Evlənənlər üçün vacib tələb gündəmdə-məcburi narkoloji test
15:55 SosialEkspertlərə görə, bu addım həm tərəflərin daha məsuliyyətli qərar verməsinə, həm də ailə qurulmazdan əvvəl risklərin müəyyənləşdirilməsinə kömək edəcək
Azərbaycanda ailə institutunun qorunması, sağlam cəmiyyətin formalaşdırılması və gələcək nəsillərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində yeni və mühüm təşəbbüs irəli sürülüb. Xəbər verildiyi kimi, ötən gün Milli Məclisin iclasında deputat Göydəniz Qəhrəmanov nikaha daxil olan şəxslər üçün narkoloji müayinənin də məcburi edilməsi ilə bağlı təklif səsləndirib. Deputat hesab edir ki, nikah zamanı təqdim olunan tibbi arayışa narkoloji tibb müəssisəsi tərəfindən verilən arayışın da əlavə edilməsi məqsədəuyğun olar. Onun fikrincə, bu addım həm fərdlərin daha məsuliyyətli qərar verməsinə şərait yaradacaq, həm də ailə qurulmazdan əvvəl risklərin müəyyənləşdirilməsinə kömək edəcək.
Bu təklif artıq ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib və cəmiyyətdə geniş rezonans doğurub.
Qeyd edək ki, hazırda Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslər üçün tibbi müayinə məcburidir. Bu müayinə əsasən irsi və yoluxucu xəstəliklərin qarşısının alınmasına yönəlib. Belə ki, qan analizləri vasitəsilə aşağıdakı xəstəliklər yoxlanılır: hemoqlobinopatiyalar (böyük və aralıq beta-talassemiya, drepanotalassemiya, oraqvari hüceyrəli anemiya), İİV/QİÇS, sifilis. Lakin mövcud qaydalarda narkoloji müayinə, yəni şəxsin narkotik vasitələrdən istifadə edib-etməməsi ilə bağlı yoxlama nəzərdə tutulmayıb.
Mütəxəssislər qeyd edir ki, bəzi hallarda narkotik asılılıq nikahdan sonra üzə çıxır. Bu isə ailədaxili münasibətlərdə ciddi problemlərə səbəb olur. Çox vaxt tərəflərdən biri digərinin bu cür vərdişə sahib olduğunu əvvəlcədən bilmir və nəticədə ailə qısa müddət sonra dağılır. Bu bir faktdır ki, narkotik asılılıq yalnız şəxsin özünü deyil, onun yaxın çevrəsini də təsir altına salır. Bu kimi hallarda ailədaxili münaqişələr artır, psixoloji gərginlik yüksəlir, məişət zorakılığı halları baş verir. Bəzi hallarda isə faciəvi nəticələr, o cümlədən ağır xəsarətlər və hətta ölüm hadisələri qeydə alınır.
Bundan başqa, sosial tədqiqatlar göstərir ki, boşanmalara səbəb olan amillər arasında zərərli vərdişlər, xüsusilə də narkotik və alkoqol asılılığı mühüm yer tutur. Əgər nikahdan əvvəl tərəflərin sağlamlıq vəziyyəti, o cümlədən narkotik istifadə edib-etməməsi barədə obyektiv məlumat əldə olunarsa, gələcək həyat yoldaşları daha düşünülmüş qərar verə bilərlər. Bu isə potensial uğursuz nikahların qarşısını müəyyən qədər ala bilər.
Bəs bu, hüquqi baxımdan nə qədər mümkündür?
Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Musavat.com-a danışıb. Sosioloq qeyd edib ki, məsələ yalnız narkoloji yoxlama ilə məhdudlaşmamalıdır: "Nikaha daxil olan şəxslər üçün narkoloji müayinənin məcburi edilməsi ideyası cəmiyyətin sağlamlığı baxımından son dərəcə əhəmiyyətlidir və bu addımı yalnız müsbət qiymətləndirmək olar. Bununla yanaşı, hesab edirəm ki, məsələ yalnız narkoloji yoxlama ilə məhdudlaşmamalıdır. Yeni ailə qurmağa hazırlaşan şəxslərin psixoloji müayinədən keçməsi də zəruri və qaçılmazdır. Necə ki, bu gün nikahdan əvvəl aparılan qan analizləri müxtəlif irsi və yoluxucu xəstəliklərin qarşısını almağa xidmət edir, eyni məntiqlə narkoloji və psixoloji müayinələr də gələcək ailə həyatında yarana biləcək ciddi problemlərin qarşısını almağa yönəlməlidir".
Sosioloq dedi ki, bu gün boşanmalarda narkotik istifadədəsi ön plana çıxır: "Təəssüf doğuran məqam isə budur ki, bu kimi faktlar çox vaxt ailə qurulduqdan sonra üzə çıxır və artıq gec olur. Nəticədə həm ailə dağılır, həm də tərəflər arasında dərin psixoloji travmalar yaranır.Əgər nikahdan əvvəl həm narkoloji, həm də psixoloji müayinələr aparılarsa, tərəflər bir-biri haqqında daha şəffaf və obyektiv məlumata sahib olar. Bu isə onların daha düşünülmüş qərar verməsinə imkan yaradar. Belə olan halda, sonradan baş verən qarşılıqlı ittihamların da qarşısı müəyyən qədər alınar. Heç kim sonradan "sən demə o narkoman imiş" və ya "psixoloji xəstəliyi var imiş" kimi iddialarla çıxış etməz. Çünki hər şey əvvəldən açıq və aydın şəkildə məlum olacaq".
Sosioloqun fikrincə, bu təşəbbüs əslində, ailə institutunun möhkəmləndirilməsinə xidmət edir: "Şəffaflıq, qarşılıqlı etibar və məsuliyyət prinsipləri üzərində qurulan ailələr daha dayanıqlı olur. Bu baxımdan, nikahdan əvvəl əlavə tibbi və psixoloji yoxlamaların tətbiqi cəmiyyət üçün yalnız müsbət nəticələr vəd edir. Hesab edirəm ki, cəmiyyətimiz bu təşəbbüsü müsbət qarşılayacaq. Çünki hər kəs sağlam, etibarlı və uzunömürlü ailə qurmaq istəyir".