Əmək Nazirliyi tərəfindən əlil rəssamın fərdi yaradıcılıq sərgisi keçirilir

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Rəssamlar İttifaqının dəstəyi ilə V.Səmədova adına Sərgi salonunda (Bakı şəhəri, Xaqani küçəsi, 43) Əlilliyi olan şəxslərin IX Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsinin rəngkarlıq və qrafika nominasiyası üzrə qalibi olmuş rəssam, II qrup əlil Paşa Rəhimovun fərdi yaradıcılıq sərgisini keçirir.

Üç gün davam edəcək sərginin açılışında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı, professor Ağəli İbrahimov iştirak ediblər.
P.Rəhimovun rəngkarlıq və qrafika növlərində özünəməxsus üslubda hazırladığı əl işləri maraqla qarşılanıb və nazirliyin təşəbbüsü ilə onun fərdi yaradıcılıq sərgisinin keçirilməsi qərara alınıb. Bildirilib ki, bu, Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsində qalib olmuş əlilliyi olan şəxsin fərdi yaradıcılıq sərgisinin təşkili sahəsində ilk tədbirdir və gələcəkdə belə tədbirlər bir ənənəyə çevriləcəkdir.
P.Rəhimov əlilliyi olan şəxslərin yaradıcılıq potensiallarını cəmiyyətə təqdim edə bilmələrinə, onların istedad və qabiliyyətlərinin dəstəklənməsinə daha geniş şərait yaradılması üçün təşkil olunan tədbirlərə görə minnətdarlığını ifadə edib. Sərgidə müəllifin Azərbaycanın əsrarəngiz təbiətini, adət-ənənələrini, mənəvi dəyərlərini,  görkəmli tarixi şəxsiyyətlərini əks etdirən əsərləri təqdim olunur.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00