Siyasi partiyalar beynəlxalq təşkilatları qınadılar
24 Sentyabr 2014 12:24 SiyasətBakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının prezidenti Ann Brasör Milli Məclisdə təmsil olunan siyasi partiya nümayəndələri ilə görüşüb. Görüşdə Avropanın bəzi qurumlarının ölkəmizə qarşı nümayiş etdirdiyi ikili standartlar əsas müzakirə mövzusu olub. Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirbi ki, Azərbaycanın 20 faiz ərazisinin Ermənistan tərəfindən işğal edilməsinə, bir milyondan artıq qaçqın və məcburi köçkünü olmasına baxmayaraq, ölkəmiz Avropaya inteqrasiya istiqamətində daim irəliləyir. Lakin Avropa Parlamenti bu günlərdə növbəti dəfə Azərbaycanla bağlı əsassız və qərəzli qətnamə qəbul edib. Həmin qətnamədə bir sıra məqamlarda AŞPA-ya da istinad olunub. Amma ölkəmizə qarşı təcavüz siyasəti həyata keçirən Ermənistanda insan haqları sahəsində vəziyyət acınacaqlı olsa da, bu ölkə əleyhinə heç bir tədbir görülmür. AŞPA sədrinin ölkəmizə səfəri çərçivəsində Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdikləri üçün həbs edilən bəzi şəxslərlə görüşmək istəyinə toxunan Siyavuş Novruzov cəbhə bölgəsində həlak olan insanların valideynləri və Xocalı soyqırımı qurbanlarının yaxınları ilə də görüşməyi məqsədəuyğun hesab edib. Deputat bildirib ki, bəzi şəxslər və QHT-lər gizli fəaliyyət göstərməklə bərabər, həm də külli miqrdarda vergidən yayınıblar. Bütün bunlara görə, həmin şəxslər dövlətin qanunları qarşısında cavab verməlidirlər. Biz Avropa təsisatları ilə hərtərəfli əməkdaşlığıa hazırıq, amma bu əməkdaşlıq qarşılıqlı hörmət və bir-birilərinin daxili işlərinə qarışmamaq prinsipi ilə həyata keçirilməlidir. Görüşdə iştirak edən siyasi partiya təmsilçiləri bildiriblər ki, Avropanın bəzi qurumlarının Azərbaycanla bağlı ədalətsiz mövqeyi cəmiyyətdə əsaslı olaraq qıcıq yaradır. Çünki bu təşkilatlar ölkəmizin əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ikili standartlardan yanaşırlar. Ukrayna hadisələrinə görə Rusiyaya sanksiya tətbiq edən həmin qurumlar 20 ildən çox müddətdə ərazimizi işğal altında saxlayan Ermənistana qarşı heç bir tədbir görmürlər. Ona görə də, bu qurumların hər hansı bir mövqeyi Azərbaycan cəmiyyətində ciddi qəbul olunmur.