“Qubad İbadoğlu qurultayda Müsavat başqanı seçilmişdi”
Təhmasib Novruzov: “Qurultaydan sonra Müsavatı dəstəkləyən beynəlxalq təşkilatların da partiyaya olan inamı sıfıra enib”
16 Oktyabr 2014 15:41 Siyasət"Müsavatda baş verən gərginlik özünü həmişə "obyektiv" adlandıran İsa Qəmbərin daxildə yaratdığı antidemokratik mühitlə əlaqədardır". Siyasi analitik Təhmasib Novruzov məsələ ilə əlaqədar "Olaylar"-ın sualını cavalandırarkən belə deyib. T.Novruzov hesab edir ki, Müsavatın qurultayında obyektivlik olsaydı, Qubad İbadoğlu başqan seçiləcəkdi. Arif Hacılının şanslarının daha az olduğunu deyən analitikin sözlərinə görə, Hacılı partiyanı qoruyub saxlaya bilməyəcək: "İndiki başqanı partiyadan yox, hərəkat illərindən tanıyıram. Arif Hacılının Zaqatalada gördüyü işlərdən xəbərim var. Dövlət müşaviri kimi fəaliyyətindən də məlumatlıyam. Bu adamda heç bir təşkilatçılıq qabiliyyəti yoxdur. Ona səs verib partiyaya başqan seçməklə müsavatçılar özlərini dərin quyunun içərisinə atdılar. Qurultayın qeyri-demokratik məcrada keçirən Müsavat sabah hansı haqla demokratiyadan danışacaq? Partiyanın lideri saxtakarlıqla baş tutan qurultayı dəstəkləyirsə, sabah hansı haqla obyektivlikdən danışacaq? Müsavat ehtiyatlı davranmadığı üçün belə bir çətin vəziyyətlə üzləşib. Qurultay Müsavatda demokratiyanın olmadığını göstərən faktordur. Bundan sonra Müsavatı dəstəkləyən beynəlxalq təşkilatların da partiyaya olan inamı sıfıra enib". ("OLAYLAR" İA)