Ziyafət Əsgərov Vyetnamı Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırıb

Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Vyetnam Milli Assambleyasının Hüquq komitəsinin üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb. Ziyafət Əsgərov qeyd edib ki, hələ sovet hakimiyyəti dövründə Azərbaycanla Vyetnam neft-qaz sənayesi sahəsində əməkdaşlıq edib. Hazırkı müstəqillik dövründə əlaqələrimizi daha da inkişaf etdirmək üçün böyük potensial var. Belə ki, bu ilin mayında Prezident İlham Əliyevin Vyetnama səfəri zaman imzalanmış sənədlər, o cümlədən Vyetnamla ARDNŞ arasında əməkdaşlığa dair Memorandum hərtərəfli əməkdaşlıq üçün yaxşı hüquqi zəmin yaradıb. Qonaqların nəzərinə çatdırılıb ki, Milli Məclisdə Vyetnamla parlamentlərarası əlaqələr üzrə dostluq qrupu fəaliyyət göstərir. Milli Məclis sədrinin birinci müavini qonaqlara məlumat verib ki, Azərbaycan Cənubi Qafqaz regionunda iqtisadi cəhətdən ən qüdrətli ölkədir. Vyetnamla əlaqələrə mühüm əhəmiyyət veririk, əməkdaşlığı genişləndirmək üçün yaxşı imkanlar var. Sonra Ziyafət Əsgərov Dağlıq Qarabağ münaqişəsi barədə söhbət açıb və Vyetnamı Azərbaycanın ərazi bütövlüyü ilə bağlı BMT-də, digər beynəlxalq təşkilatlarda aparılan müzakirələr zamanı ölkəmizin haqlı mövqeyini dəstəkləməyə çağırıb Vyetnam nümayəndə heyətinin başçısı Milli Assambleya rəhbərliyinin dəvətini Milli Məclisin rəhbərliyinə çatdırıb. Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduqlarını deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00