Ədliyyə naziri korrupsiyadan danışıb
16 Oktyabr 2014 16:10 SiyasətƏdliyyə naziri Fikrət Məmmədov Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsindəki sədrliyi adından Konqresin 27-ci sessiyasının plenar iclasında çıxışında korrupsiya ilə mübarizə məsələsinə toxunub. Nazir sözügedən məsələnin həm Avropa Şurası, həm də Azərbaycan üçün çox vacib bir məsələ olduğunu vurğulayıb: "Korrupsiya demokratiya və hüququn aliliyi kimi prinsiplər üçün təhlükədir və buna görə də korrupsiya ilə mübarizə AŞ-nın prioritetinə çevrilib. Korrupsiya ilə mübarizə eyni zamanda Azərbaycan hökuməti üçün də prioritet təşkil edən məsələdir və ölkəmizdə bu istiqamətdə əhəmiyyətli irəliləyiş əldə olunub. Bu yay biz Bakıda korrupsiya ilə mübarizə mövzusunda yüksək səviyyədə tədbir keçirdik. Bundan başqa, BMT-nin təşəbbüsü ilə təsis olunan Korrupsiyaya qarşı Beynəlxalq Assambleyanın 3-cü sessiyasının toplantısı bu ilin noyabr ayında Bakıda təşkil olunacaq. Korrupsiya ilə mübarizə sahəsində bilik və təcrübə baxımından bu ortada olan boşluqları doldurmaq üçün yaxşı fürsətdir və biz də bununla bu əhəmiyyətli məsələyə öz töhfəmizi verə biləcəyik. Biz bilirik ki, Konqres də bu məsələ ilə bağlı ciddi fəaliyyət göstərir. Bu məsələlər bizim sədrliyimizin prioritetləridir, amma biz bu işləri sədrliyimizdən sonra da ciddi şəkildə davam etdirəcəyik".