Lider cığal olanda
24 Sentyabr 2014 14:39 SiyasətMəşədi Cəfər
Müsavat Partiyasında başqanlıq mübarizəsi finişə yaxınlaşır. Sentyabrın 27-də bu partiyaya yeni başqan seçilməlidir. "Seçiləcək" demirəm, çünki bəylər elə qəzəblidir ki, qorxuram, bu vurhavurun axırı yaxşı olmaya. Çünki başqanlığa namizədlər, onların tərəfdarları elə qəzəblidirlər ki...Bir müddət bundan öncə başqan adayı Arif Hacılının qardaşı Mustafa Hacıbəyli təxminən belə bir sərt bəyanat vermişdi: "Başqanlıq Arif Hacılının haqqıdır. Ya başqan o olacaq, ya da Müsavatı dağıdacağıq". Dağıdacağıq söhbəti yox idi, ancaq bəyin açıqlamasından elə çıxırdı. Qardaş, adama deyərlər, Müsavatı sən qurmusan? Adamlar 20 ildir sənə görə qalıblar partiyada? Sən də minlərdən, fəal yüzlərdən birisən. Sənin kimi onlarla fəal var Müsavatda. İndi hamısı bəyanat versin, Müsavatı parçalamağa çalışsın? Bu nə məntiqdir? Budur sizin illərdi Azərbaycana gətirmək istədiyiniz tolerantlıq, demokratiya? Bu, tərtəmiz bolşevik davranış tərzidir. Görünür, Kommunist Partiyası ilə savaşa-savaşa onların xüsusiyyətini əxz etmisiniz-sadəcə xəbəriniz yoxdur. Hacılı qardaşlarının bu cür qəzəbli, qərəzli söhbətləri çox olub. Bir dəfə Milli Məclisdə böyük Hacılı hansısa qarabağlı deputata elə bu cür də dedi: "Mənim qardaşım sənin torpağında yaralanıb, canında qəlpə gəzdirir". Bax belə. Deməli, Arifin qardaşı Şuşada yaralanıbsa, Arifə söz demək olmaz. Düz, ya əyri. Deməli, Arifin qardaşı Şuşaya döyüşməyə sonradan bunu şuşalıların başına qaxmaq üçün gedibmiş. Mustafanın "ya Arif, ya heç kim" bəyanatı elə Arifin illər öncə parlamentdə dediyi sözə oxşayır. Bu o deməkdir ki, "biz iki qardaş İsa Qəmbərdən, Müsavatdan ötrü əziyyət çəkmişik. Demokratik seçki-zad bilmirik, kim-kimə səs verdi, umurumuzda deyil. Arif başqan olmalıdır, vəssalam". Adamlar unudurlar ki, Müsavat onlara görə güclənibsə, onlar da Müsavat da olduqları üçün belə populyardılar. Dahi Səməd Vurğunun sözü olmasın: Kəramət Hacılı soyadında olsaydı, Vaqif Hacıbəylinin Əhrar Partiyası da güclü olardı. Bu cür cığal bəyanatlar verən tək Hacılı qardaşları olsaydı nə vardı ki. Srağagün Tural Abbaslının tərəfdarlarından biri belə bir açıqlama verib: "Bizim aday seçilməsə, Müsavatın axırı yaxşı olmayacaq". Pah, adamın əli üzündə qalır. Ay oğlan, Hacılı qardaşlarını anladıq, bir neçə dəfə türməyə düşüblər. Bəs siz nə etmisiz axı? İşiniz-gücünüz mitinqdə bayraq qaldırmaq, poster daşımaq olub. Tural Abbaslını Müsavat cameəsi dışında tanıyan az adam var. İşdi də, birdən seçilmədi. İndi siz partiyanı dağıtmalısız? Yaxşı, tutaq ki belə oldu. Necə dağıdacaqsız? Partiya qarğıdan hörülmüş tərəcə, həsir-zaddı vurub dağıdasız?
Başqan adaylarının içində ən dözümlüsü, tolerantı, sadəsi elə Qubad İbadoğludur. Yazıq bircə dəfə də kimisə hədələməyib. Əksinə, bir dəfə dedi ki, adaylıqdan kiminsə xeyrinə geri çəkilə də bilər. Adamın təhsil aldığı, yetişdiyi mühit, həyat tərzi başqa şeydir də. O saat görünür ki, adam müəllimdi, ziyalıdır. Seçkiyə girir udmaq üçün, amma uduzacağı perspektivini də gözə alır, faciəyə çevirmir. Siyasi lider iddialı olar, ancaq cığal olmaz. Cığallıq hələ heç kimə fayda gətirməyib.