Yaponiya səfiri ADNSU-nun qonağı oldu
16 Mart 2016 16:47 SosialMartın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşini qəbul edib. Rektor universitetin tarixi şöhrəti, beynəlxalq əlaqələr və perspektivləri haqqında səfirə məlumat verib. ADNSU-nun qoşulduğu uğurlu layihələr müstəvisində Azərbaycan-Fransız Universiteti haqqında səfirə danışan rektor, bu universitetin hər iki ölkənin təhsil müəssisələri, tələbələr üçün açacağı geniş imkanları vurğulayıb. M.Babanlı xarici ölkələrlə qurulan əməkdaşlıq əlaqələrinin Azərbaycanda ali təhsilin inkişafı yönündə atılan addımlardan olduğunu qeyd edib. Rektor bu mənada Yaponiya təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin qurulmasını universitet üçün əhəmiyyətli hesab edib. Səfir Dövlət Neft və Sənaye Universitetinin sovet dövründən nüfuzlu bir ali məktəb olduğunu qeyd edib və Azərbaycanla qurulan birgə iş və layihələrdən söz açıb. Səfir ümummilli lider Heydər Əliyevin vaxtından Yaponiyanın "İtochi" və "İmpeks" şirkətlərinin Bakı-Tblisi Ceyhan layihəsində iştirak etdiyini deyərək, hazırda Azərbaycan təbii qazının Avropaya nəqli ilə bağlı həyata keçirilən nəhəng layihələrdə də yapon şirkətlərinin böyük həvəslə iştirak etdiyini vurğulayıb. Rektor səfirlə görüşün Bahar bayramı ərəfəsinə təsadüf etdiyini qeyd edərək, qonağa Novruz adətlərimiz barədə danışıb və onu təbrik edib. Görüş səmimi ortamda başa çatıb. Sonra səfir Tsuquo Takahaşini Beynəlxalq Əlaqələr üzrə prorektor Rafiq Camalovun müşaiyəti ilə bir sıra auditoriya və laboratoriyalarla tanış olub, tələbə və müəllimlərin istəklərini dinləyib. O, ADNSU-nun Tarix Muzeyi ilə tanış olub, orada fəxri qonaqlar üçün ayrılmış xatirə kitabına ürək sözlərini yazıb.