Bölgədə marağı olan qüvvələr Azərbaycana təzyiq etməyə çalışırlar
8 Oktyabr 2014 15:04 Siyasət"Azərbaycanın həssas region olan Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasında rolu və əhəmiyyəti artmaqdadır. Regionun lider dövləti kimi Azərbaycan bu bölgənin siyasi, iqtisadi atmosferinin formalaşmasında həlledici təsirə malikdir". Bunu deyən millət vəkili, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin sözlərinə görə, məhz bu imkanlarından yararlanaraq ölkəmiz daxili sabitlik və çoxşaxəli xarici əlaqələr əsasında bölgədə sülh və sabitliyin təmin olunmasında öz mövqeyini konkret fəaliyyəti ilə ortaya qoyur: "Azərbaycan başqa dövlətlərlə münasibətdə suveren hüquqlara hörmət və qarşılıqlı etimad prinsiplərini rəhbər tutur. Bu, həm də ölkəmizin müstəqil inkişafından və öz gücünə arxalanmasından irəli gələn bir məsələdir. Azərbaycanın kənar təsirlərə tabe olmadan müstəqil siyasət yeritməsi, öz yolu ilə irəliləməsi ölkənin siyasi nüfuzunu artırır. Məhz respublikamızın beynəlxalq siyasi nüfuzunun durmadan artmasının nəticəsidir ki, ölkəmizin dövlətlərarası və regional münasibətlərdə fəaliyyəti xarici ekspertlər və siyasi analitik mərkəzləri tərəfindən yüksək dəyərləndirilir. Bütün bunlar ölkənin milli mənafeyi ilə dövlətlərarası münasibətlərin etik və hüquqi cəhətlərinin keyfiyyətli uzlaşdırılması sayəsində mümkün olub". Onun sözlərinə görə, Azərbaycanın bölgədəki siyasəti regionun siyasi, iqtisadi gələcəyinə əhəmiyyətli dərəcədə təsir etmək gücündədir. Bu isə o deməkdir ki, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi və xarici əlaqələrinin genişlənməsi təkcə ölkəmiz üçün deyil, bütövlükdə regionun stabil inkişafı baxımından çox böyük önəm daşıyır. Avratlantik məkana sürətlə inteqrasiya edən respublikamızın regionun siyasi, iqtisadi həyatındakı əvəzedilməz rolu bölgənin inkişaf perspektivlərinin yüksəlməsinə yardım edir: "Əlbəttə, bu siyasət normal əməkdaşlığa və tərəfdaşlığa əsaslansa da, bölgədə marağı olan bəzi xarici qüvvələr bütün bunlardan qıcıqlanır. Onlar Azərbaycana təzyiq etməyə çalışır, müstəqil siyasət yürütməsinin qarşısını almağa cəhd edirlər. Avropa Parlamentinin qəbul etdiyi son qətnamə məhz bu faktorla əlaqədardır.
Hesab edirəm ki, bütün bunların hamısı Azərbaycanın artan imicinə zərbə endirmək cəhdləridir və erməni lobbisi tərəfindən dəstəklənən xarici qüvvələrin işidir. Amma buna baxmayaraq, Azərbaycanın müstəqilliyinə heç bir təhdid yoxdur, ölkəmiz, o cümlədən, iqtisadiyyatımız çox güclüdür. Bu qüvvələrin yalnız buna imkanı çatır ki, hansısa formada Azərbaycanın demokratik inkişafı, insan hüquqları sahəsində vəziyyətə, bir sözlə ölkəmizin təmiz imicinə zərər gətirməyə cəhd göstərsinlər". Komitə sədri əlavə edib ki, ölkəmiz nə Avropa Birliyinin, nə də Avropa Parlamentinin üzvü deyil. Buna baxmayaraq, Azərbaycan digər bir neçə ölkə ilə birlikdə Şərq tərəfdaşlığı prosesində aktiv iştirak edir. Bu qonşuluq siyasəti, Şərq tərəfdaşlığının elementlərindən biri də parlament ölçüsüdür. Artıq xeyli müddətdir AVRONEST yaradılıb. Bu o deməkdir ki, Azərbaycanın da parlamentariləri Avropa Parlamentinin deputatları ilə vahid bir qurumda fəaliyyət göstərir: "Eyni zamanda, biz bu quruma, Parlament Assambleyasına qatılanda bir sıra təkliflərimizi, iradlarımızı da bildirmişdik. Onlardan biri ondan ibarət idi ki, ölkələrlə bağlı hansısa məsələ müzakirə ediləndə, qərarlar qəbul olunanda rahat bir kommunikasiya olacaq, yəni milli parlament nümayəndələri Avropa Parlamenti ilə birbaşa əlaqədədir, katibliyimiz mövcuddur, hansısa mübahisəli məsələləri araşdırmaq mümkün olacaq. Amma görünən odur ki, müəyyən beynəlxalq güclər siyasi korrupsiyaya bulaşmış şəxslər vasitəsilə bu cür əsassız sənədlər qəbul etməkdə davam edirlər. Bu isə normal əməkdaşlıq prinsiplərinə ziddir. Hesab edirəm ki, Avropa Parlamentinin bu qətnaməsi əvvəl qəbul olunan bu tipli sənədlərin davamı olaraq tamamilə həqiqətdən uzaqdır. Mən əvvəllər də bildirmişəm ki, Avropa Parlamenti Azərbaycanla bağlı, burada baş verən hadisələr, insan haqları, demokratiya, iqtisadi proseslər, istənilən məsələ ilə bağlı hər hansı qərar qəbul etməmişdən öncə özünün yaratdığı AVRONEST-dəki bizim katibliklə, nümayəndə heyəti ilə hansısa diskussiyalar aparmalı, məlumatlar əldə etməli və əsaslandırılmış qərarlar qəbul etməlidir. Bu fikrimi avropalı parlamentariləri ilə də görüşlərimizdə bildirmişəm. Amma təəssüf ki, hələ də belə qeyri-obyektiv yanaşma davam edir".
Alim