Azərbaycan-Türkiyə qardaşlığının təkcə sözdə deyil, əməldə təsdiqi
Asif Kurban: “Türkiyə bu problemi də aradan qaldıracaq və öz inkişaf yolunu davam etdirəcək”
16 Mart 2016 16:02 Sosial"Çünki bu yolda Türkiyə yalnız deyil"
Bu günlərdə Azərbaycanla Türkiyə arasındakı dostluq, qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğu bir daha özünü təsdiqləmiş oldu. Ankarada baş verən məlum terror aksiyasından dolayı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfərinin təxirə salınması və buna qarşılıq olaraq Azərbaycan Prezidenti İlham Əliyevin qardaş ölkəyə səfər etməsinin fonunda bu açıq şəkildə özünü göstərmiş oldu. Təbii ki, Azərbaycan Prezidenti tərəfindən göstərilən bu münasibət qardaş ölkədə də yüksək dəyərləndirildi. Türkiyədə fəaliyyət göstərən Qardaşlıq və İşbirliyi Dərnəyinin, eləcə də Dünya Azərbaycanlıları Konqresinin sədri Asif Kurban da Azərbaycan Prezidentinin Türkiyəyə səfərini təqdir edib. Bildirib ki, Azərbaycan dövlət başçısı Türkiyəyə səfər etməklə böyük bir jest etmiş oldu: "Belə bir addım atdığı üçün Azərbaycan Prezidentinə təşəkkür edirəm. Bu Azərbaycan-Türkiyə qardaşlığının təkcə sözdə deyil, eləcə də əməldə təsdiqi, nümunəsidir. İnşallah Türkiyə bu problemi də aradan qaldıracaq və öz inkişaf yolunu davam etdirəcək. Çünki bu yolda Türkiyə yalnız deyil. Necə ki, Türkiyə Azərbaycanın yanında olub, eləcə də Azərbaycan Türkiyənin yanındadır". Asif Kurban Ankarada baş verən terror aksiyasının Türkiyə Prezidentinin Azəbaycana səfərinə maneçilik məqsədilə həyata keçirildiyini də istisna etməyib. Qeyd edib ki, bütün bunlar hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırılmalıdır: "Terror aksiyasının məhz belə bir zamanda baş verməsi təbii ki, müəyyən sualların meydana çıxmasına səbəb olur. Ancaq nəticə etibarilə Azərbaycan və Türkiyə birlikdə bu problemi yoluna qoyduğunu göstərdi. Türkiyə heç bir zaman bu cür terror aksiyası ilə zəiflədilə bilməz. Terrorla Türkiyəni zəiflətməyi düşünənlər yanılırlar. Artıq neçə illərdir ki, Türkiyə bu kimi terror aksiyaları ilə üzləşir. Türkiyə güclənib Türk dünyası, İslam aləminin səsi olmağa başlayanda xain qüvvələr hərəktə keçib bu kimi amansız terror aksiyaları həyata keçirirlər. Bir daha qeyd edirəm ki, belə hadisələrlə Türkiyənin zəifləməsini düşünmək doğru deyil". Beynəlxalq aləmin Ankara terroruna səssiz qalmasına gəlincə Asif Kurban bunu da təbii sayır. O, bildirib ki, terror təşkilatlarının istifadə etdiyi silah-sursat məhz həmin beynəlxalq güclərin istehsalıdır: "Ona görə də belə terror aksiyalarına qarşı səssizliki nümayiş etdirilir. Düzdür, sözdə terrora qarşı olduqlarını bildirsələr də, lakin davranışları tamamilə fərqli olur. Hətta bu cür insan tələfatına yol açan terror aksiyalarınınb törədilməsinə sevinən qüvvələr də olur". Asif Kurban DAK sədri
olaraq Gürcüstanda keçirdiyi görüşlər barədə də məlumat verib. Bildirib ki, Marneulidə azərbaycanlılarla görüşlər keçirilib, soydaşlarımızın üzləşdiyi problemlər müzakirə olunub:"Marneulidə yaşayan azərbaycanlılarla keçirilən görüşdə mənimlə bərabər Estoniyadan olan nümayəndəmiz,Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, qurumun mətbuat katibi Xəqani Qayıblı və DAK-ın Gürcüstan nümayəndəsi Leyla Məmmədova da iştirak edirdi. Həmçinin Gürcüstan parlamentində görüşlərimiz keçirildi. Qarşıdakı müddət ərzində digər ölkələrdə də görüşlər keçirməyi nəzərdə tuturuq.Məlumn olduğu kimi bir müddət əvvəl Belçikanın paytaxtı Brüsseldə Dünya Azərbaycanlıları Konqresinin qurultayı keçirildi və qurumun yeni rəhbər strukturları formalaşdı, İdarə Heyəti seçildi. Bundan sonrakı fəaliyyətimizdə də millətimizə xeyir verməyə çalışacağıq".
Kamal