Azərbaycan Avropanın enerji təhlükəsizliyinin mühüm bir həlqəsinə çevrilib

"Əsrin müqaviləsi"nin 20 illiyi ərəfəsində Cənub Qaz Dəhlizinin təməlinin qoyulması Azərbaycanı yenidən dünyanın diqqət  mərkəzinə çevirdi. Təsadüfi deyil ki, bu gün bir sıra nüfuzlu xarici KİV-lər də məhz bu barədə yazır. AVRONEST Parlament Assambleyasının Enerji təhlükəsizliyi komitəsinin həmsədri, Milli Məclisin deputatı Fuad Muradov da hesab edir ki, bu, çox böyük və tarixi hadisə idi.  Onun sözlərinə görə, Azərbaycan hələ 1994-cü ildə "Əsrin müqaviləsi"ni imzalamaqla Avropanın enerji təhlükəsizliyinin mühüm  bir həlqəsinə çevrilib: "Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan "Əsrin müqaviləsi" Azərbaycanın XX əsrdə imzaladığı böyük müqavilədirsə, Prezident İlham Əliyev tərəfindən imzalanan "Cənub Qaz Dəhlizi" yeni əsrin, XI əsrin nəhəng razılaşmasıdır. "Cənub Qaz Dəhlizi" bu baxımdan, yürüdülən siyasətin davamı olmaqla eyni zamanda Prezident İlham Əliyevin siyasi iradəsinin təcəssümüdür.  Hələ 2011-ci ci ildə Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo arasında  keçirilən görüş zamanı "Cənub Qaz Dəhlizi" ilə bağlı Birgə Bəyannamə imzalanmışdı. Bu Azərbaycanla Avropa Komissiyası arasında çox mühüm sənəd idi. Orada təkcə enerji sahəsində deyil, ümumiyyətlə Azərbaycanla Avropa Birliyi arasında sosial-mədəni və digər istiqmətlər üzrə əməkdaşlıqdan bəhs edirdi". Millət vəkili deyir ki, Azərbaycan bu gün Avropanın ən böyük və etibarlı enerji tərəfdaşlarından biridir və təkcə iqtisadiyyata deyil, enerji təhlükəsizliyinə də öz töhfəsini verməkdədir: "Belə status isə ölkəmizin dünyada mövqeyini yüksəkltməklə yanaşı onun etibarlı tərəfdaş olaraq sambalının göstəricisinə çevrilib. "Cənub Qaz Dəhlizi" Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində yeni səhifə olmaqla ölkəmizə öz təbii sərvətlərini Avropa bazarlarına nəql etmək imkanı verəcək. Artıq uzun müddətdir ki, Azərbaycanın malik olduğu enerji ehtiyatlarının Avropanın təhlükəsizliyi istiqamətində istifadəsi haqqında müzakirələr gedirdi. Artıq Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas iştirakçı kimi fəaliyyət göstərir. Bu əməkdaşlıq artıq ona gətirib çıxarıb ki, Azərbaycan Avropa ölkələri ilə ən yüksək səviyyədə strateji əməkdaşlıq formatında öz fəaliyyətini davam etdirəcək". Fuad Muradovun sözlərinə görə, bu layihənin həyata keçirilməsi Avropanın Azərbaycanın enerji resurslarına çıxışını təmin edəcək: "Eyni zamanda, bu layihə Avropanın Azərbaycan arasında daha dərin iqtisadi əməkdaşlığa imkan verəcək. "Cənub Qaz Dəhlizi" həm Azərbaycanın iqtisadi inkişafına, həm də Avropanın enerji təhlükəsizliyinin təmininə töhfə olacaq". Millət vəkilinin sözlərinə görə, Avropa İttifaqı ilə Azərbaycan ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edir: "2006-cı ildə Brüsseldə imzalanmış "Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu" Azərbaycanla Avropa Birliyi arasında enerji əməkdaşlığının strateji xarakterini rəsmiləşdirib və bu tərəfdaşlığın daha da inkişaf etdirilməsi üçün əsas sahələri müəyyən edib. Bu baxımdan "Cənub Qaz Dəhlizi" yeni qaz mənbələrini təmin etməklə Avropanın enerji təhlükəsizliyini möhkəmləndirəcək. Enerji resurslarının nəqlinə başlandığı gündən diversifikasiya siyasətinə üstünlük verən Azərbaycanın atdığı qətiyyətli addımlar regionun və dünyanın enerji təhlükəsizliyini təmin edib, çoxşaxəli enerji marşrutları sisteminin yaradılmasına əlverişli zəmin yaradıb. Prezident İlham Əliyev tərəfindən aparılan bu siyasətin əsas uğuru Azərbaycanın da daxil olduğu Avropanın enerji təhlükəsizliyini təmin edəcək məkanın formalaşmasındadır. Bu siyasət artıq ona gətirib çıxarıb ki, bu gün Azərbaycan təkcə Avropa ölkələrinin deyil, bir çox böyük ölkələrin əsas tərəfdaşına çevrilib. Bu baxımdan yeni nəhəng enerji layihələrinin düşünlməsi və həyata keçirilməsi heç kimi narahat etməməlidir. Çünki biz Avropa Birliyinə vahid platforma kimi baxırıq. Bizim üçün Avropa Birliyi ölkələrinə enerji nəql etmək elə AB-nin enerji təhlükəsizliyinin təmin olunması deməkdir. Avropada bu siyasətin miqyasını çox gözəl başa düşürlər. Amma belə uğurlu strategiya müəyyənləşdirən ölkəmizin bədxahları da az deyil. Bizə məlumdur ki, Avropada Azərbaycanın müstəqil olaraq Avropa Birliyi ilə əməkdaşlığına mane olan bir neçə müxtəlif siyasi qruplar mövcuddur.  Onlar Azərbaycanın iqtisadi-sosial sahədə qazandığı uğurlarını, beynəlxalq maliyyə dairələrində Azərbaycanın etibarının yüksəlməsini həzm edə bilmirlər.Odur ki, Azərbaycanın müstəqil siyasəti, beynəlxalq çağırışlara müdrik yanaşması bu qrupları tez-tez hərəkətə gətirir". Millət vəkili hesab edir ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artması ölkəmizə marağı daha da gücləndirib: "Fikrimcə, bu əməkdaşlıq çərçivəsində Avropa ölkələri   Dağlıq Qarabağ münaqişəsinin həllinə də ciddi diqqət yetirməlidir. Çünki problemin həllinə bu ölkələrin təsir etmək imkanları böyükdür. Məlumdur ki,  sülh danışıqları prosesində Ermənistan bütün öhdəliklərinin yerinə yetirilməsindən boyun qaçırır. Bu, Ermənistanın gerçək siyasətidir və bu ölkənin hakimiyyəti bütün danışıqlardan qaçaraq vaxtı uzatmaq və vəziyyəti indiki kimi saxlamaq niyyətindədir. Beynəlxalq birlik işğalçı dövlətə qarşı ciddi addımlar atmalıdır. Biz də öz tərəfimizdən iştirak etdiyimiz bütün beynəlxalq tədbirlərdə Ermənistanın işğalçılıq siyasəti haqqında ətraflı məlumat veririk. Azərbaycan həmişə bütün beynəlxalq təsisatlardakı toplantılarda bütün torpaqlarımızın, o cümlədən Dağlıq Qarabağın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı məsələsini qaldırır".

Füzuli
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00