Nursultan Nazarbayev: MDB-nin yeni inkişaf konsepsiyası hazırlana bilər

Müstəqil Dövlətlər Birliyinin (MDB) yeni inkişaf konsepsiyası Birlik ölkələrinin dövlət başçılarının iştirakı və razılığı ilə işlənib hazırlanmalıdır. Trend-in "Rossiya 24" telekanalına istinadən verdiyi məlumata görə, bunu Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Minskdə MDB Dövlət Başçıları Şurasının iclasında bəyan edib. Onun sözlərinə görə, sənəd MDB-nin yaradılmasının 25 illiyinə (2016-cı ildə) hazırlana bilər. Dövlət başçısı qeyd edib ki, MDB-yə sədrliyin 2015-ci ildə Qazaxıstana verilməsi haqqında razılıq əldə olunub və ölkə, həmçinin ticarət-iqtisadi münasibətlərin inkişafı, azad ticarət zonaları sahəsində işləri davam etdirir: "Bizim gələcək əməkdaşlığımız tranzit-nəqliyyat sahəsini, aqrar-sənaye kompleksini, ərzaq təhlükəsizliyi sahəsini əhatə edir. Sədrliyimiz bu məsələləri və humanitar əməkdaşlıq sahəsində təhlükəsizliyi əhatə edəcək". N.Nazarbayev bildirib ki, Qazaxıstan Şuranın növbəti iclasının 2015-ci ilin dördüncü rübündə keçirilməsini müəyyən edib. Prezident deyib ki, dəqiq tarix Birlik ölkələrinin Xarici İşlər nazirlikləri ilə razılaşdırılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00