Prezident İlham Əliyev bir daha Ermənistana xəbərdarlıq etdi

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında etdiyi çıxışda bir çox vacib məsələlərə toxunub. Ölkədə ictimai-siyasi durum, əhalinin sosial rifahının yüksəlməsi, Azərbaycanın gəlirlərinin artması və neft gəlirləri hesabına qeyri-neft sektorundakı inkişaf, ölkə əhalisinin neftdən asılılığının minimuma endirilməsi, Azərbaycanın beynəlxalq layihələrdəki rolu və sair dövlət başçısının əsas diqqət yetirdiyi məsələlər olub. Prtezidentin müşavirədə toxunduğu ən vacib məsələlərdən biri isə Azərbaycan torpaqlarını işğal edən Ermənistanın sıxışdırılması, Azərbaycandan asılı vəziyyətə salınması olub. İlham Əliyev Ermənistandakı vəziyyəti xatırladaraq işğalçı dövlətin məhz Azərbaycana görə bu cür sıxıntılarla üzləşdiyini deyib və bir daha bəyan edib ki, Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməyənə qədər bu cür blokada vəziyyətində boğulmaqda davam edəcək. Artıq Ermənistanın vəziyyəti, problemlər içərisində boğulması demək olar ki, bütün dünyaya məlumdur. Bu ölkə hansısa havadarlarının hesabına Azərbaycanın işğal etdiyi ərazilərini boşaltmadığından bu vəziyyətə düşüb, ölkədə sosial partlayışlar gün-gündən artmaqdadır. Artıq iş o həddə çatıb ki, Ermənistan əhalisi ölkəni sürətlə tərk etməyə başlayıb. Bunu artıq dünya ölkələri də etiraf edir, hətta Ermənistana havadarlıq edən ölkələr də. Dövlət başçısı İlham Əliyev çıxışında bunu açıq bəyan edib və artıq Ermənistana deyil, dünya ölıkələrinə, Ermənistanın havadarlarına mesaj göndərib. Prezident bəyan edib ki, heç bir ölkə Azərbaycanı Ermənistanla müqayisə edə bilməz. Çünki, bu həqiqətən də müqayisə edilməyəcək səviyyədədir. Bu gün Azərbaycan nəinki Qafqazda, artıq dünyada sürətli inkişaf edən dövlətlərdəndir. Artıq Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələri ilə rəqabət apara biləcək səviyyədədir. Bu açıq-aşkar hiss olunur və Azərbaycanın gücü, qüvvəti durmadan artır. Ermənistanda isə vəziyyət həddindən artıq pisləşməyə doğru irəliləyir və bu da ölkə əhalisinin başqa ölkələrdə sığınacaq alması ilə nəticələnir. Çarəsi hər yerdən üzülən işğalçı dövlət isə artıq kömək üçün heç bir yerə əl ata bilmir. Nəticədə Ermənistan öz müstəqilliyini itirmək təhlükəsinə sürətlə yaxınlaşır. Dövlət başçısı çıxışında deyib: "Nə qədər ki, Ermənistanda kriminal diktatura rejimi hökm sürür, bu ölkə öz müstəqilliyini tamamilə bir o qədər də tez itirəcəkdir. Azərbaycan zənginləşən, güclənən müstəqil bir dövlətdir, Ermənistanın uğurlu inkişafı üçün isə heç bir amil yoxdur". Dövlət başçısı həmçinin Ermənistanın təxribat xarakterli hərəkətlərinə də layiqli cavab verildiyini bildirib. Prezident deyib ki, Azərbaycan bütün sahələrdə Ermənistanı üstələdiyi kimi onun təxribatlarına da cavab verməyə qadirdir və sonadək də belə olacaq: " Əgər Ermənistan bir daha təxribata əl atsa, yenə də layiqli cavab alacaq. Ermənistan çalışır ki, maksimum dərəcədə münaqişənin həllini uzatsın və status-kvo dəyişməz olaraq qalsın. Status-kvonun dəyişdirilməsi işğal edilmiş torpaqların azad edilməsi deməkdir". Dövlət başçısı həmçinin ATƏT-in  Minsk  qrupu  həmsədrlərinin fəaliyyətinə də toxunub və bu qurumun fəaliyyətini ciddi tənqid edib. Bildirib ki, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həllini nizamlamaq məqsədilə ortaya atılan ATƏT-in Minsk Qrupunun həmsədrləri bu sahədə heç bir müsbət fəaliyyət göstərmir və məsələyə ciddi yanaşılmır: "ATƏT-in Minsk Qrupunun bəyanatları  havada qalır,  Ermənistan  buna məhəl qoymur. Bu bəyanatları səsləndirən tərəflər isə ciddi ölçü götürmürlər və belə olan halda məsələ öz həllini tapmır. Azərbaycanın  ərazi  bütövlüyü  dünya  birliyi  tərəfindən  tanınır  və  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsi  yalnız  Azərbaycanın  ərazi  bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. İqtisadi  cəhətdən  Ermənistanı  Azərbaycanla  müqayisə  etmək  mümkün  deyil. Azərbaycan  zənginləşən,  güclənən  müstəqil  bir  dövlətdir.  Ermənistanın  uğurlu  inkişafı üçün heç bir amil yoxdur. Ölkə tənəzzülə uğrayıb". Prezident həmçinin avqustun 30-da Ermənistan silahlı bölmələrinin təmas xəttində təxribatına da münasibət bildirib və bir daha qarşı tərəfin layiqli cavab alaraq susdurulduğunu bildirib: "Bizim hərbçilərimiz layiqli cavab  veriblər.  Onlarla  işğalçı  məhv  edilmişdir.  Onlara  böyük  sarsıdıcı  zərbə vurulmuşdur". Dövlət başçısı bildirib ki, Ermənistan həmişə layiqli cavabını alıb və bundan sonra da alacaq. Prezident Ermənistan əhalisinin ölkəni sürətlə tərk etməsini rəsmi statistika əsasında deyib: "Ermənistanın rəsmi statistikasına görə, təkcə bu ilin doqquz ayında ölkə əhalisi 80 min nəfər azalıb. Bu meyl ilin sonuna qədər davam edəcək və beləliklə, Ermənistanda 100 mindən artıq əhali azalacaq. Ermənistan vətəndaşlarının kütləvi şəkildə ölkədən getməsinin bir neçə səbəbi var:korrupsiya, diktatura rejimi, biznes imkanlarının məhdud olması, işsizlik, yoxsulluq. Təmas xəttində son hadisələrdən sonra bu kütləvi köç daha da geniş vüsət almışdır. Əgər Ermənistan bir daha təxribata əl atsa, yenə də layiqli cavab alacaq və görəcək ki, bu təxribat yeni köç dalğasına təkan verəcəkdir. Bəli, dövlət başçısı İlham Əliyev haqlı olaraq bəyan edir və bu prosesin nədən qaynaqlandığı bütün dünyaya məlumdur. Artıq Ermənistanın hər yerdən əli üzülüb. Bu ölkə sürətlə tənəzzülə doğru irəliləyir. Ölkədə heç bir inkişaf olmadığı halda Ermənistan əhalisi bu öğlkədə necə yaşasın? Hər hansısa bir ölkədə inkişaf yoxdusa,  insanların sosial durumu gün-gündən ağırlaşırsa, işsizlik artıq kriminal diktatura həddinə çatırsa, əlbəttə ki, bu ölkədə yaşamaq qeyri-mümkün olacaq. Bunu Ermənistanın siyasi hakimiyyəti də çox gözəl anlayır və bu prosesin sonunun siyasi partlayışla nəticələndiyini dərk edirdi. Amma, Ermənistan hakimiyyəti elə bilirdi ki, daim onun havadarları arxasında duracaq və ölkədə siyasi sabitlik yaranacaq. Bu isə baş vermədi. Artıq Ermənistana vaxtilə havadartlıq edən və özünü hegemon adlandıran ölkələr də sonda Azərbaycanla razılaşmaq və Ermənistana himayədən əl çəkmək məcburiyyətində qaldılar. Çünki, Azərbaycan artıq beynəlxalq və iri layihələrdə aparıcı, sözünü deyən və diqtə edən ölkəyə çevrilib. Artıq bütün hegemon ölkələr Azərbaycanın şərtlərini üstün tutur. Bu da Ermənistanın həmin havadarlarını geri çəkilmək məcburiyyətində qoyub. Artıq Ermənistanın iflasa uğradığını açıq görən əhali isə nəinki işğal altında olan Azərbaycan torpaqlarını, hətta Ermənistanı tərk etməyə başlayıb. Artıq Ermənistan bundan qorxuya düşüb və siyasi hakimiyyət yaxın 3-5 il ərzində Ermənistanda yaşayış olmayacağından ehtiyatlanır. Amma, nə faydası? Bu gün Ermənistanı böhrandan çıxarmaq üçün yeganə çıxış yolu Azərbaycanın torpaqlarını geri qaytarmasıdır. Çünki bu gün Ermənistan Azərbaycan razılıq vermədiyi üçün heç bir beynəlxalq layihələrə qoşula bilmir. Bu gün Ermənistan Türkiyə ilə sərhədlərini aça bilmir. Çünki, Türkiyə Ermənistan qarşısında şərt qoyub ki, Dağlıq Qarabağın işğal altındakı əraziləri azad edilməyincə Ermənistanla sərhədləri açmayacaq. 3 qonşu ölkənin ikisi tərəfindən blokada şəraitinə salınan Ermənistan tam olaraq dalana dirənib. Ermənistan demək olar ki işğalçılıq siyasətini davam etdirdiyi üçün əksər dövlətlərlə istisadi əməkdaşlıq edə bilmir. Artıq əksər dövlətlər Ermənistanın işğalçı siyasətini görüb onunla əməkdaşlıqdan imtina edib. Digər dövlətlər isə blokada şəraitində olan bir dövlətlə əməkdaşlığın uğur gətirməyəcəyini bildiyindən Ermənistandan imtina edir.
Dövlət başçısı çıxışında Azərbaycan Ordusunun vəziyyətinə də toxunub və Azərbaycan Silahlı Qüvvələrinin vəziyyətini açıqlayıb:  Texniki təchizat baxımından Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Gələn ilin büdcəsində hərbi xərclərə xüsusi diqqət göstərilməlidir. Biz  müharibə  şəraitində  yaşayırıq,  müharibə  bitməyib,  davam edir.  Yeni  müasir,yüksək dəqiqliyə malik olan silahların alınması məsələləri öz həllini tapır və tapmalıdır. Bizim hərbi təlimlərimizdə və hərbi paradlarda nümayiş etdirilən texnika ən yüksək standartlara cavab verir. Azərbaycanda  hərbi  istehsal  inkişaf  edir.  Bu  ilin  keçən  rübündə  ilk  dəfə  olaraq Azərbaycanda  böyük  beynəlxalq  hərbi  sərgi  keçirilmişdir.  Həm  Azərbaycan  öz  hərbi məhsullarını təqdim etmişdir, həm də ki, dünyanın bu sahədə aparıcı ölkələri öz müasir silah və texnikalarını nümayiş etdirmişlər". Prezidentin bu sahəyə diqqəti bir daha Ermənistanı silkələdi. Artıq Ermənistan bilir ki, Azərbaycanın illik müdafiə xərcləri Ermənistanın dövlət büdcəsindən artıqdır. Bu qədər vəsait ayrılan, modernləşdirilən ordu qarşısında nə Ermənistan, nə də onun havadarları dayana bilməyəcək. Artıq Azərbaycan Ordusu Qafqazın ən güclü ordusudur. Bu isə o deməkdir ki, Azərbaycan Ordusu bir əmrlə nəinki işğal altındakı Azərbaycan torpaqlarını azad etməyə qadirdir, hətta Ermənistanı da mühasirədə saxlayar. Ermənilər özləri də etiraf edirlər ki, Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməzlər. Sadəcə Ermənistanıən siyasi hakimiyyəti hələ də prosesi yubatmaq, vaxt udmaq istəyir. Dövlət başçısı İlham Əliyev də prosesin sülh yolu ilə həlli üçün əlindən gələni edir ki, proses davasız həll edilsin. Ermənistan rəhbərliyi də bunu çox gözəl dərk edir, sadəcə hələ ki bu addımı atmaq istəmir. Prezident İlham Əliyev müşavirədə bir daha bu məısələyə toxunmaqla Ermənistan siyasi rəhbərliyini ayılmağa, Azərbaycanla razılaşmağa dəvət etdi.


Samir Əli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00