddəti 2-3 gün olur. Sabahdan nisbətən mülayim hava şəraiti müşahidə ediləcək. Zəif cənub-şərq küləyi müşahidə edilə bilər, lakin düzən ərazilər və Bakıda yağıntılar azalacaq".

Onun sözlərinə görə, bu cür hava şəraiti kənd təsərrüfatına iki cür təsir edir:

"Birinci növbədə artıq çəyirdəkli meyvələr isti havalarda çiçək açmışdı. Bu cür hava çiçəklərin 80%-ni məhv edəcək. Çünki yağışlı və qarlı hava tozlanma prosesinin getməyinə mane olur. Nəticədə, meyvə əmələgəlmə ehtimalı xeyli azalır. Bir sözlə, bu il ərik, alça, badam, şaftalı az olacaq. Lakin bu hava şəraiti kənd təsərrüfatında çoxillik bitkilər, eləcə də birillik taxıl bitkilərinin inkişafına müsbət təsir edir. Çünki torpaqda rütubət artır. Bu rütubət suvarmaya apreldə yox, mayda başlanmasına imkan verəcək. Ümumiyətlə, bu cür hava şəraitini kənd təsərrüfatı üçün müsbət hal hesab etmirik". M.Həsənov hesab edir ki, martın sonuna qədər belə hava şəraitinin təkrar müşahidə edilməsi ehtimalı 5 faizdən də aşağıdır.

"Bundan sonra, ölkə ərazisində havanın temperaturunun yüksəlməsini gözləyirik. Təkrar belə hal müşahidə edilərsə, alma, armud, heyva və digər çiçəkləyən meyvələrin məhsuldarlığına təsir edəcək. Yalnız mayın sonu və iyun ayındakı yağışlı hava şəraiti taxıl bitkilərinə təsir edə bilər. Kənd Təsərrüfatı Nazirliyindən isə hesab edirlər ki, bu cür hava mart ayında müşahidə edilir və təsərrüfat sahiblərinə əlverişli imkan yaradır. Nazirliyin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov deyir ki, yağıntılar torpaqda nəmliyi artırıb, bu da həm payızlıq, həm də yazlıq bitkilərin əkini üçün faydalıdır.  "Bu il yağıntı əvvəlki illərlə müqayisədə çoxdur. Ona görə də, builki təsərrüfat ilini bitkilər üçün daha əlverişli hesab edirik. Bu cür yağıntılar gəmiricilərin məhv olmasına əlverişli şərait yaradır. Düzdür, Aran bölgələrində badam, alça, ərik kimi çəyirdəkli meyvələr çiçək açıb. Bundan sonra, bir neçə gün davamlı olaraq yağıntı olarsa, mayalanmaya fəsadları ola bilər. Bunun da dolayısı ilə məhsuldarlığa təsiri mümkündür".

Qeyd edək ki,Ekologiya və Təbii Sərvətlər Nazirliyi martın 14-dən 18-dək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi, ayrı-ayrı yerlərdə intensiv olacağı ilə bağlı xəbərdarlıq yayıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00