Deputat onların da cərimələnməsini təklif etdi

Milli Məclisin bu gün keçirilən iclasında deputat Azay Quliyev süni intellektlə hazırlanan materialları yaradanlara məsuliyyət tətbiqini təklif edib. "Olaylar"ın məlumatına görə, millət vəkili bildirib ki, İnzibati Xətalar Məcəlləsinə təklif olunan 388.3-cü maddə süni intellekt vasitəsilə hazırlanmış materialların nişanlanmadan və bilə-bilə yayılmasına görə məsuliyyət müəyyən edir və bu, şəffaflığın artırılması baxımından müsbət addımdır: "Bu norma vətəndaşlara təqdim olunan kontentin süni intellekt vasitəsilə hazırlanıb-hazırlanmadığını əvvəlcədən bilməyə imkan verir və beləliklə, məlumatın reallığı barədə daha düzgün təsəvvür formalaşır. Hazırkı maddə yalnız bu cür materialları yayan şəxsləri məsuliyyətə cəlb edir, lakin onları hazırlayan şəxslərlə bağlı məsuliyyət nəzərdə tutulmur".

A.Quliyev təklif edib ki, süni intellektlə hazırlanmış materialları nişanlama olmadan hazırlayan və yayan şəxslər üçün ayrıca inzibati məsuliyyət müəyyən edilsin: "Bu cür hallarda fiziki şəxslər 150-300 manat, hüquqi şəxslər isə 500-1000 manat məbləğində cərimə olunmalıdır. Məqsəd cərimələri artırmaq deyil, nişanlama mexanizmini məcburi etmək və şəffaflığı təmin etməkdir. O qeyd edib ki, bu yanaşma həm qanunvericiliyin təkmilləşdirilməsinə, həm də süni intellekt texnologiyalarının məsuliyyətli istifadəsinə xidmət edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31