Oqtay Əsədov: “Qarabağdan oyuncaq kimi istifadə edirlər”

"Qarabağdan oyuncaq kimi istifadə edirlər". Bunu Milli Məclisin spikeri Oqtay Əsədov Avropa Parlamentində Dağlıq Qarabağ erməniləri dostları qrupu yaradılması haqqında təşəbbüsdən danışarkən deyib. O bildirib ki, bu addım rəsmi səviyyədə atılmır: "Düzdür, biz artıq öyrəncəli olmuşuq. İndiyə kimi Milli Məclis Azərbaycanla bağlı qəbul edilən ədalətsiz qətnamələrin hamısına öz münasibətini bildirib. Lakin rəsmi olmayan məsələlərdə diqqətli olmalıyıq. Amma bu dostluq qrupunun yaradılması haqqında məlumat yalnız erməni saytlarında çıxıb, Avropa mətbuatında bu barədə heç bir məlumat yoxdur. Ona görə də rəsmi qərar olmadan, münasibət bildirməyək".
O.Əsədov bildirib ki, artıq dünyada ədalət prinsipi itib: "Hansı böyük qüvvəyə nə əl verirsə, onu da edirlər. Qarabağ məsələsindən oyuncaq kimi istifadə olunur". Milli Məclis sədri Dağlıq Qarabağ icmasını daha aktiv olmağa, fəaliyyətini gücləndirməyə çağırıb. Spiker  bu günlərdə Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin qəbul etdiyi sənəddə işğal olunan ölkələr sırasında yalnız Gürcüstan və Moldovanın adının olduğunu, ədliyyə naziri Fikrət Məmmədovun səyi nəticəsində Azərbaycanın adı o sənədə salındığını deyib: "Bu uğurlarımızdan da danışmaq lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00