Azərbaycanlı girovlardan ermənilərə insanlıq və qəhrəmanlıq dərsi

Erməni yeniyetməni qaçırmalarına gəlincə Şahbaz Quliyev “uşağa çörək yedizdirmişəm”-deyib

İyulda Azərbaycanın işğal altındakı Kəlbəcər rayonunda erməni silahlı birləşmələri tərəfindən girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovun oktyabrın 27-də qondarma məhkəməsi olub. Dağlıq Qarabağdakı separatçı rejimin təşkil etdiyi "məhkəmə" prosesi hakim Anatoli Tadevosyanın sədrliyilə Xankəndində keçirilib. Bundan əvvəl isə D.Əsgərov və Ş.Quliyevin oktyabrın 27-də keçirilən məhkəməsindən video yayıldı. Videoda azərbaycanlıların məhkəmənin iki mərtəbəli uçuq binasına gözübağlı gətirildiyi bəlli olur. Girovların rus dilini pis bilmələrinin "məhkəmə"də problemlər yaratdığı qeyd olunub. Bundan başqa, onların müdafiəsinin erməni vəkillərə həvalə olunduğu qeyd olunub. İlk prosesdə azərbaycanlıların şəxsiyyətləri, ailə vəziyyətləri dəqiqləşdirilib, Əsgərovun əvvəllər 15 sutka, Quliyevin isə 6 il həbs yatdığı və daha sonra bəraət aldığı deyilib. Erməni mətbuatının yazdığına görə, girovlarımız onlara qarşı irəli sürülən ittihamları qismən etiraf ediblər. Dilqəm Əsgərov bir neçə dəfə Kəlbəcərə getdiyini və bunu yalnız doğmalarının məzarına baş çəkmək üçün etdiyini deyib. O, qəbri ziyarət etmək üçün Azərbaycan sərhədini keçməsi ilə bağlı ittihamları qəbul etməyib. Əsgərov "məhkəmə"də Dağlıq Qarabağ adında bir dövləti tanımadığını bildirib və özünü bu oyuncaq rejimin "sərhədini" pozmaqda günahkar saymayıb. O, bir neçə dəfə Kəlbəcərə getdiyini və bunu yalnız doğmalarının məzarına baş çəkmək üçün etdiyini deyib. Lakin 2014-də Ş.Quliyev və Həsən Həsənovla təmas xəttini keçməsini təsdiqləyib. Əsgərov cəsusluq etməsi və erməni yeniyetməni öldürməsi ittihamları ilə razılaşmayıb. Bununla belə, Dilqəm Əsgərov Kəlbəcərə səfər zamanı üzərində ov tüfənginin olduğunu, ac qalmamaq üçün meşədən sahibsiz mal-qara tutaraq kəsdiklərini etiraf edib. Şahbaz Quliyev isə bildirib ki, o, 2014-də Kəlbəcərə gedib. Erməni yeniyetməni qaçırmalarına gəlincə Quliyev "uşağa çörək yedizdirmişəm"-deyib. Quliyevin sözlərinə görə, erməni yeniyetmə Sumbat Çaxalyanın oğurlanması anını görməyib. Müəyyən vaxtdan sonra Əsgərov "oğlanı öldürmək lazımdır" deyib. Quliyevin məhkəmədə ölüm anını və uşağı kimin öldürdüyünü görmədiyini bildirib. Erməni KİV-nin yazdığına görə, Quliyev atəşin səsindən arxaya dönəndə oğlanın yolun ortasında uzandığını görüb. Qeyd edək ki, Azərbaycan tərəfi girovların qaytarılması ilə bağlı dəfələrlə cəhd etsə də Ermənistanı mövqeyindən geri qaytarmaq mümkün olmayıb. Bu tip problemlərin həllində daha aktiv mövqe nümayiş etdirməli olan Beynəlxalq Qızıl Xaç Komitəsinin məsələyə səthi münasibəti var. Məsələ ilə əlaqədar mətbuata açıqlama verən BQXK-ın ictimaiyyətlə əlaqədar şöbəsinin rəhbəri İlahə Hüseynova qurumun girovların məhkəməsilə bağlı şərh vermədiyini bildirib. İ.Hüseynova qeyd edib ki, komitə bununla bağlı məlumat mənbəyi deyil. O, eyni zamanda yaxın günlərdə girovlara baş çəkilmədiyini də açıqlayıb. Məsələ ilə əlaqədar Rusiyadan da hansısa açıqlama gəlməyib. Axı "təxribatçılıq"-da ittiham olunan Ş.Quliyev və D.Əsgərov Rusiya vətəndaşlarıdır. Əgər beynəlxalq təşkilatlar məsələyə  tezliklə obyektiv qiymət verməsələr girovlar həyati təhlükəli üzləşəcəklər. İlkin ehtimallara görə, qondarma məhkəmə Quliyev və Əsgərova ömürlük həsb cəzası verəcək. Belə olan halda onların azad olunması bir qədər də çətinləşəcək. Çünki məlum səbəblərə görə, Ermənistan və Azərbaycan arasında heç bir əlaqə yoxdur. Girovların vəkillərinin erməni olması da təhlükəni bir qədər artırır. Ümid Rusiyaya qalır ki, bu tərəfin də məsələyə hüquqi qiymət verəcəyi inandırıcı deyil. Ən azından Rusiya bunu öz daxili işi kimi qiymətləndirib girovların həbsdə qalmasına göz yumacaq. Digər ehtimallarda isə Şahbaz Quliyev və Dilqəm Əsgərovun həbsxanada erməni dustaqlarla bir yerdə cəza çəkəcəyi istiqamətindədir. Bu isə ölüm hökmünün qadağan edildiyi Ermənistanda girovalara edam cəzasının verilməsi deməkdir. Beynəlxalq qurumlar məsələyə öz hüquqi qiymətlərini verməlidirlər. 

 

Ömər Zamin

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00