Beynəlxalq təşkilatlarla işləməyin bir mənası varmı?

Oqtay Əsədov: “Hər dəfə onlara yaxınlaşmaq üçün can atırıq, lakin onlar bizə ikili münasibətlər göstərirlər”

Milli Məclisin payız sessiyası Azərbaycan himninin səslənməsilə öz işinə başladı. Sonra spiker Oqtay Əsədov parlamentin ötən sessiyadakı fəaliyyəti barədə məlumat verdi. O, həmçinin beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzli mövqe tutmalarını da dilə gətirib. Qeyd edib ki, qətnamənin qəbul edilməsində iştirak edən 46 nəfərdən 25-i Azərbaycanda heç vaxt olmayıb. Səsvermə 756 deputatın arasında 46 deputatın təklifi ilə keçirilib: "Dövlət başçısı İlham Əliyevin yürütdüyü siyasət düzgündür. Bununla da heç bir kənar qüvvələr müstəqil siyasətimizə təsir edə bilməyəcək. Həmin təşkilatla ənənəvi olaraq əməkdaşlıq edirik. Bu əlaqələri inkişaf etdirmək üçün də Avronest PA yaratdıq. Təəssüf ki, Avropa Parlamenti Azərbaycanla parlament məsləhətlərini inkişaf etdirmək əvəzinə, yaratdıqları təşkilatları geridə qoyurlar. Buna görə də istədikləri qətnamələri qəbul edirlər". Spiker çıxışı zamanı bu kimi qətnamələrə qarşı bəyanat qəbul etməyin zərurililiyini də vurğulayıb: "Bununla bağlı xüsusi redaksiya komissiyası yaradılsın. Komissiyada Avronest PA-nın nümayəndələri də olmalıdır. Biz də öz fikrimizi bildirməliyik. Müraciət edərək başa salmayılıyıq ki, gələcəkdə bu kimi təşkilatlarla işləməyin bir mənası varmı? Hər dəfə onlara yaxınlaşmaq üçün can atırıq, lakin bunun əvəzində onlar bizə ikili münasibətlər göstərirlər. Təklif edirəm ki, Valeh Ələsgərovun rəhbərliyi ilə redaksiya komissiyası yaradılsın. Üzvlər isə millət vəkilləri Yevda Abramov, Məlahət İbrahimqızı, Qüdrət Həsənquliyev və Xanlar Fətiyev olsun. Bəyanat hazırlansın və günün sonunda səsləndirilsin". Vitse-spiker Bahar Muradova bildirib ki, beynəlxalq təşkilatlar Azərbaycanın müstəqilliyini qəbul etmək istəmirlər: "Beynəlxalq təşkilatlarda iştirak edən və ən çox rəsmi şəxslərlə görüşən biri olaraq deyə bilərəm ki, orada qırmızı xəttlə keçən bir fikir var ki, Azərbaycan özündən razı siyasət yeridir. Həmin fikirdə olanlar bizim müstəqil siyasətimizi özündən razılıq kimi qəbul edirlər. Onların əsas istəyi bizi kiçik bir dövlət kimi cəzalandırmaqdır. Digər tərəfdən bu kimi addımların atılmasına səbəb ölkəmizin onların qarşısında alət olmamasıdır. Təbii ki, bu fərqi ayırd etmək elə də çətin deyil. Azərbaycan müstəqil ölkədir. Nə qədər ki, ölkəmizdə müxalifyönlü QHT-lər fəailiyyət göstərir, o zamana kimi belə siyahılar olub və bundan sonra da olacaq". Sədr müavini onu da əlavə edib ki, Azərbaycanın tutduğu yola heç kimin şübhəsi olmamalıdır: "Əgər şübhə olacaqsa, o zaman biz onların torlarına düşmüş olacağıq. Eyni zamanda beynəlxalq dairələrin və oradakı zərərli fəaliyyətlə məşğul olan bir sıra təşkilatların əlində alətə çevrilmiş olacağıq ki, bunu da nə xalqımız, nə də ölkəmiz istəmir. Bizim əsas istəyimiz odur ki, Azərbaycanda bu sahədə şəffaflıq olsun. Hər kəsin maliyyə qaynaqları açıq şəkildə göstərilməlidir". Millət vəkili Siyavuş Novruzov bildirib ki, bu kimi məsələlər Azərbaycan ictimaiyyətini ciddi narahat edir. Son bir aya nəzər salsaq görərik ki, Azərbaycana qarşı müxtəlif təzyiq metodları - bəyanatlar, müraciətlər qəbul edilir. Bir ölkənin ərazisində olan qeyri-hökumət təşkilatı ayrı-ayrı dövlətlər haqqında hesabat yayaraq şərtlər qoyur: "Eyni zamanda düzgün olmayan informasiya əsasında Azərbaycanla bağlı həqiqəti əks etdirməyən hesabatlar dərc edirlər. Bu baxımdan da mövqeyimizi sərt şəkildə sərgiləməliyik. Bütün görüşlərdə də məhz bu kimi işlərin şahidi oluruq". Millət vəkili Əli Hüseynlinin sözlərinə görə, Avropa Parlamenti Azərbaycanla bağlı qeyri-obyektiv qərar qəbul edib. Qətnamənin qəbul edilməsində iştirak edən şəxslərin əksəriyyəti nəinki Azərbaycanda olmayıblar, hətta onlar fəaliyyətə yeni başlayıblar. Amma kimlərinsə göstərişi ilə Azərbaycanın adına qərarlar qəbul edirlər. Bu onun göstəricisidir ki, əslində Avropa parlamentarizmi çökməkdədir. Sonra deputatlar MM-in payız sessiyasının qanunvericilik iş planını müzakirə ediblər. Deputat Siyavuş Novruzov deyib ki, siyasi partiyalar haqda qanuna dəyişikliklər edilməlidir. Millət vəkili Fəzail Ağamalı isə vətəndaş nikahında uşaq dünyaya gətirənlərin məsuliyyətinin müzakirəyə çıxarılmasını vacib sayıb. Təklif edib ki, bununla bağlı kişinin məsuliyyəti müəyyən edilməlidir. Deputat Sabir Rüstəmxanlı isə təklif edib ki, soyad sonluğu ilə bağlı məsələ qanun şəklinə salınsın: "Yeni doğulan uşaqlara indi də ov, yev yazırlar. Bu nə qədər davam edəcək? Bu məsələni bir dəfəlik həll edilməlidir. Hesab edirəm ki, Milli Məclis bu istiqamətdə öz qərarını verməlidir". Sonda Milli Məclisin iş planı səsə qoyularaq qəbul edilib.

Alim
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00