Cinayət qanunvericiliyində dəyişiklik hansı məqsəd daşıyır?
Əli Hüseynli: “Dəyişiklik məhkəmə prosesinin daha tez aparılmasına xidmət edir”
30 Oktyabr 2014 14:09 SiyasətMilli Məclis tərəfindən Cinayət Prosesual Məcəlləsinə edilən dəyişiklik hüquq ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Ekspertlər hesab edirlər ki, Məcəlləyə edilən dəyişikliklər vətəndaşların hüquqlarının məhdudlaşdırılması ilə nəticələnə bilər. Millət vəkili, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Məcəllədə edilən dəyişiklik məhkəmə prosesinin daha tez aparılmasına xidmət edir: "Həm ittiham, həm də müdafiə tərəfi bir və ya bir neçə şəxsdən ibarət ola bilir. O zaman onların sıra ilə çıxış etmələri faktiki olaraq eyni mahiyyətli məsələnin həm ittiham, həm də müdafiə tərəfinin bir neçə şəxsi tərəfindən həyata keçirilməsi sadəcə məhkəmə prosesini uzadır. CPM-də edilən dəyişikliklər ilk növbədə məhkəmə çıxışları mərhələsində məhkəmə icraatının daha sürətlə aparılması üçün şərait yaradır. Eyni zamanda, təqsirləndirilən şəxsin müdafiə hüququnun daha səmərəli həyata keçirilməsi və zərərşəkmişin daha keyfiyyətli hüquqi yardım almasına xidmət edir. Qanunda konkret olaraq qanunu nümayəndə və müdafiəçinin, eləcə də ittiham tərəfin çıxışlarının prosedur məsələləri dəqiq göstərilib. Yəni, ittiham, yaxud müdafiə tərəfi bir neçə şəxsdirsə, onda razılaşdırılmış şəkildə onlardan birinin çıxışı ilə də kifayətlənmək olur. Bu dəyişiklik isə məhkəmə prosesinin daha tez aparılmasına xidmət edir". Millət vəkii Fazil Mustafa qeyd edib ki, Qanuna əlavə edilmiş "Müdafiəçidən imtina etmiş şübhəli və ya təqsirləndirilən şəxsə bu Məcəllənin 92.3.1-ci maddəsinə əsasən sonradan müdafiəçi təyin edilməsi həmin vaxtadək aparılmış prosessual hərəkətlərin təkrarlanmasını məcburi edən hal deyil" maddəsi başa düşülən deyil. Məlumdur ki, elə prosessual hərəkətlər var ki, onun ikinci dəfə təkrar edilməsinin heç bir mənası qalmır. Amma birdən yeni təyin olunmuş müdafiəçi elə bir əsalandırılmış vəsatət qaldırır ki, onun təkrar olunması tamam fərqli bir stuasiya yarada bilər. Yəni müdafiə taktikası fərqlənə bilər. Belə halda bu dəyişiklik hüququn məhdudlaşdırılması anlamına gələ bilər. Əksər halarda olmasa da əsaslandırılmış vəsatəti təqdim edən yeni müdafiəçi üçün bu şans yaradılmalıdır. Deputat əlavə edib ki, dövlət ittihamı bir neçə dövlət ittihamçısı tərəfindən müdafiə edildikdə məhkəmə çıxışı onların öz razılığına əsasən müəyyən edilən dövlət ittihamçısı tərəfindən səsləndirilir. İşdə təqsirləndirilən şəxsin bir neçə müdafiəçisi, zərər çəkmiş şəxsin (xüsusi ittihamçının), mülki iddiaçının və ya mülki cavabdehin bir neçə nümayəndəsi olduqda məhkəmə çıxışını müdafiə və ya təmsil olunan şəxsin müəyyən etdiyi müdafiəçi və ya nümayəndə səsləndirir. Göstərilən hallarda müvafiq məhkəmə çıxışından sonra məhkəmə iclasında fasilə elan edilmədən digər dövlət ittihamçısı, müdafiəçi və ya nümayəndə məhkəmə çıxışına əlavələr səsləndirə bilər" maddəsinə əsasən isə yeni problemlər ortaya çıxa bilər. Çünki ittihamla müdafiəni bərabərləşdirmək heç bir halda düzgün deyil. İttihamçı tərəfdən bir nəfər çıxış edə bilər, ona görə ki, o bir orqanı təmsil edir, məsələyə bir orqanın baxış bucağından yanaşır. Onların kompromisə gəlib bir nümayəndə ilə çıxış etməsini məqbul hesab etmək olar. Amma müdafiədə fərqli takrikalardır: "Bir nəfər tutaq ki, Füzulidən bir şeir deyib, hakimin ürəyini yumuşaldacaq, digəri Roma hüququndan misal gətirib duyğusal yox, sırf hüquqi çıxış edib təsir edəcək. Bu iki fərqli taktikanı birləşdirmək nə dərəcədə məntiqli görünür. Bu müdafiə hüququna kifayət qədər mənfi təsir edə bilər. Təqsirləndirilən, zərərçəkmiş şəxs 3-4 müdafiəçi tutur ki, problemə fərqli aspektdən yanaşaraq onun hüququnu müdafiə etsin. Bu dəyişiklik isə təqsirləndirilən və zərərçəkmiş şəxsin müdafiə hüququnun pozulması, yaxud məhdudlaşdırılmasına gətirib çıxara bilər". Deputat Çingiz Qənizadə qeyd edib ki, bəzən tərəflər məhkəmə prosesinin uzadılmasında maraqlı olduqda prosesdə iştirak edən bir neçə vəkil bilərəkdən çıxaşlarla vaxt alırlar, bəzən də bu çıxışlara hazırlaşmaq üçün günlərlə vaxt itirirlər. Bu isə məhkəmə prosesinin uzanmasına gətirib çıxarır: "Bəzən istintaq zaman təqsirləndirilən şəxs könüllü olaraq bildirir ki, vəkilə ehtiyacı yoxdur. Təbii ki, vəkilin iştirakı olmadan belə prosesin aparılması beynəlxalq konvensiyaya ziddir və Avropa Məhkəməsi bununla bağlı qərar qəbul edib ki, belə proseslərdə vəkilin iştirakı məcburidir. Amma bəzən təqsirləndirilən şəxs prosesin müəyyən mərhələsində vəkil istəyir və tələb edir ki, indiyə qədər aparılmış bütün istintaq hərəkətləri yenidən başlansın. Yeni qanunda isə təsqdiqlənir ki, tərəf özü müdafiəçidən imtina etmiş şübhəli və yaxud təqsirləndirilən şəxs sonradan yeni müdafiəçi təyin olunması məsələsini qaldırdıqda bu vaxta qədər aparılan bütün istintaq hərəkətləri qüvvədə qalır və bunun yenidən təkrarlanmasına məcbur edən hal kimi qəbul etmək olmaz. Bu da istintaq və məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınması üçün tətbiq olunan maddədir". Deputat Siyavuş Novruzovun sözlərinə görə, qanun layihəsinin izahı zamanı onun motivi düzgün qoyulmadı. Bildirildi ki, dəyişiklik məhkəmə və ya istintaq prosesində vaxtın azaldılmasına xidmət edir: "Hakimlər dövlətdən maaş alır, onun işi oturub bu işlərlə məşğul olmaqdır. Bunun vaxtını azaltmaq, çoxaltmaq barədə söhbət gedə bilməz. Çünki məhkəmənin müəyyən edilmiş iş günü var. Belə məlum olur ki, qaçaraq insan taleyini həll edirik ki, təcili onun qərarını qəbul edək, getsin "istirahət eləsin". Bu cür yanaşma tərzi düzgün deyil. Dəyişikliklə bağlı kifayət qədər faktlar varsa, həmin faktlar araşdırılmalıdır. O motiv ki, məhkəmənin vaxtı çox getməsin, bu düzgün fikir deyil". Vitse-spiker Ziyafət Əsgərov bildirib ki, əslində məsələ düzgün qoyulub. Burada vaxta qənaət o mənada nəzərdə tutulur ki, bəzən məhkəmə prosesində məhkəmənin baxış predmetinə aid olmayan o qədər mənasız və məzmunsuz çıxışlar edirlər ki, sünii surətdə məhkəmənin vaxtı uzadılır. Nəzərə almaq lazımdır ki, məhkəmə baxışlarının özünün qanunla müəyyən edilmiş müddətləri var. Bu uzanmanın qarşısının alınması, vaxta qənaət etmək məqsədilə qanunvericilikdə dəyişiklik edilir. Yeni qanunda qeyd edilir ki, göstərilən hallarda müvafiq məhkəmə çıxışından sonra məhkəmə iclasında fasilə elan edilmədən digər dövlət ittihamçısı, müdafiəçi və ya nümayəndə məhkəmə çıxışına əlavələr səsləndirə bilərlər. Bununla imkan verilir ki, digər müdafiəçilər də çıxış edə bilsinlər.
Alim