Əkbər Qoşalı: "Yod tabletlerinin paylanması riskin dolayısı ilə etirafıdır" – ÖZƏL

Buşehr Tibb Elmləri Universiteti tərəfindən yayılan məlumata görə, Buşehr şəhərindəki atom elektrik stansiyası ətrafında yaşayan əhali üçün yod tabletlərinin paylanmasına başlanılıb. Bu addım mümkün radiasiya risklərindən qorunmaq məqsədi daşıyır. Kalium yodid tərkibli preparatlar tiroid vəzini qoruyaraq radioaktiv yodun orqanizmə daxil olmasının qarşısını alır. Bildirilir ki, həblər ən effektiv şəkildə radiasiyadan 24 saat əvvəl və ya ən gec 4 saat sonra qəbul edilməlidir.

"Buşehr çevrəsində yod tabletlərinin paylanması ilk baxışda texniki-tibbi profilaktika kimi təqdim olunsa da, bu cür addımlar yalnız səhiyyə məntiqi ilə məhdudlaşmır. Açığı, bu, həm də riskin mövcudluğunun dolayısı etirafı təsiri bağışlayır. Başqa sözlə, dövlət "panika yaratmadan xəbərdarlıq etmək" dilemmasının incə xəttində hərəkət edir".

Bu fikirləri mövzunu Olaylar.az-a şərh edərkən araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. Yazar bildirib ki, bu addımı yalnız daxili təhlükəsizlik tədbiri kimi qiymətləndirmək yetərli olmazdı, çünki atom obyektləri ilə bağlı hər bir önləyici addım artıq bölgəsəl və beynəlxalq kontekstdə oxunur. Özəlliklə Yaxın Şərq kimi yüksək həssas geosiyasi məkanda belə addımlar fon hadisə sayılmamalıdır - o, artıq fonu müəyyən edən hadisədir. Yod tabletlərinin kütləvi paylanması bir neçə paralel ismarıc daşıyır: birincisi, "hazırıq və riskləri nəzərə alırıq" - daxili auditoriyaya yönəlik siqnaldır;
ikincisi, "potensial təhlükə gerçəkdir" - bu, dolayısı ilə beynəlxalq ictimaiyyətə ünvanlanır; üçüncüsü isə, bölgə ölkələrinə ünvanlanan ustaca xəbərdarlıqdır ki, mümkün ssenarilər artıq nəzəri müstəvidən praktik müstəviyə keçir...

Türkoloqun sözlərinə görə, bu təbii olaraq qonşu ölkələrdə rahatsızlıq yarada bilər. Çünki radiasiya sərhəd tanımır - bu, artıq bütövlükdə bölgə ölkələrinin təhlükəsizlik məsələsidir. Belə məqamlarda informasiya şəffaflığı və koordinasiya həyati önəm daşıyır; əks halda, ən kiçik profilaktik addım belə böyük geosiyasi suallar doğura bilər...

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31