Əli Hüseynli: “Dövlət başçısının sərəncamı siyasi və hərbi baxımdan böyük əhəmiyyət kəsb edir”

Dövlət başçısı İlham Əliyevin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" Sərəncamı ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanıb. Sənədin əhəmiyyəti və nəzərdə tutlan tədbirlərin həyata keçirilməsinin müsbət nəticələr verəcəyi şübhə doğurmur. Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" imzaladığı Sərəncam siyasi və hərbi baxımdan böyük əhəmiyyət kəsb edir. Bu sərəncam həm yerli, həm də beynəlxalq ictimaiyyət üçün ciddi mesajlar verir. Sənədin siyasi əhəmiyyəti ondan ibarətdir ki, Qarabağ məsələsində Azərbaycanın mövqeyi qətiyyətli və birmənalıdır: "Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı sülh danışıqlarının getməsinə baxmayaraq, cəbhədəki son gərginlik problemin çox ciddi olduğunu bir daha göstərdi. Proseslər onu deməyə əsas verir ki, danışıqlar öz bəhrəsini verməsə, ölkəmizin ərazi bütövlüyü təmin olunmasa, Azərbaycan beynəlxalq hüquqa söykənərək hərbi yolla torpaqlarını işğaldan azad edəcək. Hamı anlamalıdır ki, mövcud status-kvo davam edə bilməz. Azərbaycan iqtisadi imkanlarından hərbi gücünü və təhlükəsizliyini gücləndirmək məqsədilə istifadə etməkdədir. Bu, indiki situasiyada işğalçı tərəf üçün ciddi mesajdır. Bütün beynəlxalq ictimaiyyət bunu bilməlidir". Dövlət başçısının sərəncamının hərbi baxımdan əhəmiyyətinə gəlincə, millət vəıkili qeyd edib ki, sənəddə mühüm məsələlər nəzərdə tutulur. Əhalinin cəbhə bölgəsində sayıqlığını artırmaq üçün könüllülərdən ibarət patrul dəstələrinin formalaşdırılması çox əhəmiyyətlidir. Çünki bəzi hallarda erməni hərbi birləşmələri dinc əhalini hədəfə alır. Bunun nəticəsində öz təsərrüfatında çalışan insanlar, hətta uşaqlar da həlak olurlar: "Bu hallar bütövlükdə Azərbaycan ictimaiyyətini narahat edir. Fikrimcə, sərəncamın bu hissəsi həmin problemlərin qarşısını almağa yönələcək. Çünki əhalinin özü artıq müdafiə prosesində könüllü iştirak edəcək. Eyni zamanda, bu vəziyyət müharibə şəraitində olan ölkənin əhalisinin bu şəraitə daha yaxşı hazırlığını gücləndirəcək. Ona görə də, patrul dəstələrinin yaradılması vacib məsələdir". Onun sözlərinə görə,1994-cü ildə qəbul olunmuş "Hərbi vəziyyət haqqında" qanunun yeni redaksiyada işlənməsinin nəzərdə tutulması da günün tələbidir. Qanunun qəbul olunmasından 20 il keçib. Nəzərə almalıyıq ki, həmin illərdə cəbhədə aktiv hərbi əməliyyatların getməsi ilə yanaşı, ölkədə ictimai-siyasi sabitlik də tam bərqərar edilməmişdi: "Ötən 20 il ərzində Azərbaycanın müdafiə imkanları artıb, iqtisadiyyatımız güclənib, geopolitik durum çox dəyişib. Ona görə də, "Hərbi vəziyyət haqqında" qanunun yenilənməsi çox vacibdir. Ümumiyyətlə, biz 1990-cı illərin əvvəlində qəbul olunmuş bir çox qanunlara yenidən baxmalıyıq. Dövlət başçısının sərəncamında qanunvericiliyə dair verilən tövsiyələr də aktualdır". Komitə sədri əlavə edib ki, cəbhə bölgəsi ilə əlaqədar kütləvi informasiya vasitələrində yayılan informasiyalar da həssas məsələdir. Bununla əlaqədar ölkə Prezidentinin sərəncamında mühüm məqamlar əksini tapır: "Hələ bir müddət öncə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yanında dövlət qurumlarının mətbuat xidmətinin rəhbərləri və KİV təmsilçiləri ilə keçirilən toplantıda kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə cəbhə bölgəsi ilə bağlı qanunların imkan verdiyi çərçivədə məlumatların yayılması tövsiyə edilmişdi. Çünki bir sıra məlumatlar düşmən tərəfindən istifadə oluna bilər. Buna görə də, KİV-lərin, ümumilikdə vətəndaşların "Dövlət sirri haqqında" qanunun tələblərinə riayət etməsi ilə bağlı sərəncamdakı müddəa böyük əhəmiyyət kəsb edir. Hesab edirəm ki, bu sərəncamda, eləcə də verilən tövsiyələrdə irəli sürülən məsələlərin yerinə yetirilməsi təkcə dövlət orqanları üçün deyil, bütün əhali üçün vacibdir. Biz millət vəkillərinin üzərinə düşən vəzifə isə bu sərəncamdan irəli gələn məsələlərdə, xüsusilə təbliğat işlərində öndə olmaqdan ibarətdir. Biz, xüsusilə cəbhə bölgəsinə yaxın olan dairələrdən seçilmiş deputatlar dövlət başçısının bu sərəncamının ən fəal təbliğatçılarına çevrilməliyik".

Alim, İradə Əhmədova
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00