Prezident İlham Əliyev: "Azərbaycanla Tacikistan arasında möhkəm münasibətlər mövcuddur" - YENİLƏNİB

AzərTAc bildirir ki, oktyabrın 16-da sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Tacikistan Prezidenti Emoməli Rəhmon və Azərbaycan Prezidenti İlham Əliyev mətbuata birgə bəyanatlarla çıxış ediblər.

Tacikistan Prezidenti Emoməli Rəhmonun bəyanatı:

- Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri.

Bu gün biz Azərbaycan Respublikasının Prezidenti, hörmətli İlham Heydər oğlu Əliyevin ölkəmizə rəsmi səfəri çərçivəsində onunla məzmunlu və konstruktiv görüş keçirdik. Biz görüşdə ikitərəfli, regional və beynəlxalq xarakterli bir çox məsələləri müzakirə etdik. Mən qarşılıqlı əlaqələrimizin indiki vəziyyətindən məmnun olduğumuzu bildirdim. Qeyd edildi ki, Tacikistan Azərbaycan Respublikası ilə əməkdaşlıq məsələlərinə böyük diqqət yetirir. Biz ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif aspektlərinə toxunduq, qarşılıqlı faydalı əməkdaşlığı tənzimləyə və inkişaf etdirə biləcəyimiz prioritet sahələri qeyd etdik. Biz bu kontekstdə Tacikistanda hidroenergetika və neft-qaz sahəsinə aid qurğular tikilməsində, mineral ehtiyatların mənimsənilməsində Azərbaycanın işgüzar dairələrinin investisiya fəaliyyətinin gücləndiriləcəyinə və iki dövlətin bank sistemləri arasında əməkdaşlığa ümid etdiyimizi bildiririk.

Vurğulandı ki, ölkələrimiz arasında qarşılıqlı ticarətin inkişafına əngəl törədən amillərdən biri nəqliyyat-kommunikasiya imkanlarının məhdud olmasıdır. Ölkələrimizin coğrafi mövqeləri nəzərə alınmaqla təbii ki, bu cür ticarət zəruri infrastruktur yaradılmasını tələb edir. Bu baxımdan biz Hökumətlərarası Komissiyanın daimi Katibliyi Bakıda yerləşən TRASEKA layihəsi çərçivəsində Böyük İpək Yolunun bərpa olunmasında maraqlıyıq. Biz həm də Tacikistan ilə Azərbaycan arasında birbaşa aviareys açılmasında maraqlıyıq.

İkitərəfli mədəni və humanitar əlaqələrimizi yüksək qiymətləndirərək bu sahələrdə qarşılıqlı fəaliyyəti genişləndirmək barədə razılığa gəldik. Əcdadlarımızın böyük mədəni irsini daha geniş təbliğ etməyə yönəlmiş yeni təkliflər səsləndi. Məsələn, mən gələn il hər iki ölkədə Azərbaycan xalqının böyük oğlu Nizami Gəncəvinin əsərlərinə həsr edilmiş bir sıra tədbirlərin keçirilməsini təklif etdim. Biz, həmçinin regional və beynəlxalq xarakterli məsələləri, o cümlədən Əfqanıstanda vəziyyəti müzakirə etdik.

Dağlıq Qarabağ münaqişəsi bizim müzakirələrin gedişində mühüm mövzulardan biri oldu. Mən bu problemlə əlaqədar bizim nöqteyi-nəzərimizi ifadə edərək bildirdim ki, Tacikistan müharibənin bütün dəhşətlərini görmüş bir ölkə kimi, münaqişənin dinc yolla, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll edilməsindən ibarət prinsipial mövqeyin tərəfdarıdır. Eyni zamanda, biz çoxtərəfli formatda gələcək əməkdaşlıq məsələlərinə də diqqət yetirdik. Qeyd etdik ki, beynəlxalq və regional xarakterli bir çox məsələlər üzrə ölkələrimizin mövqeləri üst-üstə düşür və ya yaxındır. Tacikistanın və Azərbaycanın həmin məsələlərə konseptual yanaşmaları BMT, ATƏT, MDB, İƏT və EKO çərçivəsində Tacikistan-Azərbaycan münasibətlərinin dinamik və ardıcıl inkişafına şərait yaradır.

Görüşün yekunları ilə əlaqədar bəyan etmək istəyirəm ki, biz Tacikistan Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin gələcəyinə nikbinliklə baxırıq, bu münasibətlərin daha da genişlənməsi və dərinləşməsi üçün əlimizdən gələni etmək əzmindəyik. İndi isə mən böyük məmnuniyyətlə əziz qonağımız - Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevdən öz fikirlərini söyləməsini xahiş etmək istəyirəm. Buyurun.

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı:

- Sağ olun, hörmətli Emoməli Şərifoviç!

İlk növbədə, məni qardaş Tacikistana rəsmi səfərə dəvət etdiyinizə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Tacikistan torpağına ayaq basdığımız ilk andan mənə və nümayəndə heyətimin üzvlərinə göstərilən qonaqpərvərliyə görə də təşəkkür edirəm.

Bu, mənim Tacikistana ikinci rəsmi səfərimdir. Emoməli Şərifoviç də Azərbaycanda iki dəfə rəsmi səfərdə olub. Bu fakt özlüyündə bizim münasibətlərimizin yüksək səviyyəsinə dəlalət edir. Çünki bizim aramızda çox fəal siyasi dialoq var. Biz müxtəlif beynəlxalq tədbirlər - sammitlər, konfranslar çərçivəsində də müntəzəm görüşürük, regional təhlükəsizlik, dünya siyasəti və ikitərəfli münasibətlərimizlə bağlı aktual məsələlərə dair müntəzəm fikir mübadiləsi aparmaq imkanımız var.

Emoməli Şərifoviçin artıq qeyd etdiyi kimi, bizim gündəliyimiz çox genişdir. Bu gün biz qarşılıqlı fəaliyyətimizin mühüm məsələlərini müzakirə etdik. Siyasi münasibətlərimizin çox fəal olması bütün başqa sahələrdə də əlaqələrin fəal inkişafını nəzərdə tutur. Biz bir sıra beynəlxalq təşkilatlarda birgə iştirak edir və bir-birimizi dəstəkləyirik. Fürsətdən istifadə edib, Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilərkən ölkəmizin namizədliyini dəstəklədiyinə görə Tacikistan Prezidentinə bir daha şəxsən təşəkkürümü bildirmək istərdim. Bu dəstək çox vacib idi və biz iki il ərzində bu yüksək beynəlxalq orqanda həm özümüzü, həm də bütün dostlarımızı, tərəfdaşlarımızı təmsil etdik.

Bu gün imzalanan siyasi Bəyannamə bizim gələcək münasibətlərimizin bütün spektrini müəyyənləşdirir. Çox böyük əhəmiyyət kəsb edən bu siyasi sənəddə bizim prioritetlər, birgə gələcəyimiz barədə təsəvvürlərimiz əks olunub. Mən həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində prinsipial mövqeyinə görə Tacikistana təşəkkürümü bildirmək istərdim. Bizim indicə imzaladığımız Bəyannamədə qeyd edildiyi kimi, bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməklə tənzimlənməlidir. Bu qətnamələrin qəbul edildiyi vaxtdan 20 ildən çox keçir, lakin təəssüf ki, onlar yerinə yetirilmir. Qətnamələrdə aydın deyilib ki, erməni işğalçı qüvvələri Azərbaycan ərazisindən çıxarılmalıdır. Münaqişənin beynəlxalq hüquq normalarına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq surətdə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənməsi bizim regionda sülhün təmin edilməsi üçün yeganə mümkün yoldur.

Bu gün biz iqtisadi sahədə qarşılıqlı fəaliyyətlə bağlı məsələləri müzakirə etdik. Əlbəttə, əmtəə dövriyyəsinin həcmi bizi qane edə bilməz, lakin Birgə Hökumətlərarası İqtisadi Komissiyanın dünən keçirilmiş iclası və onun nəticələri barədə bizə məruzə edilənlər nikbin olmağa əsas verir ki, biz əmtəə dövriyyəsini qısa müddətdə artıra biləcəyik. Bu istiqamətdə konkret addımlar atılır. Nəqliyyat sahəsində, xüsusən Azərbaycanın və regionun investisiya və nəqliyyat infrastrukturu nəzərə alınmaqla, gözəl imkanlar var. İlk növbədə, Azərbaycanda, Xəzər regionunda ən iri liman olacaq Yeni Beynəlxalq Dəniz Limanının açılması, habelə gələn il başa çatdırmağı planlaşdırdığımız Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi yeni imkanlar yaradır. Bu, Asiyadan Avropaya və əks istiqamətdə malların tranziti üçün ən qısa, ən səmərəli və ucuz yoldur.

Bu gün biz əməkdaşlığımızın humanitar aspektləri barədə çox danışdıq. Burada yaxşı təcrübə var. Biz həm tarix, həm də mədəniyyət baxımından bir-birimizə yaxın xalqlarıq, eyni sivilizasiyanın nümayəndələriyik. Əlbəttə, bunlar bizi yaxınlaşdırır. Buna görə biz gələcəkdə də mədəni proqramlarla bağlı müxtəlif tədbirlər keçirəcəyik. Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri, Azərbaycanda Tacikistan Mədəniyyəti Günləri böyük uğurla keçdi və xalqlarımız bizim bir-birimizə nə qədər yaxın olduğumuzu bir daha gördülər.

Bu gün biz regional təhlükəsizlik, terrorizmlə mübarizə məsələlərini də müzakirə etdik. Bizdən o qədər də uzaq olmayan regionda vəziyyət, əlbəttə, bizi narahat edir. Regionda təhlükəsizliyi təmin etmək üçün biz mütərəqqi qüvvələrin səylərini birləşdirməliyik. Tacikistanda və Azərbaycanda çox müsbət inkişaf dinamikası var, sabitlik təmin olunub, iqtisadi, sosial məsələlər həll edilir. Buna görə bizim ölkələrdə təhlükəsizliyə daxili təhdidlər yoxdur. Bizi narahat edən bütün amillər sərhədlərimizdən kənardadır. Buna görə, sərhədlərimizin möhkəmləndirilməsi, habelə regional təhlükəsizliyə töhfəmiz fəal müzakirə etdiyimiz məsələlərdir.
Onu da bildirmək istərdim ki, Emoməli Şərifoviçin rəhbərliyi ilə Tacikistanda həyata keçirilən dəyişiklikləri Azərbaycanda böyük maraqla izləyirlər. Siz davamlı iqtisadi artımı, bir sıra sosial məsələlərin həllini təmin edirsiniz.

Tacikistan regionda, dünyada böyük nüfuz sahibidir. Siz öz regionunuzda qarşılıqlı iqtisadi fəaliyyət, regional təhlükəsizlik baxımından çox mühüm rol oynayırsınız və əlbəttə, Düşənbədəki dəyişiklikləri buraya gələn adi insanlar da görürlər. Mən burada bir neçə il əvvəl olmuşdum, indi görürəm ki, böyük dəyişikliklər baş verib, yeni gözəl binalar tikilib, ictimai yerlər abadlaşdırılıb, parklar salınıb. Bütün bunlar insanlar, onların rahatlığı, firavanlığı üçün edilir. Müstəqilliyin ilk illərində həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibələrinin getdiyi dövrdə, habelə müstəqillik əldə edilənə qədər, bizim hələ müstəqil dövlətlər olmadığımız vaxtda çox çətinliklərlə üzləşən xalqlarımız yaxşı yaşamağa layiqdirlər. Mənim fikrimcə, həm Tacikistan xalqı, həm də Azərbaycan xalqı müstəqilliyin üstünlüklərini görür. Axı, biz yalnız müstəqillik dövründə bu cür böyük uğurlara nail ola bilmişik. Biz sizin dostlarınız, qardaşlarınız kimi uğurlarınıza sevinirik. Əminik ki, Tacikistanın dinamik inkişafı davam edəcək və bu, sizin xalqın, bütün regionun xeyrinə olacaq.

Emoməli Şərifoviç, qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm. Fürsətdən istifadə edib, Sizin üçün münasib olan istənilən vaxtda Sizi Azərbaycana dəvət etmək istəyirəm. Sağ olun.

-----------------
 

AzərTAc bildirir ki, oktyabrın 16-da Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib.

Dövlət başçıları ziyafətdə çıxış ediblər.

AzərTAc  xəbər verir ki, oktyabrın 16-da təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Dövlət başçıları görüşdə çıxış ediblər.

Tacikistan Prezidenti Emoməli RƏHMON dedi:

- Əziz qonaqlar. Bu gün sizin hamınızı bu zalda görmək bizə xüsusi sevinc bəxş edir. Əminəm ki, bugünkü görüş Azərbaycan Respublikası və Tacikistan Respublikası xalqlarının rifahı naminə ölkələrimizin zəngin potensialının daha tam və səmərəli şəkildə reallaşması istiqamətində qarşılıqlı səylərin parlaq nümunəsi kimi dövlətlərimizin münasibətlərinin salnaməsinə yeni səhifə yazacaq. Ölkələrimiz regional və qarşılıqlı faydalı münasibətlərin genişləndirilməsi və möhkəmləndirilməsinin qəti tərəfdarıdırlar. Onlar istər ikitərəfli formatda, istərsə də üzv olduqları regional və beynəlxalq təşkilatlar çərçivəsində dostluq münasibətlərini dəstəkləyirlər. Bugünkü Azərbaycan beynəlxalq münasibətlərin mühüm subyektidir, Qafqaz regionunun iqtisadi, siyasi və mədəni mərkəzidir. Bunu, Azərbaycanın demək olar ki, dünyanın 150 ölkəsi ilə ticarət əməliyyatı aparması və Avropanın bir sıra ölkələrində biznesə sərmayə yatırması təsdiq edir. Bundan əlavə, TRASECA hökumətlərarası komissiyanın daimi katibliyinin fəaliyyəti, Bakıda Dubay Ticarət-Sənaye Palatasının MDB ölkələri üzrə nümayəndəliyinin açılması, eləcə də gələn il ölkənizdə Ekobankın illik iclasının keçirilməsi beynəlxalq və regional əməkdaşlıq sistemində Azərbaycanın bir daha önəmli mövqeyinin göstəricisidir.

Biz əsl dost kimi, şübhəsiz ki, qardaş ölkənin bu nailiyyətlərinə sevinirik.

Fürsətdən istifadə edərək bəyan edirəm ki, Tacikistan Azərbaycanın nüfuzunun möhkəmləndirilməsinə, sülhün bərqərar olmasına, sabitlik və regional əməkdaşlığa hədəflənmiş təşəbbüsləri daim dəstəkləyəcək.

Əziz qonaqlar. Bir daha xoş gəlmisiniz! Hörmətli İlham Heydər oğlu! Mən böyük məmnunluqla qarşılıqlı münasibətlərimizin indiki vəziyyəti və perspektivləri ilə bağlı fikirlərinizi bölüşməyi xahiş edərdim. Buyurun.

X    X    X
Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

- Çox sağ olun, hörmətli Emoməli Şərifoviç, əziz dostlar. İlk növbədə, Tacikistana yenidən rəsmi səfər etmək dəvətinə görə Sizə təşəkkürümü bildirmək istərdim. Dost, qardaş Tacikistan torpağında olmağıma çox şadam. Mənə və nümayəndə heyətimizin üzvlərinə göstərilən qonaqpərvərlik münasibətlərimizin yüksək səviyyəsinə dəlalət edir. İlk növbədə, Sizi və bütün tacik xalqını müstəqilliyin möhkəmləndirilməsi və Tacikistanın sosial-iqtisadi inkişafı işində böyük nailiyyətləri münasibətilə təbrik etmək istərdim. Həmin uğurlar illik sürətli iqtisadi artım rəqəmlərində özünü göstərir. Bu uğurları elə ilk baxışdan Düşənbənin necə yeniləşdiyini və gözəlləşdiyini görəndə də hiss etmək olar. Qurub-yaratma, inkişaf, beynəlxalq və regional siyasətdə fəal iştirak ölkənizi səciyyələndirir. Biz dost kimi sizin uğurlarınıza sevinirik.

Əlbəttə ki, rəsmi səfərin imkanlarından istifadə edərək, gələcək əməkdaşlığın yollarını müəyyənləşdirmək istəyirik. Bu gün təkbətək görüşdə qeyd etdiyimiz kimi, biz beynəlxalq təşkilatlarda fəal qarşılıqlı əməkdaşlıq edirik. Biz bütün məsələlərdə bir-birimizi dəstəkləməliyik. Çünki fikir mübadiləsi zamanı qeyd etdiyimiz kimi, bizim çox mürəkkəb, xüsusilə müstəqilliklə bağlı mürəkkəb tariximiz var. Müstəqillik böyük çətinliklərlə əldə edilib. Bəlkə də ən çətin vəziyyətə Tacikistan və Azərbaycan düşmüşdü. Çünki məhz bizim ölkələrimizdə vətəndaş müharibəsi olmuşdu. Sizdə bu müharibə daha uzun müddət çəkdi və daha böyük qurbanlar oldu. Bizdə isə bu müharibə nisbətən az çəkdi, lakin xeyli tələfat oldu. Mahiyyətcə bu sarsıntılar ölkələrimizə inkişaf etməyə imkan vermirdi. Sizin rəhbərliyinizlə Tacikistanda sabitliyin bərqərar edilməsi davamlı inkişaf üçün başlıca amil oldu. Bu gün ölkənizə sərmayələr yatırılır, Tacikistan beynəlxalq və regional təhlükəsizlik sistemində layiqli yer tutur, regionda vacib rol oynayır. Əlbəttə ki, Tacikistan inkişaf etdikcə bu rol daha da artacaq.

AzərTAc  xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Tacikistanın Baş naziri Koxir Rasulzoda ilə görüşüb.

Görüşdə ikitərəfli münasibətlərin perspektivləri haqqında fikir mübadiləsi aparıldı. Azərbaycan Prezidenti İlham Əliyevin bu səfərinin əlaqələrimizin daha da dərinləşdirilməsində böyük rol oynayacağı qeyd olundu. Səfər çərçivəsində imzalanan sənədlərin ölkələrimiz və xalqlarımız arasında dostluq əlaqələrinin, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişlənməsinə töhfə verəcəyi vurğulandı.

AzərTAc  xəbər verir ki, oktyabrın 16-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun təkbətək görüşü olub.

Tacikistan Prezidenti Emoməli RƏHMON dedi:

- Hörmətli İlham Heydər oğlu.

İlk növbədə demək istəyirəm ki, biz Sizin Tacikistana səfərinizdən məmnunuq. Tacikistana xoş gəlmisiniz. Tacikistanı və Azərbaycanı qədim tarix, mədəni əlaqələr birləşdirir. Əminəm ki, Sizin səfəriniz xalqlarımız arasında münasibətlərin inkişafına yeni təkan verəcək. Əlbəttə, bu səfər zamanı ikitərəfli münasibətlərin mühüm istiqamətləri daha dərindən müzakirə olunacaq və çoxtərəfli əməkdaşlığın proqramı müəyyənləşdiriləcək.

Ölkələrimiz arasında münasibətlər çox yaxşı inkişaf edir. İkitərəfli əmtəə dövriyyəsinin həcmi artmaqdadır. Görüş əsnasında münasibətlərimizin gələcək inkişafını da bir daha müzakirə edəcəyik.

Bir daha Sizi burada görməkdən məmnunluğumu ifadə edirəm və Sizə "Xoş gəlmisiniz!" deyirəm.

X    X    X

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

- Hörmətli Emoməli Şərifoviç, təşəkkür edirəm.

İlk növbədə Sizin gözəl ölkənizə səfər etmək dəvətinə görə minnətdaram. Şadam ki, yenidən buradayam və gözəl dəyişiklikləri görürəm. Mən qısa müddət ərzində hələ başqa yenilikləri də görə biləcəyəm. Bütün bunlar Sizin ölkənizin fəal inkişafının nəticəsidir. Biz dost kimi buna sevinirik və əlbəttə ki, ikitərəfli əməkdaşlığın potensialının gücləndirilməsinə ümid edirik.

Bizim aramızda möhkəm münasibətlər mövcuddur. Biz dostuq, tərəfdaşıq. Əlbəttə ki, bu səfər dostluq, tərəfdaşlıq səfəridir. Həmçinin ümid edirik ki, bu səfər iqtisadi əlaqələrin fəal inkişafına təkan verəcək. Ona görə ki, əmtəə dövriyyəsinin bizim istədiyimiz səviyyədə olmadığı fikri ilə razıyıq. Məhz nümayəndə heyətimin tərkibində bir sıra işgüzar dairələrin nümayəndələri, çoxlu nazirlər var. Buna görə, düşünürəm ki, yaxşı nəticə olacaq.

---------
17:41

AzərTAc  xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Tacikistana rəsmi səfəri çərçivəsində Milli Məclisin aşağı palatasının sədri Şükürcon Zuxurovla görüşüb.

Görüşdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq bildirildi, ölkələrimiz arasında münasibətlərin genişləndirilməsində parlamentlərin rolunun əhəmiyyəti vurğulandı. Bildirildi ki, dərin tarixi və mədəni əlaqələrə malik olan Azərbaycan ilə Tacikistan dost və tərəfdaş ölkələrdir. Vurğulandı ki, ölkələrimizin daha da yaxınlaşmasında ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olub. Bu gün Azərbaycan və Tacikistan prezidentlərinin imzaladığı Birgə Bəyannamənin əməkdaşlığın daha da dərinləşdirilməsinə böyük töhfə verəcəyi ifadə edildi.

AzərTAc  xəbər verir ki, oktyabrın 16-da Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevə Tacikistan Milli Universitetinin Fəxri Doktoru diplomunun təntənəli təqdim edilməsi mərasimi keçirilib.

Əvvəlcə dövlətimizin başçısı universitetin bitkilərin öyrənilməsi üzrə elmi-tədqiqat mərkəzinin fəaliyyətini əks etdirən sərgi ilə tanış oldu. Bildirildi ki, bu mərkəzdə bitkilərdən təbabətdə istifadə olunan müxtəlif müalicəvi vasitələr hazırlanır.

Prezident İlham Əliyevə ali təhsil ocağının kitab fondunda saxlanılan qədim əlyazmalar haqqında da məlumat verildi. Burada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin "Xəmsə"sinə daxil olan bir neçə əsərin orta əsrlərə aid əlyazmaları da var.

Sərgidə, həmçinin ümummilli lider Heydər Əliyev, Azərbaycan və Tacikistan prezidentləri İlham Əliyev və Emoməli Rəhmon haqqında kitablar nümayiş olunur.

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyev haqqında tacik dilində çap olunmuş kitabı imzaladı.

Sonra tədbirdə çıxış edən Tacikistan Milli Universitetinin rektoru Mahmadyusuf İmomov dövlətimizin başçısının çoxşaxəli fəaliyyətindən danışdı və qeyd etdi ki, Elmi Şuranın qərarı ilə Azərbaycan Prezidentinə bu ali təhsil ocağının Fəxri Doktoru adı verilib. Rektor bildirdi ki, Elmi Şuranın qərarı ilə elm, təhsil, mədəniyyət və beynəlxalq əlaqələrin inkişafına, Azərbaycan və tacik xalqları arasında dostluq əlaqələrinin möhkəmlənməsinə böyük töhfələrinə görə Azərbaycan Prezidentinə universitetin Fəxri doktoru adı verilib.

Hər iki ölkənin dövlət himni səsləndirildikdən sonra Fəxri Doktor diplomu və mantiyası Azərbaycan Prezidentinə təqdim olundu.

Dövlətimizin başçısı universitetin professor-müəllim heyəti və tələbələr qarşısında nitq söylədi.

AzərTAc xəbər verir ki, oktyabrın 16-da sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Tacikistan Prezidenti Emoməli Rəhmon və Azərbaycan Prezidenti İlham Əliyev mətbuata birgə bəyanatlarla çıxış ediblər.

AzərTAc xəbər verir ki, oktyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Düşənbənin "Dusti" meydanındakı "Tacikistanın milli həmrəyliyi və dirçəlişi" xatirə kompleksində İsmoili Somoni abidəsini ziyarət edib.

Dövlətimizin başçısının şərəfinə burada fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.

AzərTAc xəbər verir ki, oktyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Tacikistan sənədlərinin imzalanması mərasimi olub.

"Azərbaycan Respublikası Prezidentinin və Tacikistan Respublikası Prezidentinin Birgə Bəyannaməsi"ni Prezident İlham Əliyev və Prezident Emoməli Rəhmon imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Tacikistanın xarici işlər naziri Sirociddin Aslov imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və Tacikistanın xarici işlər naziri Sirociddin Aslov imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında səhiyyə sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev və Tacikistanın səhiyyə və sosial müdafiə naziri Salimzoda Nusratullo imzaladılar.

"Azərbaycan Milli Elmlər Akademiyası və Tacikistan Respublikası Elmlər Akademiyası arasında elmi əməkdaşlıq haqqında Saziş"i Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə və Tacikistan Elmlər Akademiyasının prezidenti Farxod Rahimi imzaladılar.

---------
11:19

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, oktyabrın 16-da təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Dövlət başçıları görüşdə çıxış ediblər.

AzərTAc xəbər verir ki, oktyabrın 16-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun təkbətək görüşü olub.

AzərTAc xəbər verir ki, Tacikistan Respublikasına rəsmi səfərə gələn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 16-da Düşənbədə Millət Sarayında rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Azərbaycanın və Tacikistanın dövlət himnləri səsləndi.

Azərbaycan Prezidenti Tacikistan əsgərlərini salamladı.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Azərbaycan Respublikasının nümayəndə heyətinin üzvləri Prezident Emoməli Rəhmona, Tacikistan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.
Prezidentlər rəsmi foto çəkdirdilər.

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Tacikistan Respublikasına rəsmi səfərə gəlib.

Azərbaycanın və Tacikistanın dövlət bayraqlarının dalğalandığı Düşənbə Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısını Tacikistanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00