Deputatlarımız AŞ PA-da Alt komitənin bərpasını tələb etdilər
24 Sentyabr 2014 12:22 SiyasətMilli Məclisdə Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti üzvlərinin qurumun ölkəmizdə səfərdə olan prezidenti Ann Brassörlə görüşü keçirilib. Qonağı salamlayan Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Azərbaycanın AŞPA ilə uğurlu əməkdaşlığından söhbət açdı, qarşılıqlı səfərlərin münasibətlərimizin inkişafında əhəmiyyətini qeyd edib. Millət vəkilləri, nümayəndə heyətinin üzvləri Rövşən Rzayev, Rafael Hüseynov, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Fazil Mustafa öz çıxışlarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın başına gətirdiyi bəlalardan danışıblar. Bildirilib ki, bu gərgin vəziyyət bütün region ölkələrini təhdid altında saxlayır. Münaqişə nəticəsində Azərbaycanın 20 faiz ərazisi erməni işğalı altındadır, 1 milyondan çox həmyerlimiz öz vətənində qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Azərbaycan tərəfi münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həlli prosesinə sadiqdir və Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında etimad mühiti yaradılması səylərini dəstəkləyir. Bu məqsədlə AŞPA-da vaxtilə yaradılan alt komitənin fəaliyyətinin bərpa edilməsinin vacibliyi vurğulanıb. AŞPA prezidenti Ann Brassör Azərbaycan nümayəndə heyətinin qurumdakı fəaliyyətini yüksək qiymətləndirib. Səfər çərçivəsində keçirdiyi görüşlərdən danışan qonaq bildirdi ki, müzakirə olunan mövzular Azərbaycandakı son vəziyyətlə bağlı müsbət təsəvvür yaratmağa imkan verib. Xanım qonaq ermənilərin qeyri-konstruktiv mövqeyinə baxmayaraq icmalar arasındakı görüşün təşkilinin münaqişənin həlli prosesində müsbət addım ola biləcəyinə ümid etdiyini də diqqətə çatdırıb.