Azərbaycan ərazilərinin işğal edilməsi beynəlxalq güclərin diqqətində deyil

Mütəllim Rəhimli: “Çünki ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələr problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsini istəmirlər”

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən olan Fransanın təşəbbüsü ilə bu günlərdə Parisdə keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü, həmin görüşdə müzakirə edilən məsələlər, eləcə də mümkün razılaşma ilə bağlı müxtəlif fikirlər səslənməkdədir. Hətta görüşdən əvvəl Paris danışıqlarının Dağlıq Qarabağ probleminin həllində əlamətdar hadisə olacağı da bildirilirdi. Prezidentlərin görüşündən bir neçə gün keçməsinə baxmayaraq hələ də Paris danışıqları barədə müəyyən fikirlər irəli sürülür. Bəs görəsən Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşü Dağlıq Qarabağ probleminin həllinə hər hansı bir təsir göstərəcəkmi? Ümumiyyətlə, bu danışıqlar prosesindən gözləntilər nədən ibarətdir? 

Demokratiyanın İnkişafı Problemləri Mərkəzinin sədri, Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimlinin sözlərinə görə, Azərbaycan tərəfi 20 ildən artıqdır ki, danışıqlar prosesinin nəticəsiz olduğunu müşahidə edir. Çünki ATƏT-in Minsk Qrupunun həmsədri olan Birləşmiş Ştatlar, Fransa və Rusiya problemin beynəlxalq hüquq və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsini istəmirlər: "Danışıqlar prosesinin ən ciddi uğuru kimi mən əsirlərin azad edilməsi məsələsini görürəm". Mütəllim Rəhimli deyir ki, dünyaya Azərbaycanı fağır, beynəlxalq güclərin xoşuna gəlsin deyə nəticəsi olmayan sülhsevər xəttə sadiq bir ölkə kimi təqdim edərək bundan öyünməyə dəyməz: "Əksinə biz göstərməliyik ki, mənasız danışıqlar prosesindən bezmişik və torpaqlarımızı azad etmək əzmimizin qarşısında heç nə dayana bilməz. Yəni bizim üçün danışıqların olub-olmaması heç bir əhəmiyyət kəsb etməməlidir". Demokratiyanın İnkişafı Problemləri Mərkəzinin sədri beynəlxalq birliyin hələ də Qarabağ problemi ilə bağlı məsələdə ədalətli mövqe nümayiş etdirmədiyini, işğalçı ilə işğala məruz qalan tərəf arasında heç bir fərq qoymadığını təəssüf hissi ilə qeyd edib. Onun sözlərinə görə, beynəlxalq təşkilatlar Dağlıq Qarabağ probleminin həllində o qədər də maraqlı deyillər: "Məsələ ondadır ki, Dağlıq Qarabağ problemi, Azərbaycanın digər ərazilərinin işğal edilməsi məsələsi biz təsəvvür etdiyimiz qədər beynəlxalq güclərin diqqətində deyil. Onlar belə bir faktın olduğunu bilirlər. Həm də çox yaxşı başa düşürlər ki, Ermənistan təcavüzkar ölkədir. Lakin bunu açıq şəkildə ifadə etmir və tədbir görmürlər. Ona görə ki, indi güclü ölkələr tərəfindən beynəlxalq qanunlar, ədalət prinsipi kobud şəkildə pozulsa da onlar öz maraqlarından kənar addımlar atmırlar. Qafqaz regionunda mövcud müharibə təhlükəsi ilə müşahidə olunan gərginlik də bu zonaya nəzarət edilməsi üçün bir mexanizmdir. Düşünmürəm ki, bu əlverişli mexanizmi kimsə əldən vermək istəsin. Bu səbəbdən bir tərəfdən problem həll olunmur, digər tərəfdən də baş verən bu cür hadisələrə soyuqqanlı münasibətin şahidi oluruq". Mütəllim Rəhimli Ermənistan tərəfinin hər zaman prezidentlərin görüşündən əvvəl təxribata əl atdığını və Paris görüşü ərəfəsində bunun bir daha müşahidə edildiyini söyləyib: "Ermənistan bu iki girovdan şou yaratmaq istəyir. Əsirlərimizin son foto şəkillərindən də görünür ki, onlara qarşı heç də yaxşı davranmırlar. Görünür onları nəyəsə məcbur etmək istəyiblər, hansısa ifadə almağa çalışıblar. Lakin buna nail ola bilməyiblər. Ona görə də beynəlxalq aləmə göstərməyə çalışırlar ki, əsirlərlə hüquqi müstəvidə rəftar edirlər, onlar barədə qərarı məhkəmələr müstəqil olaraq verəcək. Bu isə absurddur. Belə cəfəngiyyata yəqin ki, ermənilər özləri də inanmırlar. Çünki bu insanların heç bir günahı yoxdur, onlar öz ata-baba torpaqlarına baş çəkməyə gediblər. Buna da haqqları çatır. Ermənilərdən soruşmaq lazımdır ki, onlar Azərbaycanın ərazisi olan Kəlbəcər rayonunda nə gəzirlər". Mərkəz sədri girovların azad edilməsi üçün Azərbaycan tərəfinin bütün lazımı addımları atdığını vurğulayıb: "Mən düşünmürəm ki, Azərbaycan hakimiyyəti Kəlbəcərdə əsir götürülmüş bu iki şəxsin taleyinə biganədir. Bu kimi məsələlərdə Prezident İlham Əliyevin vətənpərvərlik ruhu ciddi işlərin görülməsi ilə nəticələnir. Biz bunu Ramil Səfərovun ölkəmizə ekstradisiyası və azadlığa buraxılması, Mübariz İbrahimovun nəşinin qaytarılması, onun Milli Qəhrəman adına layiq görülməsi və s. müşahidə etmişik. Bu günlərdə İlham Əliyevlə Ermənistan prezidentinin Parisdə keçirilən görüşündə də bu məsələnin gündəmə gətirildiyinə inanıram. Azərbaycan Prezidentinin həm bu görüşün vasitəçilərindən, o cümlədən Fransa prezidenti Fransuas Ollanddan, həm də Ermənistan dövlət başçısı Sarkisyandan girovların azadlığa buraxılmasını tələb etdiyinə inanıram. Zənnimcə, iki girovumuzun azad edilməsi istiqamətində ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə də əməkdaşlıq etmək effek verərdi. Çünki bu qurum artıq sübut olunub ki, münaqişəni həll etmək iqtidarında deyil, yalnız mövcud status-kvonu saxlamağa gücü çatır. Atəşkəsin daha intensiz pozulduğu hallarda tərəflərə təsir edərək vəziyyəti stabilləşdirə bilir. Ona görə də Minsk Qrupunun həmsədrləri azərbaycanlı girovların azad edilməsinə nail ola bilərlər".
Mütəllim Rəhimli bu ərəfədə Ermənistanda siyasi gərginliyin artması, bu ölkədə hakimiyyət dəyişikliyinin mümkünlüyü barədə də danışıb: "Ermənistanda "Qarabağ klanı" adlandırılanlar hakimiyyəti zəbt edib. Bununla belə onlar ölkəni müstəqil olaraq idarə etmək iqtidarında deyillər. Daşnaksutyun Partiyası Ermənistanda mütləq hakimiyyətə malikdir və dövlət büdcəsində də onların diasporadan topladıqları vəsait önəmli yer tutur. Düşünürəm ki, Ermənistanda hakimiyyətin formalaşmasında xalqın rəyi sonuncu yerdədir. Əsas bu ölkəni himayə edən dövlətlər, Daşnaksutyun Partiyası və diasporadır". Mərkəz sədrinin sözlərinə görə, qeyd edilən 3 qüvvə qərar versə ki, hakimiyyət dəyişsin, bu proses mütləq baş verəcək: "Əks halda Yerevanda əhalinin yarısının qırılması hesabına olsa da Serj Sərkisyan iqtidarı saxlanılacaq. Eyni zamanda qeyd etmək lazımdır ki, hətta hakimiyyət dəyişikliyi baş tutsa belə bu ölkədə heç nəyi dəyişməyəcək, Çünki yeni gələnlər də Ermənistanın sahiblərinin təyinatı ilə olacaq".


Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00