KİVDF qalib jurnalistləri mükafatlandırdı

Martın 16-da Beynəlxalq Mətbuat Mərkəzində Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Novruz bayramı münasibətilə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb. "Olaylar" xəbər verir ki, tədbirdə çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, bu ilin yanvar ayının 28-dən elan edilən müsabiqə mart ayının 4-də başa çatıb. V. Səfərli müsabiqənin 15 istiqamət üzrə keçirildiyini söyləyib: " Müsabiqəyə 62 KİV-dən 155 yazı təqdim edilib. Yazılar 12 ekspert tərəfndən qiymətləndirilib. Müsabiqədə15 nəfər birinci, 30 nəfər ikinci, 45 nəfər isə üçüncü yerə layiq görülüb. Ümumilikdə müsabiqə iştirakçılarının 90 nəfərin mükafatlandırılması nəzərdə tutulub. Müsabiqənin şərtlərinə əsasən birinci yerin qalibləri üçün 500, ikinci yerlər üçün 400, üçüncü yerlərin qalibləri 300 manat mükafat nəzərdə tutulub".V. Səfərli qeyd edib ki, bu günki tədbirdə iki və üçüncü yerlərin qalibləri mükafatlandırılacaq. Birinci yerləri tutan qaliblər isə Novruz bayramı münasibətilə təşkil olunmuş tədbirdə mükafatlandırılacaq. V. Səfərli müsabiqəyə təqdim edilən bəzi yazılarda köçürmə hallarının qeydə alındığını da söyləyib: "Çox təəssüf ki, həmin yazılar müsabiqədə qalib olmadıqda onların müəllifləri bunun səbəbi ilə maraqlanmırlar. Amma maraqlansaydılar biz onlara faktlarla haradan, internetdən hansı mənbələrdən köçürdüklərini göstərərdik". Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, ölkə jurnalistləri Azərbaycan xalqının inkişafında mühüm rol oynayır: "Qətiyyətlə demək olar ki, jurnalistlərin təqdim etdikləri yazılarda ildən-ilə peşəkarlıq artır. Yazılardakı faktlar düzgün, mənbələr isə etibarlıdır". BDU-nun professoru Cahangir Məmmədli qeyd edib ki, müsabiqəyə təqdim edilən yazılarda vətəndaşlıq mövqeyi artmaqdadır: "Bir müddət öncə bu mövqe unudularaq Qərb standartlarına meyl artmışdı. Lakin heç bir halda vətəndaşlıq mövqeyini arxa plana keçirmək olmaz. Yazılarda dövlətçilik, azərbaycançılıq mövqeyi qorunmalıdır". Fondun Müşahidə Şurasının təmsilçisi Müşfiq Ələsgərli qeyd edib ki, təqdim olunan yazılarda struktur, araşdırma və informasiya baxımından irəliləyiş var. Lakin danışdırılan ekspertlərin fikirləri alternativ olmalı, həmin ekspertlər cəmiyyət tərəfindən qəbul edilməlidir". Tədbirin sonunda qalib jurnalistlərə mükafatlar təqdim ounub.

Alim
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00