Korrupsiya və rüşvət hallarına son

Sahibkar insan faktoru olmadan lisenziya əldə edə biləcək

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə iqtisadiyyatında əldə edilən uğurlar və onun daha da inkişaf etməsinə mane olan amillərdən danışıb. İqtisadiyyatın qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişaf etdirilməsi, sahibkarlığa dövlət dəstəyi, investisiya iqliminin yaxşılaşdırılması, biznes mühitinin daha da sağlamlaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı və məqsədyönlü tədbirlər haqqında danışan dövlət başçısı mövcud problemləri qabartmaqdan da yan keçməyib. Dövlət başçısı icra hakimiyyəti və hüquq-mühafizə orqanları tərəfindən sahibkarlara problemlər yaradıldığını, onlara qarşı qanunsuz tələblər irəli sürüldüyünü, bu səbəbdən bəzən iş yerlərinin bağlandığını və ayrı-ayrı sahələrdə gözlənilən inkişafın olmadığını bəyan etmiş və problemlərin aradan qaldırılmalı olduğu haqda son xəbərdarlıq etmişdir. Ardınca dövlət başçısı problemdən çıxış yolunu müəyyən edən fərman imzalayıb, qanunvericilik təşəbbüsü ilə ölkə parlamentinə yeni qanun layihəsi təqdim edib. Beləliklə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılıb, sahibkarlıqla bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində verilməsi təmin edilib. Maraqlıdır, dövlət başçısı tərəfindən atılan bu addımlar ölkə iqtisadiyyatına nə verəcək, kiçik və orta sahibkarlığın inkişafına necə təsir göstərəcək?

 
***

Əvvəla onu qeyd edək ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılması heç bir halda bu sahədə boşluğun yaranacağı kimi izah edilə bilməz. Başqa sözlə, yeni qanun sahibkarlq sahəsində özbaşınalığa şərait yarada bilməz. Çünki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunun özündə birbaşa göstərilir ki, qarşıdakı 2 il müddətində yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılacaq. Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluq tərəfindən aparılan yoxlamalara şamil edilmir. Bu isə o deməkdir ki, sahibkarlar məhsul istehsalı zamanı istehlakçıların hüquqlarının qorunmasına diqqət yetirərək onların sağlamlığını düşünməli, eyni zamanda dövlətin iqtisadi maraqlarını nəzərə almalıdırlar. Onu da xatırladaq ki, hazırda qüvvədə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında"qanun qüvvədədir ki, həmin qanunla sahibkarlıq sahəcində aparılan qoxlamalar tənzimlənir. O ki qaldı atılan addımların ölkədə sahibkarlığın inkişafına verəcəyi töhvələrə, ekspertlər birmənalı şəkildə qeyd edirlər ki, tətbiq edilən yenilik iqtisadiyyat sahəsində inqilabi bir dönüşün əsasını təşkil edir. Bu dönüş isə heç şübhəsiz ki, kiçik və orta sahibkarlığın ayaq üstə durmasına töhvə verəcək. Əvvəla ona görə ki, mövcud vəziyyətdə sahibkarlar üçün nəzərdə tutulan lisenziyaların sayı həddindən artıq çox idi. Sahibkarın bir istehsal sahəsi ilə məşğul olmasına razılıq verən lisenziya alması üçün bir neçə nazirlik, yaxud komitəyə müraciət etməsi tələb olunurdu. Bu zaman kifayət qədər vaxt itkisi, üstəlik müvafiq qurumlar tərəfindən sui-istifadə halları, qeyri-leqal ödəmələr müşahidə olunurdu ki, nəticədə sahibkar üçün lisenziyanın "astarı üzündən baha başa gəlirdi". Lakin lisenziyaların "Asan Xidmət" tərəfindən verilməsi bütün neqativ halların, xüsusən korrupsiya və rüşvətxorluğun aradan qaldırılması ilə yanaşı liberal biznes mühitinin yaranmasını təmin edəcək. Düzdür, sahibkarlara lisenziyaların verilməsi zamanı əldə edilən rüsumlar dövlət büdcəsi üçün elə də böyük vəsait hesab olunmur. Ancaq sahibkarın rahat şəkildə əldə etdiyi lisenziya sahəsində qazanacağı mənfəətdən elə rahatca büdcəyə vergi ödəmələri təmin olunacaq. Əvvəllər isə sahibkarın çoxsaylı yoxlayıcı qurumlara, yerli icra hakimiyyətləri və hüquq mühafizə orqanlarına verdikləri qanunsuz ödəmələr hesabına vergidən yayınma halları baş alıb gedirdi. Onu da qeyd edək ki, dövlət başçısının fərmanına uyğun olaraq ölkədə elektron lisenziya portalının yaradılması nəzərdə tutulur ki, bununla sahibkar insan faktoru olmadan lisenziya əldə edə biləcək. Qeyd edək ki, heç bir sahibkar normal iqtisadi mühit şəraitində vergidən yayınmaq niyyətini ortaya qoymaz. Sahibkar vergidən o zaman yayınmaq niyyətində bulunur ki, həmin vergi rejimi onun üçün əlverişli olmur. Azərbaycanda isə kifayət qədər sərfəli vergi siyasəti yürüdülür. Üstəlik parlamentin son iclasında dövlət başçısının təşəbbüsü ilə Vergi Məcəlləsində sahibkarlar üçün əlverişli vergi güzəştlərinin tətbiq olunması ilə əlaqədar 25 düzəliş edilib.

***

Ekspertlər hesab edirlər ki, lisenziyaların "ASAN Xidmət"ə verilməsi rüşvət alanları bu imkandan məhrum edəcək. Yoxlamaların dayandırılması kiçik və orta sahibkarlığın inkişafına təkan verəcək. Çünki ölkədə sahibkarlıq subyektlərində ciddi təlaş var idi. Onlar da bütün dünyada baş verən qlobal böhrandan təsirlənir və gələcəkləri üçün ciddi narahatlıq keçirirlər. Prezidentin bu addımı kiçik və orta sahibkarlığın inkişafı üçün yeni imkanlar açacaq. Çünki rüşvət mənbəyi bağlanır, sui-istifadə hallarının qarşısı alınır. Odur ki, dövlət başçısının bu qərarı ölkədə baş verən ən ciddi islahatlardan biri hesab olunmalıdır. Bu iqtisadi islahat sahibkarlığın inkişafında əsaslı dönüş yaradacaq. Yoxlamaların dayandırılması vaxt itkisinin qarşısını alacaq, həmçinin sahibkarların bir neçə yerə verdiyi "haqq"a son qoyacaq. Sahibkar əlində olan vəsaiti dövrəyə buraxmaqda tərəddüd etməyəcək. Şübhəsiz ki, kiçik və orta sahibkarlığın inkişafı ilə müşahidə olunan istehsalın artması nəticə etibarilə qiymətlərə də təsirsiz ötüşməyəcək. Onu da xatırladaq ki, qəbul edilmiş qərarlar və atılan addımlar əyani şəkildə sübut etdi ki, Azərbaycan Prezidenti ölkədə iqtisadi inkişafın, liberal biznes mühitinin təhdid edilməsi, vətəndaşların, sahibkarların qanunla qorunan hüquq və mənafelərinin pozulması halları ilə barışmaq niyyətində deyil və belə pozuntulara yol verən şəxslərə qarşı ciddi tədbirlər görüləcək. Odur ki, nə qədər gec deyil, cavabdeh orqanlar öz fəaliyyətləri ilə sahibkarlığın inkişafına dəstək versələr daha yaxşı olar.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31