Spiker: “Azərbaycan öhdəliklərə hörmətlə yanaşır və onları ardıcıl olaraq həyata keçirir”
24 Sentyabr 2014 12:30 SiyasətMilli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının sədri xanım Ann Brasöru qəbul edib. Parlamentin sədri qeyd edib ki, müstəqil Azərbaycan Avropanın nüfuzlu beynəlxalq qurumları, o cümlədən Avropa Şurasının Parlament Assambleyası ilə əməkdaşlığa böyük önəm verir. Bu təşkilat üzv olduğumuz qurumlar arasında yeganə təşkilatdır ki, onun qarşısında müəyyən öhdəliklərimiz vardır. Biz bu öhdəliklərə daim hörmətlə yanaşmış və onları ardıcıl olaraq həyata keçiririk. Qanunların qəbulunda, onların təkmilləşdirilməsində Avropanın nüfuzlu qurumları ilə sıx əməkdaşlıq edirik.: "Bu gün Azərbaycanda demokratiyanın daha da dərinləşməsi, vətəndaş cəmiyyəti quruculuğunun dönməz xarakter alması üçün məqsədyönlü işlər görülür. Ölkəmiz hüquqi, dünyəvi dövlət quruculuğu yolu ilə inamla addımlayır. Biz gələcəkdə də Avropa Şurasının müvafiq qurumları ilə əməkdaşlığımızı davam etdirmək niyyətindəyik". Avropa Şurası Parlament Assambleyasının sədri xanım Ann Brasör təmsil etdiyi təşkilatın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu söyləyərək deyib ki, təşkilata üzv ölkələri birləşdirən bir çox ümumi dəyərlər vardır: "Biz hamı tərəfindən qəbul olunmuş prinsiplər əsasında əməkdaşlığımızı dərinləşdirmək niyyətindəyik".