Elman Türkoğlu: “Xədicə İsmayıl əvvəlcə sənədləri özünün yaymadığını dedi, sonra boynuna aldı”
10 Oktyabr 2014 13:53 SiyasətKeçmiş KXCP funksioneri Elman Türkoğlu jurnalist Xədicə İsmayılla məhkəməsi barədə məlumat verib. X.İsmayılın da məhkəmədə iştirak etdiyini deyən E.Türkoğlu qeyd edib ki, jurnalist vəkilinin və hakimin verdiyi suallara cavab verməkdən imtina edib: "Deyəsən Xədicə ağıllanmayıb. O, əvvəlcə saxta sənədlərin özü tərəfindən paylaşılmadığını dedi. Əlimizdə olan dəlillərlə sübut etdik ki, təhqir dolu saxta sənədləri Xədicə İsmayıl yayıb. Daha sonra boynuna götürdü və bildirdi ki, həmin sənədləri ona MTN-nin Fransada yaşayan keçmiş əməkdaşı Ramil Nağıyev göndərib. Bu da Xədicənin yalanıdır". Elman Türkoğlu qeyd edib ki, Ramil Nağıyev sənədlərin və üzərində olan möhürünün saxta olması barədə "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid və Xədicə İsmayıla məlumat verib. Lakin buna baxmayaraq baş redaktor və jurnalist sənədləri "Facebook", sayt və qəzetlərdə yayımlayıblar: "İkinci dəfə isə AXCP sədri Əli Kərimlinin tapşırığı ilə fevralın 17-də Xədicə İsmayıl yenidən "Feysbuk"-da paylaşıb. Ramil Nağıyev bu dəfə də Xədicə İsmayıla öz etirazını bildirib. İndi Xədicə canını qurtarmaq üçün utanmadan deyir ki, həmin sənədləri ona Ramil Nağıyev göndərib. Amma Xədicə İsmayıl ona ünvanlanan suallar qarşısında aciz qalaraq cavab verməkdən imtina edir. Çünki onun şefi Əli Kərimli tapşırıq verib ki, ünvanlanan suallara cavab verməsin. Amma onu da Xədicə İsmayılın nəzərinə çatdırıram ki, ən azı iki il həbsdə qalacaqsan. Çünki həmin saxta sənədə görə cəzanı almalısan". ("OLAYLAR" İA)