Vəfa Quluzadə: “Ermənistanın Avrasiya İttifaqına üzv olması simvolik məna daşıyır”

"Ermənistanın Avrasiya İttifaqına üzvlüyü simvolik məna daşıyır". Politoloq Vəfa Quluzadə "Olaylar"-ın məsələyə dair sualını cavablandırarkən belə deyib. V.Quluzadə hesab edir ki, Ermənistan birmənalı şəkildə Rusiyanın təzyiqləri altında bu sənədə imza atıb: "Ermənistan Avrasiya İttifaqının üzvü ola bilməz, çünki quruma üzv ölkələrin heç biri ilə sərhədi yoxdur. Nə Rusiya, nə Qazaxıstan, nə də Belorusiyanın qonşuluğunda yerləşir. Bu Rusiya tərəfindən Qərbə qarşı yönəlmiş jestdir. Yəni ki, Moskva bununla Cənubi Qafqazda iştirakını göstərmək istəyir. Bundan başqa heç bir məna kəsb etmir". Vəfa Quluzadə məsələnin Azərbaycana təsirləri barədə də fikir bildirib. O, qeyd edib ki, Ermənistanın Avrasiya İttifaqına üzv olması Azərbaycana aidiyyatı olmayan məsələdir: "Azərbaycanın lehinə olan əsas faktorlar - ölkə iqtisadiyyatının inkişafı və Azərbaycanın güclü xarici siyasətidir. Azərbaycanın lehinə olan amil odur ki, Rusiya zəifləyir. Qərbin sanksiyaları Rusiyanı zəiflətdiyi üçün Azərbaycana qarşı yumşaq siyasət yürüdür". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00