“Müsavatın qurultayında qanun pozuntuları vardı”
Elçin Mirzəbəyli: “Vurğun Əyyubun partiyadan uzaqlaşması və digər funksionerlərin kənarda dayanmalarının səbəblərindən biri də budur”
8 Oktyabr 2014 14:28 SiyasətBAXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli Müsavat Partiyası daxilində başlayan parçalanmaya münasibət bildirib. Müsavatda parçalanmaların çoxdan başladığını deyən E.Mirzəbəyli qeyd edib ki, ayrı-ayrı zamanlarda insanlar qrup şəklində partiyanı tərk ediblər. BAXCP rəsmisinin sözlərinə görə, onların arasında öz partiyalarını yaradanlar var: "Hazırda yeni partiya yaratmaq istəyən müttəfiq qruplar da mövcuddur. Son hadisələr isə Müsavatın növbəti dəfə parçalanması kimi qiymətləndirilməlidir. Bu gün formalaşmış müxtəlif qruplaşmaları birləşdirəcək faktor yoxdur. Proseslər bir daha Müsavatın bu günə qədər iddia olunduğu kimi müsavatçılıq ideyası ətrafında yaranmadığını sübut edir". Elçin Mirzəbəyli hesab edir ki, partiyanın əsas funksionerlərini bir arada tutan əsas faktor İsa Qəmbər olub. E.Mirzəbəyli vurğulayıb ki, İ.Qəmbər başqanlıqdan gedən kimi bütün problemlər və çatlar ortaya çıxdı. Qubad İbadoğlu və Arif Hacılı arasındakı qarşıdurmanın uzun illər davam etdiyini deyən BAXCP rəsmisi: "Vurğun Əyyubun Müsavatdan uzaqlaşması və digər funksionerlərin kənarda dayanmalarının səbəblərindən biri də budur. Müsavatda yaranmış çat son qurultayla bağlı deyil. Bu uzun illər davam edən qarşıdurmanın pik nöqtəsidir. İndiki şəraitdə Müsavatın öz birliyini qoruyub saxlayacağı inandırıcı deyil" - deyə bildirib. Elçin Mirzəbəyli qeyd edib ki, Müsavat daxilindəki parçalanma qurultayda baş verən qanun pozuntuları ilə əlaqədardır. O, tərəflərin qurultayda məsələnin hüquqi müstəvidə həll olunacağına ümid etdiklərini bildirib: "Əksinə olaraq, son nəticədə qurultayda qanun pozuntuları qeydə alındı. Yəni problemlərdə daha çox qurultay faktoru rol oynayır". ("OLAYLAR" İA)