“Azərbaycan işğal xərclərini Ermənistan üçün bahalaşdırmalıdır”
Erkin Qədirli: ““Beynəlxalq vasitəçilər” adlanan tərəflər mövcud status-kvonun saxlanmasında maraqlıdır”
30 Oktyabr 2014 12:43 Siyasət"Real" Hərəkatı İdarə Heyətinin üzvü Erkin Qədirli Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən danışıb. Gücün tətbiqi hesabına yaranmış vəziyyətin danışıqlarla dəyişdirilməsinin mümkün olmadığını deyən E.Qədirlinin sözlərinə görə, sülh məsələsində maraqlı olan əsas tərəf Ermənistandır: "Ermənistan işğalçıdır, tutduğunu saxlamaq istəyir, ona görə də özünü barışçı kimi göstərir. İşğala məruz qalmış Azərbaycanda militarist, revanşist, millətçi ruhun, ya da söhbətlərin artması təbii haldır, birbaşa işğaldan qaynaqlanır. Nə qədər ki, işğal davam edəcək, Azərbaycanın sülh mövqeyindən çıxış etməsi zəiflik əlaməti kimi qəbul olunacaq. "Beynəlxalq vasitəçilər" adlanan tərəflər mövcud status-kvonun saxlanmasında maraqlıdır, çünki öz aralarında razılığa gələ bilmirlər. Status-kvonun dəyişdirilməsi üçün hamı Azərbaycana təzyiq göstərir ki, Azərbaycan Ermənistana hücum etməsin. Hücum etməyə haqqı olduğu halda, Azərbaycanı haqsız işğalla barışmağa, yaxud işğala dözməyə məcbur etməyə çalışırlar. Azərbaycan hücum etmək qətiyyətini və hazırlığını aydın göstərməyincə, heç kəs Ermənistana təzyiq etməyəcək ki, işğal etdiyi torpaqlardan çəkilsin. İşğal ona görə davam edir ki, onun saxlanması münaqişənin yekun həllindən daha ucuz başa gəlir. Azərbaycan bu qiyməti (işğal xərclərini) Ermənistan üçün dözülməz dərəcədə bahaya çevirməlidir".