Müsavatın parçalanmasında Vurğun Əyyub izi
Sabiq birinci müavin adamlarını partiyadan çıxarır
17 Oktyabr 2014 15:13 SiyasətQurultaydan sonra ziddiyyətlər yaranmış Müsavat partiyasında durulma yaranmağa başlayıb. Xatırladaq ki, hər şey başqan seçkilərindən sonra başlandı. Arif Hacılı 228 səslə başqan seçildi. 200 səs almış Qubad İbadoğlu digər adyalarla bərabər isa Qəmbərin yanında dayanıb poz verdi. Yəni yeni başqanı qəbul etdi. Lakin qurultaydan sonra narazılar Arif Hacılı əleyhinə bəyanatlar verməyə başladılar. İddia olundu ki, Hacılı qurultaydan öncə İsa Qəmbərin adından nümayəndələrə deyib ki, başqan özüm olacam. Açkar görünürdü ki, bu, doğru deyil. Narazılar sadəcə məğlubiyyəti həzm edə bilmədilər. Narazılar bir neçə dəfə toplandılar. Hər dəfə də sədarətdə Qubad İbadoğlu oturdu, Vurğun Əyyub, Hikmət Hacızadə zalda oldular, ikinci Hacılını sərt tənqid etdi. Baş verənlər çoxlarına aydın deyildi. Bilinmirdi ki, nə baş verir, əsil narazı kimdi? Arif Hacılının Qubad İbadoğluna qalib gəlməsi o qədər də ədalətsiz nəticə deyildi axı. Qubad İbadoğlunun "parçalanmaya getməyəcəm", "biz partiyada qalıb mübarizəni davam etdirəcəyəm" kimi açıqlamalarından sonra da narazıların sakitləşməsi müəyyən şübhələr yaradırdı. Hiss olunurdu ki, Qubad İbadoğlunu Arif Hacılıya qarşı qoyan qüvvələr var. Müsavatın Tovuz təşkilatının bütövlükdə istefası, ardınca Qara Tofiq kimi tanınan Tofiq Hüseynlinin partiyadan getməsi məsələlərə aydınlıq gətirdi. İndi tamamilə aydındır ki, Müsavatdakı parçalanma prosesinin arxasında Vurğun Əyyub dayanır. Müsavat partiyasının nüvəsini iki region təşkil edib:Qarabağ və Qazax-Tovuz. İsa Qəmbər birincini təmsil edərək başqan idi, Vurğun Əyyub ikincini təmsil edərək birinci müavin. V.Əyyub birinci müavinlikdək çıxandan sonra bu düzən pozulmuşdu. Əslində bu dəfəki qurultayda Vurğun Əyyub tərəfdarları başqa postuna öz namizədlərini keçirmək istəyirdilər. Qubad İbadoğlu da bilərəkdən seçilmişdi. Hesab olunurdu ki, İbadoğlu həm onların, həm də İsa Qəmbərin ənənəvi elektoratının səsini qazanacaq. Lakin Arif Hacılı daha yaxşı işlədi və qarşı tərəfin planını pozdu. Tovuz təşkilatının, ardınca Qara Tofiqin istefası Vurğun Əyyubun perspektiv addımlarına aydınlıq gətirir. Vurğun Əyyub Müsavatda öz perspektivini görmür və yəqin ki, yaxın günlərdə o da istefa verəcək. Böyük ehtimalla, Ellada Məmmədli və bir neçə başqa keçmiş funksioner də Əyyubla gedəcək. Hikmət Hacızadəyə gəlincə, sabiq diplomat Müsavatda qalacaq. Vurğun Əyyubun quracağı partiyada Qara Tofiq də olacaq. Ancaq çətin ki, Qubad İbadoğlu olsun. Çünki İbadoğlu artıq onlara lazım deyil. Qubad İbadoğlu Hacılı ilə körpüləri yandırmayıb. Müsavatda qala bilər. Getsə belə, ya QHT sektorunda və təhsil sahəsində fəalliyyətini davam etdirəcək. Vurğun Əyyubun partiyası 2015-ci il parlament seçkiləri üçün nəzərdə tutulur. Müsavatın Milli Şuradan çıxmasına dəstək vermsə də, AXCP Vurğun bəyin Müsavatda bölücülük və yeni partiya quruculuğu işlərinə dəstək verəcək. Ola bilsin ki, Əyyubun partiyası Milli Şuraya da üzv edilsin.
Ərhun Abbas