IV Bakı Beynəlxalq Humanitar Forumu işini dəyirmi masalarla davam etdirib

Dəyirmi masalarda Qarabağ problemi və Xocalı soyqırımından da danışılıb

Oktyabrın 2-də start götürən IV Bakı Beynəlxalq Humanitar Forumu öz işini ayrı-ayrı sessiyalar və dəyirmi masalarla davam etdirib. Dünən forum çərçivəsində "Multikulturalizmin müqayisəli tədqiqləri: nəzəriyyədən humanist təcrübəyə doğru" mövzusunda dəyirmi masa da keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla ölkəmizdə bu sahədə mövcud olan vəziyyətdən danışıb. Bildirib ki, 2014-cü il fevralın 28-də Azərbaycanda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi təsis edilib, 2014-cü il 15 may tarixində Prezident İlham Əliyev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında sərəncam imzalayıb. Dövlət müşaviri dəyirmi masa iştirakçılarının diqqəttinə çatdırıb ki,  Azərbaycanda multikulturalizm ənənələrinin inkişafı və möhkəmlənməsi üçün bütün zəruri siyasi və sosial şərait yaradılıb: "Azərbaycanda müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin sərbəst yaşamaları üçün bütün zəruri şərait yaradılıb. Müasir Azərbaycanda multikulturalizmin möhkəmləndirilməsi və saxlanmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xüsusi rol oynayıb. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir". Dövlət müşaviri deyib ki, Azərbaycanda siyasi multikulturalizmin banisi Heydər Əliyevdir. Onun sözlərinə görə, Azərbaycanda multikulturalizm atmosferinin saxlanması üçün ölkə rəhbərliyi beynəlxalq təşilatlarla, o cümlədən BMT, ATƏT, İƏT və Aİ ilə sıx əməkdaşlıq edir. Dəyirmi masada çıxış edən Latviyanın sabiq prezidenti Valdes Zatlers deyib ki, çoxmədəniyyətli cəmiyyətin yaxşılaşdırılmasının ən vacib məqamı cəmiyyətdə dialoq və sülhdür: "Əgər biz mədəniyyətdən danışırıqsa, bizlərdən hər birimiz müəyyən situasiyalarda mədəniyyət haqqında müxtəlif baxışlara malik oluruq. Əgər mədəniyyət anlayışının tərifi nöqtəsinə qayıtsaq, biz tədqiqat aparmışıq, respondentlərimizin 85 faizi multikulturalizmin mühüm elementləri anlayışı kimi ailəni göstərirlər. Məhz ailə çoxmədəniyyətli cəmiyyətin əsasını təşkil edir". Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov çıxışında Bakının Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması ilə bağlı seçimi qanunauyğun olduğunu söyləyib. Mərkəz rəhbəri deyib ki, Azərbaycan çoxəsrlik multikulturalizm, tolerantlıq və dözümlülük ənənələrinə malikdir. Məhz buna görə Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması gözlənilməz olmadı". Onun sözlərinə görə, multikulturalizm Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biridir və dövlət bu məsələyə xüsusi diqqət ayırır. Azad Məmmədov bildirib ki, Azərbaycanda etnik qrupların dəstəklənməsinə, onların dillərinin saxlanmasına və inkişafına kömək edəcək layihələr həyata keçirilir: "Azərbaycan digər ölkələrlə mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlığa açıqdır və hazırdır". Dünən həmçinin IV Beynəlxalq Humanitar Forumu çərçivəsində "Davamlı inkişaf və ekoloji sivilizasiya" mövzusunda " dəyirmi masa da keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov "dəyirmi masa"da 20 ölkədən 40 nəfərin iştirak etdiyini bildirib. Urxan Ələkbərov qeyd edib ki, paytaxt Bakı növbəti dəfə nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi edir. Dəyirmi masanın məruzəçilər bildiriblər ki, bu tədbir dünyanı narahat edən problemlərin müzakirəsi və fikir mübadiləsi aparılması üçün yaxşı şərait yaradır. Tədbirdə Heydər Əliyev Fondunun ətraf mühitin qorunması istiqamətində həyata keçirdiyi tədbirlər xüsusi vurğulanıb. Çıxışlarda qeyd edilib ki, ekoloji çirklənməni yaradan insan amilidir. Biz çalışmalıyıq ki, birgə səylərlə gələcək nəsillərə təmiz bir dünyanı miras qoyaq. Gələcək nəsillər ekoloji mühitin qorunması istiqamətində məlumatlı olmalıdır. Forumun "Humanizm postmodern dövrün başlıca dəyəri kimi" mövzusunda dəyirmi masası çərçivəsində ilk olaraq "Prioritetlərin dəyişməsi: yeni universializmin formalaşması və tolerantlığın mühüm mənəvi dəyər kimi irəli sürülməsi" adlı sessiya olub. Sessiyada 27 ölkədən 51 nümayəndə iştirak edib. Florensiya Universitetinin sabiq rektoru Paolo Blazi çıxışı zamanı deyib ki, qloballaşma insanların mobilliyindən yaranıb. Onun sözlərinə görə, insanların bir-biri ilə daha çox əlaqədə olması siyasi proseslərə təsir edir. Ona görə də dövlətlər yeni çağırışlarla üzləşiblər. Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Yefimoviç Şvıdkoy bu gün dünyada hər kəsin tolerantlıq, multikultiralizmin nə demək olduğunu bildiyini, ancaq müasir dövrdə həmin sözlərin, dəyərlərin mənasını itirdiyini vurğulayıb: "Tolerantlıq bəzi dairələrdə mənfi reaksiya yaradır. Rus dilində dözümlülük və tolerantlın sinonim kimi qəbul edilir. Çünki dözümlülük passiv mövqe, tolerantlıq aktiv yanaşmadır".  Terror qurbanlarının hüquqlarının qorunmasını zəruri sayan Roma Apelyasiya Məhkəməsinin baş vəkili Antonio Marini bildirib ki, yalnız dövlətlərin və qurumların insan hüquqlarını poza bilməsi fikri qəbuledilməzdir: "Hər bir dövlətin borcu vətəndaşlarını terrorizmdən qorumaq üçün vacib addımlar atmaqdır.  Azərbaycan Dillər Universitetinin prorektoru Jalə Qəribova deyib ki, tolerantlıq heç də sakit oturmaq kimi başa düşülməməlidir: "Radikal qüvvələr tolerantlıqdan istifadə edə bilərlərmi? Ona görə də tolerantlıq anlayışı çox mürəkkəbdir". ABŞ-ın Hartford Universitetinin fəxri prezidenti və humanitar elmlər üzrə professor Hamfri Tonkin qeyd edib ki, bu gün inqilab yaşanır, analoqu olmayan sayda biliklər kompüter yaddaşında saxlanılır, internetdən çoxsaylı məlumatlar toplanır: "Dildən gözəl məqsədlə istifadə etmək olar. Ancaq dil insanı çaşdıra bilər, biz sözə görə məhkəməyə üz tuturuq, müharibələr baş verir. Dili itirmək kollektiv düşüncəni itirmək deməkdir. Hər şeyi ingilis dilinə çevirib, digər dilləri kölgəyə atmaq olmaz. Yeni dünya yaradarkən çoxdilli ünsiyyətə üstünlük verməliyik". İtaliya Yəhudi İcmaları İttifaqının müşaviri Viktor Maqyar planetin böyük kənd olduğunu bildirib. Onun sözlərinə görə, texnoloji inkişaf dünyanı dəyişir, kütləvi miqrasiya baş verir və bu da qloballaşmaya gətirib çıxarır: "İnsana hörmətdən, tolerantlıqdan başqa hər şey qloballaşır. Bu, ziddiyyət yaradır. Peyk televiziyası və İnternet bizə dünyanın görüntüsünü təqdim edir, insanların arzularını söz və görüntülərlə bizə çatdırır. Bu böyük kənddə yüzlərlə dillər, mədəniyyətlər, mentalitetlər var. Ona görə də sadə sözlər, universal dəyərlər tapmalıyıq ki, insanlar bir-birləri ilə asan ünsiyyət qursun. Əgər insan hüquqlarından başqa hər şey qloballaşırsa, biz çıxış yolu tapmalıyıq. Yaşadığımız dünyanı mürəkkəbləşdirməməliyik, humanizm gözəl dəyərdirsə, buna önəm verməliyik. Birgə yaşayış qaçılmazdır və buna praqmatik mövqedən yanaşmalıyıq". IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meylləri" adlı dəyirmi masa da keçirilib. Azərbaycan Dövlət teleqraf Agentliyinin (AzərTAc) baş direktoru Aslan Aslanovun sədrliyi ilə keçən tədbirdə xarici və yerli mütəxəssislər, media nümayəndələri, dövlət qurumlarının mətbuat xidmətinin rəhbərləri iştirak ediblər. Aslan Aslanov Azərbaycanda mətbuat və söz azadlığının yüksək səviyyədə təmin olunduğunu diqqətə çatdırıb, Onun sözlərinə görə, hazırda bütün dünyada internet media artıq klassik medianı sıxışdırmağa başlayıb. Malayziyanın BERNAMA agentliyinin baş direktoru Yonq So Heonq bildirib ki, XXI əsrdə ekstremizmə yol yoxdur: "Bunun qarşısını almaq üçün fəlsəfi və dini ənənələri gücləndirmək lazımdır. Xorvatiyanın sabiq prezidenti Stepan Mesiç bildirib ki, media mənsubları ikili tələyə düşürlər: "Bir tərəfdən onları informasiya əldə etmək maraqlandırır. Digər tərəfdən, onlar nəyin obyektiv və tərəfsiz verilməli olduğunu unudurlar. İnformasiya verilir, biz onun informasiya olduğunu təsdiq etməyə bilmərik. Lakin informasiya bir tərəfdən daxil olursa, digər tərəfdən bloklanır". İtaliyanın AGİ agentliyinin baş icraçı direktoru Gianni Di Giovanninin fikrincə, xəbər agentliklərinin peşəkarlığı zəmanət verir ki, istənilən məlumat iki dəfə yoxlanılsın: "Biz böyük keçidin yalnız əvvəlindəyik. Bu dövr bizim səhvlərimiz üçün sınaq dövrüdür. Gələcək həmin gələcək özü üçün təsəvvür edənlərə məxsusdur". Türkiyə Jurnalistlər Federasiyasının (TJF) prezidenti Atila Sertel çıxışına Azərbaycan torpaqlarının işğal olunması və Xocalı sakinlərinin soyqırıma məruz qalması faktını xatırlatmaqla başlayıb. O, xüsusilə qadın və uşaqların amansızcasına qətl edilməsinin qəbuledilməz olduğunu və ədalətin bərqərar olmasına ehtiyac duyulduğunu qeyd edib: "Azərbaycan Qarabağ və Xocalı kimi faciələrin acısını yaşayır. Xocalıda yüzlərlə ailə qətlə yetirilib. Çox uşaq atasız, anasız qalıb. İndi həmin uşaqların 23 yaşı var. Onlar anasız böyüməli deyillər. Heç bir dövlət, heç bir  ürək məhəbbətsiz olmamalıdır". O qeyd edib ki, sülhə nail olmaq müharibə şəraitində yaşamaqdan daha çətindir: "Keçmişi keçmişdə saxlamaq, uşaqlara qayğı göstərmək, onların gələcəyi haqqında düşünmək lazımdır.

Füzuli
Cəmilə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00