Müsavatda parçalanma başlandı

Qubad İbadoğlu Vurğun Əyyubla birgə yeni partiya yaradır

Müsavat partiyasında baş verənlər haqqında verilən bədbin proqnozlar özünü doğruldur. Partiyanın başqan dəyişikliyindən itki ilə çıxmasını istəməyənlərin nikbinliyini bölüşmək olmur. Çünki partiyada baş verənlər 2000-ci ildə AXCP-də, 2002-də KXCP-də baş verənlərini oxşarıdır. AXCP-də də belə olmuşdu-lider itkisi boşluqla nəticələnmiş, partiyada ikitirəlik yaranmışdı. Klassiklər sədrinin birinci müavini, faktiki sədr Əli Kərimlinin qəbul etmədilər. Çünki Əli Kərimli birinci müavinlikdə möhkəmlənmək üçün klassiklərin əksəriyyəti ilə düşmən olmuşdu, onları sıxışdırmışdı. Eyni proses Müsavatda da gedib. Arif Hacılı indi onu qəbul etməyənləri sıxışdırmışdı, onlara qalib gəlib partiyada faktiki ikinci şəxs kimi möhkəmlənmişdi. Budur, ondan narazılar birləşiblər, onun başqanlığını tanımırlar.  Narazılara Qubad İbadoğlu başçılıq edir. Narazıların arasında Vurğun Əyyub, Hikmət Hacızadə, Ellada Məmmədli kimi şəxslər var. Bir neçə gün bundan öncə pariyanın qərargahında toplaşmış narazılar gələcək planlarını müəyyən ediblər. O toplantıdan nəyin müzakirə olunduğu önəmli deyil. Partiyadan çıxmaq, yeni partiya qurmaqdan bəhs olunmur hələ. Amma başqanın, mənəvi liderin, seçkili orqanların iradəsi dışında toplanmaq artıq parçalanmanın ilk əlaməti sayıla bilər. Narazıların heç biri Arif Hacılının başqanlığını qəbul etmir. Bu, açıq-aşkar  Müsavat qurultayının qərarına hörmətsizlikdir. Narazılar heç yerə getmirik deyirlər, ancaq faktiki olaraq seçilmiş qurumların, başqanın fəalliyyətinə mane olurlar. Qubad İbadoğlunun başına toplaşmış narazılar aşkar şəkildə fraksiyaçılıqla məşğul olurlar. Bu fəalliyyət isə AXCP-nin təcrübəsindən bəllidir ki, heç kimə fayda verməyib. Gedişat partiyanın parçalanmasına aparır. Başqa yol yoxdur. Artıq narazılar İsa Qəmbəri belə saymır, qəbul etmirlər. Arif Hacılı yumşaq biri deyil. Yəqin ki, sərt addımlara əl atacaq, narazıların partiyadan çıxarılmasına qərar verəcək. Eynilə Xalq Cəbhəsindəki kimi. Gələn toplantılar üçün narazıları Müsavat qərargahına buraxmayacaqlar. Kənar bir yerdə toplantı isə artıq narazıları Müsavatdan uzaqlaşması deməkdir. Narazılar sırasında olan məşhurlardan Hikmət Hacızadənin sona qədər gedəcəyi inandırıcı deyil. Böyük ehtimalla, Hikmət bəy Arif Hacılı-İsa Qəmbər ittifaqının partyasında-Müsavatda qalacaq. Qalanları isə dönüşü olmayan yola çıxıblar. Yəqin ki, bu proses sonda yeni partiyanın yaranması ilə sonuclanacaq. Qurultayın nəticəsi göstərdi ki, tərəflərin gücü demək olar ki, bərabərdir. Ancaq qanuni başqanın üstünlükləri, resursları var. Rəsmi  təmsilçilik, qərargah onun əlindədir. Keçmiş başqan onu dətəkləyir. İsa Qəmbərlə Arif Hacılının qurultaydan həmən sonra Avropaya səfər etməsi onların narahatlığının sübutudur. Görünür, onlar Müsavatın parçalanacağını artıq hesablayıblar və beynəlxalq əlaqələri öz əllərində tutmaq üçün səfərə çıxıblar. Yəqin ki, Müsavatın üzv olduğu beynəlxalq təşkilatlar Arif Hacılının legitimliyini tanıyacaqlar. Qubad İbadoğlu və tərəfdarlarının gələcək hərəkətlərinə gəlincə, onlar Müsavat adında qurultay keçirib bir müddət bu ada iddia edəcəklər. Sonra isə adlarını dəyişib, başqa adla fəalliyyətə başlayacaqlar. 

Ərhun Abbas
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00