Daha 2 yaşayış məntəqəsinə təbii qaz verilib
16 Mart 2016 16:42 SosialMartın 16-da Tərtər və Qusar rayonlarının daha 2 kəndinə təbii qaz verilib. "OLAYLAR"-ın xəbərinə görə, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətlərinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tərtər rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 300 abonenti olan Sarov kəndinin yenidən qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 16207 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Qusarın 343 abonentlik Həzrə kəndinə də ilk dəfə təbii qaz verilib. Qazlaşdırma işləri zamanı birpilləli sistem əsasında 29030 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.