YAP bələdiyyə seçkilərində qadınlara üstünlük verəcək
Bahar Muradova: “Kişiləri bu məsələdə qadınların işinə dəstək verməyə çağırırıq”
9 Oktyabr 2014 15:02 Siyasət"Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərinə yüksək səviyyədə hazırlaşır. Son vaxtlar bu istiqamətdə keçirilən tədbirlər bütün ictimaiyyətə məlumdur. Hesab edirəm ki, bu prosesdə qadınlarımız da fəaldır". Bunu deyən Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradovanın sözlərinə görə, qadınların fəallığına ötən bələdiyyə seçkilərində çox yaxşı təkan verilib: "Ötən bələdiyyə seçkiləri ərəfəsində Yeni Azərbaycan Partiyasının fəal işinin nəticəsi idi ki, bələdiyyə üzvləri içərisində 4 faizədək olan qadınların iştirakı 27 faizə qədər yüksəldi. Bu, çox böyük uğurdur və bilavasitə Yeni Azərbaycan Partiyasının təşkilatçılığı sayəsində əldə olunub. Eyni fəaliyyəti bu dəfə də davam etdirmək əzmindəyik. Bildiyimiz kimi, artıq YAP Qadınlar Şurasının rayon və şəhər təşkilatlarının rəhbərlərinin iştirakı ilə bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar müşavirə keçirilib və konkret tapşırıqlar yerlərdə icra olunmaqdadır. Yeni Azərbaycan Partiyasının seçkilərdə iştirak təcrübəsi, əldə etdiyi uğurlar və daim yeniliyə meyli imkan verir ki, biz istənilən vaxt bütün fəaliyyətimizi seçki relsi üzərinə keçirək. Ona görə də, bu seçkilərdə hər hansı çətinliyin və ya problemin olacağını düşünmürəm. Seçkiyə hazırlığın müvafiq mərhələsinə uyğun vəzifələr zamanında yerinə yetirilir". Onun sözlərinə görə, partiyanın ümumi işində yerli özünüidarə orqanlarında YAP üzvlərinin həm çəkisinin, həm də iş keyfiyyətinin artırılması əsas hədəfdir. Bu prosesdə qadınların, gənclərin iştirakı da prioritet məsələlərdən biridir: "Biz bu dəfə də prosesi irəliyə aparmaq üçün daha geniş fəaliyyət göstəririk. Bununla əlaqədar həm gənclərlə, həm də qadınlarla bağlı işlərin təşkili üçün müvafiq tapşırıqlar verilib. Bu günlərdə YAP Qadınlar Şurasının rayon və şəhər təşkilatlarının sədrlərinin iştirakı ilə keçirilən toplantıda Qadınlar Şurasının ötən konfransından sonrakı fəaliyyətinin qurulması istiqamətində fikir mübdiləsi aparıldı, iş planının tərtibi və oraya daxil ediləcək məsələlər ətrafında çox geniş müzakirə oldu. Eləcə də, bələdiyyə seçkilərinə hazırlıq və bu seçkilərdə qadınların istər aktiv, istər passiv seçki hüququnun reallaşdırılması işində yaxından iştirakı və onların partiya daxilində, eləcə də ictimai-siyasi həyatda proseslərə geniş cəlb olunması müzakirə olundu. Hesab edirəm ki, toplantıda kifayət qədər sanballı və faydalı müzakirələr oldu və qadınların da çox yüksək əhval-ruhiyyə ilə seçki prosesində iştirak edəcəyi qənaətinə gəldik". B. Muradova onu da bildirib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da seçki təşkilatçılığının əsas yükü qadınların çiyinlərinə düşür. İstər komissiyalardakı işin reallaşdırılması, istər təbliğat-təşviqat işində, istərsə də ayrı-ayrı namizədlərin işinin təşkil olunmasında, seçki kampaniyalarında qadınların böyük rolu var: "Sadəcə, biz bu rolun düzgün və sistemli şəkildə əlaqələndirilməsinə və nəticələrin elə qadınların özləri üçün uğurlu olmasına çalışırıq. Hesab edirəm ki, bu dəfə də namizədlərimizin sayı kifayət qədər çox olacaq. Çünki ötən 5 ildə seçilmiş namizədlərimizin uğurlu fəaliyyəti bizə digər qadın namizədlərin də özlərini bu posta layiq və güclü bilmələri üçün müvafiq qərar qəbul etmələrinə imkan verir. Qadınlar hər hansı vəzifəni qəbul etmək üçün çox düşünürlər, ancaq onu qəbul edəndən sonra çox yüksək səviyyədə yerinə yetirirlər. Ona görə də, hesab edirəm ki, seçkili orqanlarımızda təmsil olunan qadınların rolu və fəaliyyəti digər qadınları da bu işə ruhlandırır və biz çoxsaylı namizədlərin iştirakının şahidi olacağıq. Əlbəttə ki, nə qədər çox namizədimiz olacaqsa, onların içərisindən daha çoxlarının seçilmək şansı var. Bu səbəbdən, kişiləri də bu məsələdə qadınların işinə dəstək verməyə çağırırıq. Çünki qadınların bələdiyyələrdə iştirakı bütün mənalarda bu işin daha səmərəli, faydalı və müsbət nəticələrlə yadda qalmasına şərait yaradır".
Alim, Cəmilə Əhmədova